Rusiya başqalarına müharibə gətirdi, indi isə evinə qayıdır…
Britaniya nazirləri “pərdə arxasında” müttəfiqlərini Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya verilmiş “Storm Shadow” qanadlı raketlərindən istifadə etməyə icazə verməyə inandırmağa çalışırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” yazır.
Bundan əvvəl Britaniya Kiyevə uzaq mənzilli raketlər istisna olmaqla, “ona verilən istənilən silahdan” istifadə etməklə Rusiyadakı hədəfləri vurmağa icazə verib. Bu qərar uzaq mənzilli silahın Rusiya ərazisinə zərbələr endirməyə razı olmayan Fransa ilə birgə istehsalı olması ilə əlaqədar olub. Leyboristlər hakimiyyətə gəldikdən və Müdafiə Nazirliyində rəhbər dəyişikliyindən sonra hərbi qurum rəsmi mövqenin dəyişmədiyini bildirib.
Böyük Britaniyanın yeni baş naziri Keyr Starmer yalnız qeyd edib ki, Kiyevə ötürülən raketlər beynəlxalq humanitar hüquqa uyğun istifadə edilməlidir. Daha sonra “The Daily Telegraph” yazıb ki, London Kiyevə Kursk vilayətinə hücum edərkən “Storm Shadow”dan istifadə etməyə icazə verməyib.
Buna baxmayaraq, hökumət nümayəndələri müttəfiqlərini Ukraynaya Rusiyaya hücum etmək üçün qanadlı raketlərdən istifadə etmək hüququnun verilməsinin zəruriliyinə inandırmaqda davam edirlər. Bununla belə, “The Times” yazır ki, müttəfiqlər bunun münaqişənin gərginləşməsinə səbəb olacağından ehtiyat edirlər.
Nəşr qeyd edir ki, “Storm Shadow” raketinin uçuş məsafəsi 250 km-dir ki, bu da Ukraynanın indiyədək istifadə etdiyi raketlərdən üç dəfə çoxdur.
Kursk vilayətinin işğalı fonunda Ukrayna prezidenti Volodimir Zelenski hökumətə Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etmək üçün Qərbdən icazə almağı tapşırıb. O, həmçinin bildirib ki, “Kursk” sualtı qayığının qəzası Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin başlanğıcı olub və indi Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kurska hücumu onun siyasi finalı olacaq.
“Bu, həmişə insanlara və istənilən qaydalara xor baxanların başına gəlir. Rusiya başqalarına müharibə gətirdi, indi isə evinə qayıdır”, – deyə Zelenski qeyd edib.
“The Washington Post” yazır ki, Kursk vilayətinə hücumdan bir qədər əvvəl Ukrayna ABŞ-dan da uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verməsini istəyib, lakin bu istək rədd edilib.
 

Dünyapress TV

Xəbər lenti