Qərbin bu yaxınlarda Ukraynaya tədarük etdiyi F-16 qırıcılarının tezliklə döyüş tapşırıqlarını yerinə yetirməyə başlayacağı gözlənilir.
Prezident Co Bayden Birləşmiş Ştatların öz təyyarələrindən heç birini təmin etməyəcəyinə baxmayaraq, 2023-cü ilin avqustunda istifadə edilmiş F-16-ların Ukraynaya təhvil verilməsini təsdiqləyib. Belçika, Danimarka, Niderland və Norveç yaxın aylarda Ukraynaya 60-dan çox təyyarə təqdim etməyi öhdələrinə götürüblər, lakin tədarüklər tədricən baş verəcək.
F-16 təyyarələrinin Ukraynanın hərbi gücünü gücləndirəcəyi gözlənilir, lakin təhlilçilər qırıcıların müharibənin gedişatını təkbaşına dəyişə bilməyəcəklərini deyirlər.
F-16 qırıcıları Ukraynanın hərbi əməliyyatlarına necə təsir edə bilər?
Vaşinqtondakı Avropa Siyasəti Təhlili Mərkəzindən (CEPA) Federiko Borsari deyir ki, qırıcı təyyarələr üç əsas missiyanı yerinə yetirəcəklər.
Onlar Ukraynanı bombalayan Rusiya raketləri və pilotsuz təyyarələrinin qarşısını almağa, düşmənin hava hücumundan müdafiə sistemlərini sıxışdırmağa, Rusiya qüvvələrinin mövqelərini və sursat anbarlarını hava-yer tipli raketlərlə vurmağa çalışacaqlar.
Borsari hesab edir ki, təyyarələr müharibənin bəzi dinamikasına təsir edə bilər.
F-16-nın yerləşdirilməsi ilə bağlı bir çox məlumat gizli saxlanılır. Qərb hökumətlərinin bu təyyarələrin hansı hədəfləri vurmasına icazə verəcəyi və təyyarələrin hansı raketlərlə silahlanacağı məlum deyil.
F-16-lar Böyük Britaniya tərəfindən təmin edilən 250 kilometrdən çox məsafəni qət edə bilən “Storm Shadow” qanadlı raketlərini daşıya bilər və potensial olaraq Rusiya daxilindəki hədəfləri vura bilər.
Onlar həmçinin Rusiya bombardmançı və qırıcılarını təhdid edə biləcək uzaqmənzilli hava-hava tipli raketləri daşıya bilərlər.
Təyyarənin təkmilləşridilmiş radarları ukraynalı pilotlara MiQ-29, Su-27 və Su-24 təyyarələrind olduğundan daha böyük məsafələrdə hədəfləri müəyyən etməyə imkan verəcək.
Səmada üstünlük quruda hərbi kampaniyanın vacib hissəsidir, belə ki, təyyarələr quruda qoşunları havadan qoruyur. Lakin Rusiyanın qabaqcıl hava hücumundan müdafiə sistemləri nəzərə alınsa, Ukrayna qüvvələrinin cəbhə xəttində hərəkətini dəstəkləmək F-16 üçün çox riskli ola bilər.
Ən azı qırıcı təyyarələr Rusiya qüvvələrinə psixoloji təsir göstərə və Ukrayna qüvvələrinin əhval-ruhiyyəsini yüksəldə bilər.
Ukrayna üçün problemlər nələrdir?
London Kral Kollecinin Müdafiə Araşdırmaları Departamentindən Marina Miron Ukraynanın F-16 ilə bağlı aradan qaldırmalı olacağı problemlərin uzun siyahısını gətirir.
Ukraynalı pilotlar üçün ABŞ və Avropada təqribən doqquz aylıq təlim Qərb pilotları üçün Mironun “çox mürəkkəb maşın” adlandırdığı üç illik kursla müqayisədə sürətləndirilmiş kursa bərabərdir. Bu, qırıcı təyyarələrin effektivliyini məhdudlaşdıra bilər.
F-16-lar həmçinin ixtisaslı texniki xidmət mühəndisləri, sursat yükləyiciləri, kəşfiyyat analitikləri və fövqəladə hallar qrupları kimi çoxlu sayda dəstək personalı tələb edir.
