Husilərin videosunda yəmənli üsyançıların neft tankerinə bomba yerləşdirdikləri görünür
Yəmən husiləri cümə axşamı Qırmızı dənizdə Yunanıstan bayrağı altında üzən tankerə minərək, partlayışlar törətdiyini göstərən video yayımlayıb. Bu dənizə böyük neft sızması təhlükəsı yaradıb. Ekipaj tankeri bir neçə saat öncə tərk edib. Belə ki, dəmi, husilərin bir neçə dəfə hücumuna məruz qalıb.

Videoda "Sounion" neft tankerinin göyərtəsində bombalar partladığı zaman İranın dəstəklədiyi husilərin "Allahu Əkbər”, "Amerikaya ölüm", "İsrailə ölüm", "Yəhudilərə lənət", "İslama qələbə" şüarları səsləndirdiklərini görmək olub.

Bu, husilərin Qəzza zolağında davam edən İsrail-HƏMAS müharibəsi səbəbilə apardıqları kampaniya çərçivəsində son həftələrdə həyata keçirdikləri ən ciddi hücumdur. Bu hücum kampaniyası nəticəsində Qırmızı dənizdən hər il keçən 1 trilyon dollarlıq mal tranziti pozulub, münaqişənin hökm sürdüyü Sudan və Yəmənə bəzi humanitar yardımların çatdırılması dayandırılıb.

"Sounion" tankeri təxminən 1 milyon barel neft daşıyırdı. Husilər ilk dəfə tankerə avqustun 21-də odlu silahlar, mərmilər və pilotsuz qayıqdan istifadə edərək, hücum edib. Avropa Birliyinin Qırmızı dəniz əməliyyatı çərçivəsində fəaliyyət göstərən Fransız esminesi "Sounion" tankerini tərk edən 25 filippinli və rusiyalı ekipajını, 4 şəxsi mühafizəçini xilas edərək, qonşu Cibutiyə aparıb.

Cümə axşamı yayımlanan görüntülərdə "Kalaşnikov" tipli avtomatlarla silahlanmış maskalı şəxslərin ekipajın gəmini tərk etməsindən sonra "Sounion" gəmisinə mindikləri, partlayıcı qurğuları neft çənlərinə aparan göyərtə lyuklarına yerləşdirdikləri əks olunub. Videoda eyni vaxtda ən azı altı partlayışı görmək olar.

Görüntülər husilərin müəmmalı lideri Əbdül-Malik Əl-Hutinin şərhləri ilə yanaşı, Associated Press agentliyinin husilərin tankerə minərək, partlayıcı qurğular yerləşdirdiyi barədə daha əvvəl verdiyi xəbəri təsdiqləyib.

Husilərin nəzarətində olan SABA xəbər agentliyi Əl-Hutinin "Sounion"a hücumun "Amerikanın Fələstini dəstəkləyən yəmənlilərin əməliyyatlarının qarşısını aldığı ilə bağlı iddiasının yalan olduğunu göstərir" dediyi bəyanatını yayıb.

Qərb ölkələri və BMT "Sounion"dakı neftin sızmasının Qırmızı dənizdəki mərcan riflərinə və canlı təbiətə düzəlməz ziyan vura biləcəyi barədə xəbərdarlıq edib. ABŞ Dövlət Departamenti Husilərin yeni videosu ilə bağlı şərh istəyinə dərhal cavab verməyib. Bununla belə, Avropa İttifaqının bölgədəki dəniz qüvvələri "Sounion"dan neft sızmasının hələ müşahidə edilmədiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti