HAMAS İsrail Ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində 4 israilli girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı 3 israilli girovun öldüyünü iddia edib. Bakupost.az -ın xəbərinə görə, bu barədə HAMAS-ın “Telegram” kanalında məlumat yerləşdirilib. Qeyd edilib ki, İsrail Ordusu girovlardan bir neçəsini azad edib, lakin həmin düşərgədə biri ABŞ vətəndaşı olmaqla, 3 girovu öldürüb. HAMAS-ın yaydığı videoda öldürüldüyü iddia edilən girovların üzləri örtülmüş şəkildə meyitləri göstərilir. Qeyd edək ki, iyunun 8-də İsrail Ordusu Nuseyrat bölgəsində xüsusi əməliyyatın keçirildiyini, nəticədə 2023-cü il oktyabrın 7-də girov götürülmüş 4 israillinin azad edildiyini açıqlayıb. Qəzzadakı səhiyyə qurumu isə İsrail Ordusunun Nuseyrat qaçqın düşərgəsində 4 girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı ən azı 274 fələstinlinin öldüyünü, 698 nəfərin yaralandığını açıqlayıb.