Ukrayna paytaxtı rəsmilərinin bildirdiyinə görə, Rusiya çərşənbə axşamı gecə saatlarında pilotsuz təyyarələrdən istifadə edərək, Kyivə hücum edib.
Şəhərin meri Vitali Kliçko Telegram kanalında sakinlərə "Sığınacaqlarda qalın" yazıb. Onun sözlərinə görə, pilotsuz təyyarələr Kyivin kənarındakı Troyeşina yaşayış məntəqəsinə doğru yönəlibmiş.
Kyiv hərbi administrasiyasının rəhbəri Sergey Popko Teleqram kanalında Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın hücumunu dəf etdiyini yazıb.
Hazırda dağıntılar və tələfatlar barədə məlumat yoxdur.
Kyiv, ətrafı və Ukraynanın bütün şərq hissəsi yerli vaxtla saat 22:00-dan etibarən hava hücumu təhlükəsi altındadır.
Çərşənbə axşamı məlum olub ki, cəbhə xəttinin yaxınlaşdığı, sakinlərin qış ehtiyaclarının təmin edilməsində çətinliklərlə üzləşdiyi üçün Ukraynanın hakimiyyət və yerli xidmət orqanları şimal-şərq Xarkiv vilayətinin əsas şəhəri və digər üç yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi barədə göstəriş verib.
Sərəncam Oskol çayının hər iki sahilində yerləşən dəmiryol qovşağı Kupyanska, eləcə də cənubda, digər böyük logistika mərkəzi olan İzyum şəhəri yaxınlığındakı şəhər tipli Borovaya kəndinə şamil edilib.
Bu arada, Ukrayna Beynəlxalq Dəniz Təşkilatına müraciət edərək, Rusiyanın atəşinin intensivləşməsi fonunda Odesa vilayətinin cənubundakı limanlara monitorinq missiyası göndərilməsini xahiş edib. Bu barədə çərşənbə günü Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sibiqa məlumat verib.
Son həftələr Rusiya qoşunları Ukraynanın liman infrastrukturuna raket hücumlarını artırıb. Oktyabrın 6-dan bəri bu hücumlar nəticəsində xarici bayraqlı 4 mülki gəmi zədələnib.
"Rusiya terrorunun artması fonunda Ukrayna Beynəlxalq Dəniz Təşkilatına dərhal beynəlxalq monitorinq missiyasının limanlara göndərilməsi xahişi ilə rəsmi müraciət edib" - deyə, Sibiqa "Şimal-Baltik Səkkizliyi" qrupunun iclasından sonra Odesada keçirilən brifinqdə bildirib.
Nazir Rusiyanın liman infrastrukturuna, taxıl anbarlarına və mülki gəmilərə hücumlarla qlobal ərzaq təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.
Ukraynanın məlumatlarına görə, son üç ayda Rusiya limanlara 60-a yaxın hücum həyata keçirib ki, nəticədə 300-ə yaxın liman infrastrukturu obyekti və 22 mülki gəmi ya zədələnib, ya da məhv edilib.