Nikol Paşinyan Azərbaycana: "Atəşkəs pozulmalarını birgə araşdıraq"
Ermənistanın Baş naziri atəşkəs rejimi pozulmalarının Azərbaycanla birlikdə ikitərəfli araşdırılmasını istəyir.

Bu barədə, o, Vətəndaş Müqaviləsi Partiyası təşəbbüs qrupunun Qafanda keçirilmiş iclasında Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatlarını şərh edərkən, deyib.

Azərbaycan Müdafiə Nazirliyi iyunun 12-dən bəri Naxçıvan istiqamətində mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulduğunu bildirib, atəşkəsin azı 4 dəfə pozulması barədə məlumat yayıb.

Erməni tərəfi məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.

"Bizim Müdafiə Nazirliyimiz bu məlumatları təkzib edir. Bu halda iki variant mümkündür: ya həqiqətən atəşkəs rejiminin pozulması baş verib, ya da eskalasiya yaxud eskalasiya üçün fon yaratmaq cəhdi edilir", - cənab Paşinyan deyib.

"Bütün hallarda - istər birinci, istərsə də ikinci – bu, bizim siyasi iradəmiz deyil", - o əlavə edib.

Paşinyan həmçinin deyib ki, o, "bu insidentə, bu hadisəyə müəyyən aydınlıq gətirməyə ehtiyac olduğunu düşünür".

"Hesab edirəm ki, hər dəfə həqiqəti hərtərəfli müəyyən etmək üçün, o cümlədən beynəlxalq ictimaiyyət üçün, atəşkəs rejiminin Azərbaycanla birlikdə ikitərəfli araşdırma mexanizminin yaradılması pis olmazdı", - Paşinyan vurğulayıb.

Paşinyanın sözlərinə görə, tərəflərdən biri atəşkəs rejiminin pozulması haqqında məlumat verdiyi halda, yerində araşdırma mexanizmi işə salına bilər, həqiqi vəziyyət müəyyən edilər və tərəflər nizam-intizamın artırılması və sairə tədbirlər görə bilərlər.

Ermənistan tərəfində fəaliyyət göstərən Beynəlxalq Monitorinq Missiyası da X sosial şəbəkəsindəki paylaşımında sərhəddə vəziyyətin sakit olduğu və heç bir insident baş vermədiyini qeyd edib.

Azərbaycanda cənab Paşinyanın bu sözlərinə hələ ki reaksiya yoxdur.

Videoya Youtubdan baxın.

 
 
 

Dünyapress TV

Xəbər lenti