Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Aleksandr Sırski ölkənin şərq cəbhəsində yaranmış ağır vəziyyətlə əlaqədar son iki günü ən qaynar bölgələrdə, Ukrayna hərbçiləri arasında keçirib.
“AzPolitika” xəbər verir ki, Sırski bu barədə özünün sosial şəbəkə səhifəsində məlumat verib.
General qeyd edib ki, Rusiya işğalçı qoşunalrı hazırda əsas hücum qüvvələrini Pokrovsk və Kuraxovo istiqamətlərində cəmləyiblər: "Şərqdəki ağır vəziyyətlə əlaqədar iki gün Pokrovsk və Kuraxovo istiqamətlərində, yəni düşmənin əsas hücumu istiqamətində müdafiə əməliyyatları aparan bölmələrdə işlədim".
Onun sözlərinə görə, Ukrayna qoşunlarının müdafiəsini yarmağa və öz uğurlarını möhkəmləndirərək, Kuraxovo və Pokrovsk iri yaşayış məntəqələrinə çatmağa çalışan düşmənin əsas zərbə qüvvələri məhz bu istiqamətlərdə cəmləşib: “Şəxsi heyət, silah və hərbi texnika baxımından sayca üstünlüyə malik olan düşmən hər gün qoşunlarımızın mövqelərinə hücum edir. Bu şəraitdə bizim vəzifəmiz işğal olunmuş xətlərə və mövqelərə artilleriya atəşi, PUA-larla və bütün digər silahlarla zərbələr endirməkdən ibarətdir. Məqsəd düşmənə maksimum itki vermək, onu tükəndirmək, bununla da düşmənin planlarını pozmaq və ehtiyatlarımızın formalaşması, hazırlanması üçün vaxt qazanmaqdır. Komandirin onun tabeliyində olanların arasında olması yüksək mənəvi-psixoloji vəziyyətin, sabitliyin, onların taleyin ümidinə buraxılmadıqlarına inamının qorunmasında həlledici rol oynayır”.