Belarusda aerodrom yaxınlığında bir neçə partlayış baş verib. “Belaruski Hayun” və “Flagshtok” Telegram kanalları avqustun 11-də şahidlərə istinadla xəbər verib ki, ötən gecə Belarusun cənub-şərqindəki Qomel vilayətində Zyabrauka aerodromu yaxınlığında azı səkkiz partlayış səsi eşidilib.
Belarusun Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 10-da axşam 11-də bir hərbi maşının mühərriki alışıb, yanğının söndürülməsi üçün tədbirlər görülüb, xəsarət alan olmayıb.
"AzPolitika.info" xatırladır ki, Ukrayna hakimiyyəti dəfələrlə Rusiya Hava Qüvvələrinin Ukrayna ərazisinə hücum üçün bu aerodromdan istifadə etdiyini açıqlayıb. Ötən ay ordunun yaydığı məlumata görə, Rusiya bu aeroporta "İskəndər-M" və "S-400" mobil raket sistemləri yerləşdirib, onlardan Ukraynaya zərbələr endirir.
Avqustun 11-i Belarus hava qüvvələrinin iki gün öncə başladığı hərbi təlimlərin sonuncu günüdür. Belarus hakimiyyəti təlimlərin ikinci mərhələsinin 22-25 avqust tarixlərində Rusiyanın cənub-qərbində, Qazaxıstanla sərhəddə yerləşən Aşuluk hərbi təlim bazasında keçiriləcəyini bildirib.
Xatırladaq ki, iki gün öncə Ukraynanın işğal olunmuş Krım yarımadasında Rusiya hərbi bazasında partlayışlar törədilib, azı 9 Rusiya hərbi təyyarəsi dağılıb. Kiyev hücuma görə məsuliyyəti üzərinə götürməyib. Rusiyanın Müdafiə Nazirliyi isə Krımdakı Saki bazasının hücuma məruz qalmadığını, partlayışlara yanğın təhlükəsizliyi qaydalarının pozulmasının səbəb olduğunu açıqlayıb.
Belarus lideri Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya qarşı işğalını açıq dəstəkləyib. Belarus əsgərləri işğalda iştirak etməsələr də, Minsk Rusiya ordusunun onun ərazisindən Ukraynaya girməsinə, Ukrayna şəhərlərini bombalamasına imkan verib.