“İngiltərə və Fransa 1940-cı ildə Bakıda neft yataqlarını bombalamağı planlaşdırırdı”.
Referans.az xəbər verir ki, Rusiya Prezident Kitabxanası “Fransa Baş Qərargahının məxfi sənədləri” kolleksiyasından olan Fransadakı Müttəfiq Quru Qoşunlarının baş komandanı, general Moris Qamelenin Sovet İttifaqının məhv edilməsi planlarına dair notasını dərc edib.
Məqalədə bildirilir ki, İngiltərə və Fransa 1940-cı ildə Bakıda sovet neft mədənlərini bombalamaqla SSRİ-ni diz çökdürməyi və son nəticədə Sovet İttifaqının dağılmasına nail olmağı planlaşdırırdılar.
“1940-cı ilin əvvəllərində İngiltərə və Fransa Sovet İttifaqının o vaxt döyüşdüyü Finlandiyadan zərbələr endirmək, Leninqradı tutmaq, yerli sovet neft yataqlarını dağıtmaq, habelə SSRİ-yə qarşı müharibəyə başlamaq haqqında fundamental qərar qəbul etdilər. Bu qərarı İngiltərə və Fransanın hərbi rəhbərliyinin əsas rəsmi orqanı olan Ali Hərbi Şura verdi. Plana hər iki ölkənin baş nazirləri, Nevil Çemberlen və Eduard Daladier başçılıq edirdilər. Qafqazın neft mədənlərinə qarşı hərbi əməliyyatlar bu regionda neft sənayesini məhv etməyə yönəldilməli idi. Yerüstü əməliyyat müxtəlif çətinliklər yaratdığından müttəfiqlər Bakıya hava hücumu məsələsini nəzərdən keçirməyə vadar olmuşdular. Bakı Qafqazın ən böyük neft mərkəzi idi və Rusiya neft hasilatının 75%-i Bakının quyularından əldə edilirdi. Bakıya zərbə SSRİ-ni Qafqaz neftinin əhəmiyyətli bir hissəsindən məhrum edərdi. Hətta bir neçə aydan sonra SSRİ-nin çətinlikləri o həddə çata bilərdi ki, bu dövlət tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə qalardı. Hesablamalara görə, hava zərbələrinin Bakıdan 400-700 kilometr aralıda yerləşən Türkiyə və ya İrandan, eləcə də Suriya və İraqdakı bazalardan həyata keçirilməsi planlaşdırılırdı”, – deyə məqalədə qeyd olunur.