NATO Azərbaycanda qiymətləndirmə aparır: Bakı ilə Alyansın əlaqələrinin dərinləşmə səbəbləri
Azərbaycan Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində “Mi-17-1V” helikopter cütlüyünün “İkinci səviyyəli özünüqiymətləndirmə təlimi” keçirilib.
Bu, Azərbaycanla NATO arasında genişlənən əməkdaşlığı əhatə edən çoxtərəfli təhlükəsizlik alətlərindən biridir.
Çünki ƏİK proqramı NATO-nun tərəfdaş ölkələrlə sıx əməliyyat əlaqələrinin qurulmasına xidmət edən praktiki çoxməqsədli hərbi elementdir.
ƏİK proqramı Alyans ilə əməkdaşlıq edən ölkələrin NATO standartlarına uyğun olaraq tam qarşılıqlı fəaliyyət göstərə bilən və əməliyyat qabiliyyətinə malik qüvvələri inkişaf etdirmək məqsədinə xidmət edir.
Budəfəki qiymətləndirmə təliminin keçirilməsinin hərbi və təhlükəsizlik aspektləri ilə bərabər, geosiyasi əhəmiyyətini də qeyd etmək lazımdır.
Bildirək ki, Azərbaycanla Qərb arasında hər nə qədər anlaşılmazlıqlar və çoxlu sayda mübahisəli gündəlik olsa da, Bakının NATO ilə əlaqələrinin dinamikası yüksələn xətt üzrə irəliləyir.
Bu, olduqca vacibdir, çünki NATO-nun gözündə Azərbaycanın fərqli bir nöqtədə olması Bakı ilə Alyansın müştərək maraqlarının aynasıdır.
Bu güzgüdə daha qüdrətli görünmək üçün Azərbaycan çoxvektorlu siyasətindən irəli gələn çağırışlarında NATO ilə bağlı hissələrin sərhədlərini bərkitməlidir.
Çünki Azərbaycanın NATO ilə əməkdaşlıq sferası onun regional geosiyasi imkanlarının təkmilləşdirilməsi məsələsini təşviq edən alətlərdən birinə çevrilir.
Bu, qarşıdakı illərdə beynəlxalq təhlükəsizlik mühitində gözlənilən dəyişikliklərə qarşı Azərbaycanın müdafiə immunitetinin sabit qalmasına töhfə verir.
NATO üçün Azərbaycanın əhəmiyyətinə gəlincə, bu, Alyansın qlobal genişlənməsi əməliyyatı imkanları ilə əlaqəlidir.
Azərbaycanın qlobal ticarəti təşkil edən yolların üzərindəki geostrateji əhəmiyyəti, zəngin təbii sərvətlərə malik olması və enerji resurslarını Avropa bazarlarına diversifikasiya etməsi NATO üçün cəlbedicidir.
Ona görə də NATO Cənubi Qafqazda təhlükəsizlik qövsü çəkməkdə maraqlıdır və bu işdə o, Azərbaycanla səmərəli və faydalı rejimdə dərinləşən əməkdaşlığa həvəslidir.
Bu, NATO-ya imkan verir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını vahid geosiyasi kontekstdə təhlil edib strateji nəticələr çıxarsın.
NƏTİCƏ:
- Azərbaycan HHQ-də keçirilən təlim fonunda demək olar ki, Bakı ilə NATO müştərək təhlükəsizlik mühitinin təkamülünə təkan verirlər,
- NATO Azərbaycanın ixtiyarında olan arsenalın təkmilləşməsinə maraq göstərir və bunu özünün regional geniş dalğası üçün qiymətli hesab edir,
- Azərbaycan və NATO bir sıra mürəkkəb vəziyyətlərə birgə uyğunlaşmaq potensialını nümayiş etdirirlər.
Aqşin Kərimov
 

Dünyapress TV

Xəbər lenti