Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür.

Oxu.Az xatırladır ki, bu savaş bəşəriyyət tarixində İkinci Dünya müharibəsinə qədərki ən böyük müharibədir.

28 iyul 1914-11 noyabr 1918 illərini əhatə edən müharibənin adı İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanıb.

Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu:

"Antanta"da Böyük Britaniya, Fransa və Rusiya imperiyası, "Üçlər ittifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. Nəticədə 10 milyona yaxın əsgər öldü.

Avstriya-Macarıstan ilə Serbiya arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə oldu. 1914-cü il iyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandı Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi.

1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Alman İmperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi.

Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin, o Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

1914-cü ildə Osmanlı dövləti "Üçlər ittifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı.

Birinci dünya müharibəsi 1918-ci ildə 11 noyabr Almaniyanın təslim olması ilə sona çatıb. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri"lə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.

Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti özünü daha qabarıq göstərirdi. Müharibədə iştirak edən 200 nəfər azərbaycanlı zabit Birinci Dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət edib. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, onun oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları bu qəbildən idilər.

General leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmiş, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, sonra isə onuncu ordunun komandanı olmuşdu. General-leytenant Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsi dövründə 21-ci diviziyaya komandanlıq etmişdi. O, Lodz (Polşa) əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidliyinə görə artilleriya generalı rütbəsinə layiq görülmüşdü. 1915-ci ildə o, 2-ci Qafqaz ordu korpusunun komandanı təyin edilmişdi. General-leytenant Hüseynxan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi.

General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə "Müqəddəs Georgi" ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan Müqəddəs Georgi ordeninin dörd dərəcəsinə layiq görülmüşdü. İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qaibov müharibə dövründə "İlya Muromets-16" təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. F.A.Qaibov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O da ölümündən sonra "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu.
 

Dünyapress TV

Xəbər lenti