“Bunlarla bağlı bir çox problem həll edilməlidir,” Miron bildirir.
F-16-da döyüş təcrübəsi olmayan ukraynalı pilotlar döyüşdə iştirak etməkdən çəkinə bilərlər.
Rusiya buna necə reaksiya verəcək?
Vladimir Putin NATO ölkələrinin tədarük etdiyi F-16-ların məhv edilməsi ilə öyünməkdən məmnunluq duya bilərdi.
Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı bildirib ki, F-16-lar münaqişənin gedişatını dəyişdirən “sehrli həb” olmayacaq. Peskov Rusiya rəsmilərinin artıq F-16-ları məhv edəcək əsgərlərə mükafat təklif etdiyini də açıqlayıb.
Təhlilçilər bildirirlər ki, Ukrayna F-16-ları təhlükəsiz anqarlarda yerləşdirməli, onları müxtəlif yerlərə yerləşdirməli, düşmənin diqqətini yayındırmaq üçün təyyarələrin maketlərini yerləşdirməli və hava hücumu xəbərdarlığı zamanı tez havaya qalxmağa hazır olmalıdır.
Ukrayna Rusiyanın zərbələrindən qorumaq üçün bəzi döyüş təyyarələrini xarici bazalarda saxlaya biləcəyini bildirib. Bu, Putinin kəskin cavabına səbəb olub. O, Qərbin Ukrayna qırıcılarının yerləşdirildiyi hər hansı hava bazasının Rusiya qüvvələri üçün “qanuni hədəf” olacağı xəbərdarlığını edib.
ABŞ rəsmiləri F-16-ların Ukraynada yerləşdiriləcəyini bildiriblər.
Səmada Ukraynanın F-16 təyyarələri eyni anda bir neçə təyyarəni vura bilən Rusiyanın S-300 və S-400 mobil zenit-raket kompleksləri ilə təhdid ediləcək. Rusiya qüvvələri həmçinin bir neçə yüz döyüş təyyarələri, eləcə də müasir hava müşahidə radarlarına malikdir.
Borsari hesab edir ki, Rusiyanın Su-35 qırıcısı F-16 üçün ən böyük təhlükələrdən biri olacaq. O, geniş ərazidə eyni vaxtda səkkizə qədər hədəfi izləməyə və vurmağa imkan verən uzaqmənzilli radarla təchiz edilib.
Bununla belə, Rusiya qüvvələri daha güclü təyyarə ilə qarşılaşmalı olduqlarını başa düşürlər və çox güman ki, daha ehtiyatlı davranacaqlar.
Ukrayna F-16-ları necə qoruyacaq?
Ukraynalı aviasiya eksperti Anatoli Xrapçinski deyir ki, Rusiya qüvvələri F-16-ların yerləşdirildiyi hava bazalarını vurmağa çalışsalar da, Ukraynanın qırıcıları qorumaq üçün etibarlı vasitələri var.
Xrapçinski Associated Press agentliyinə müsahibədə deyib ki, Ukrayna “(Rusiya) hücumlarını dəf etmək üçün öz aerodromlarını zenit qurğuları ilə qorumaq qabiliyyətinə malikdir”. “Ukraynaya müdaxilə boyu Rusiya fəal şəkildə Ukrayna aerodromlarına zərbələr endirməyə çalışıb, lakin onlar müəyyən mənada uğursuz olub”.
Onun fikrincə, F-16 Ukrayna Hərbi Hava Qüvvələrinin ölkənin hava məkanını qorumaq və Rusiyadakı strateji hədəflərə hücum dairəsini artırmaq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
“F-16 təyyarələrini almaqla biz Ukraynanın bu gün üzləşdiyi bir sıra problemləri həll edə biləcəyik. Bunlara Rusiyanın kütləvi raket zərbələri, idarə olunan bombalardan istifadə və S-300 qurğularının sərhəddəki Sumi və Xarkov vilayətlərində yerləşdirilməsi daxildir”, Xrapçinski deyib. “Bunlar F-16 təyyarələridir və mənim fikrimcə, onlar Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə əhəmiyyətli dərəcədə kömək edəcək”.