Qərb hərbi ekspertləri son günlər Ukrayna təyyarələrinin məhv edilməsinin kəskin şəkildə artdığına diqqət çəkiblər.
Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, ABŞ-ın istefada olan kəşfiyyatçısı Skott Ritter yüksək texnologiyalı Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukrayna silahlı qüvvələrinin aviasiyasını tamamilə iflic etdiyini iddia edib.
“Ruslar Ukrayna ordusunun əsas texnikasını (aviasiya aktivlərini) məhv edir. MiQ-29 təyyarəsi havaya qalxan kimi vurulur”, - deyə o bildirib.
Rusiyalı ekspertlər bildirib ki, son vaxtlar Ukrayna orta hesabla günə 2,5 qırıcı itirir. Rusiya MN rəhbəri Sergey Şoyqu da yeni sistemlər sayəsində son 10 gündə Ukraynanın 24 döyüş təyyarəsinin məhv edildiyini təsdiqləyib.
Bəs, söhbət hansı yeni texnologiyadan gedir?
Şoyqu bu barədə danışmayıb. Ancaq hərbi ekspertlər ehtimal edir ki, bu, uzaqmənzilli hədəfləri aşkarlayan və idarə edən təyyarələr (AWACS) ola bilər.
Rusiyada hazırda 9 belə təyyarə var - 6 təkmilləşdirilmiş A-50U və 3 birinci seriyalı A-50.
Təyyarənin ilk modifikasiyası hələ 1985-ci ildə istifadəyə verilib. Təyyarədə üçölçülü radar, alınan məlumatları toplamaq və göstərmək üçün avadanlıq, qırıcıları hava hədəflərinə yönəltmək üçün rəqəmsal kompüter sistemi və daha neçə təkmil funksiyalar olub.
A-50U təkmil versiyasının sınaqları 2009-cu ilin sonunda başa çatıb. Tərtibatçılar idarəetmə və kommunikasiya vasitələrini təkmilləşdirib və taktiki heyət üzvlərinin işini modernləşdiriblər. İndi bütün məlumatlar onların qarşısında ekranlarda göstərilir.
Bu tip təyyarələrin fərqləndirici xüsusiyyəti və əsas silahı gövdənin yuxarı hissəsində yerləşən 9 metrlik Vega-М radar diskidir ki, o, eyni vaxtda 230 kilometrə qədər məsafədə 150 hədəfi izləyə bilir. Böyük təyyarələri isə 400 km-dən aşkar etmək olur. Hər bir A-50 uzaq məsafədən 10-a qədər qırıcını hədəfə ala bilər.
Bu təyyarənin “gözlərinin” qırıcılara verdiyi 230 kilometr, məsələn, Belarusun Qomel ərazisindən Kiyevin hava məkanına nəzarət etmək üçün kifayətdir. Ancaq yeganə sual yaranır: əvvəllər də A-50-lər var idi, niyə indi təyyarələri vurmaqda belə effektivdir?
Rus ekspertlərin fikrincə, komandanlıq düşmənin uzaqmənzilli zenit müdafiə vasitələrinin hələ tam sıradan çıxmadığı şəraitdə onlardan cəbhə xəttinin yaxınlığında istifadə etmək riskinə getməyib. İndi uzun müddətdir ki, S-300-ün döyüş bölgəsində olması barədə heç nə eşidilmir. Baxmayaraq ki, əvvəllər onların kamikadze dronları tərəfindən məhv edilməsi videoları kifayət qədər tez-tez yayılırdı. “Yəqin ki, düşmən paytaxtı qorumaq üçün qalan bu tip hava hücumundan müdafiə sistemlərini geri çəkib”, - mənbə bildirib.
Amma bununla da bitmir. Rusların müxtəlif modifikasiyaları ilə döyüşə başqa texnologiyalar da daxil etdiyinə əmin olan etibarlı mənbələr var.
10 fevral 2022-ci ildə, müharibənin başlamasına iki həftə qalmış yeni hazırlanmış hava radarı ilə yeni DLRO A-100 Premier təyyarəsinin ilk uçuşu baş tutub. Hazırda sınaqdan keçirilir və 2024-cü ildə istifadəyə verilməlidir. Bəlkə, bu texnika da artıq hazırdır?
A-100 lokatoru öz imkanlarına görə təkcə A-50-dən deyil, potensial düşmənin əksər oxşar maşınlarından çox üstündür. O, eyni vaxtda 650 kilometrə qədər məsafədə 300-ə qədər hədəfi izləmək qabiliyyətinə malikdir.
Ekspertlər iddia edir ki, 10 günə 24 döyüş təyyarəsinin vurulması ilk dəfədir: ola bilsin ki, bu, A-100 radarının işidir.
“Son günlər Ukraynaya məxsus 24 təyyarənin məhv edilməsinin “günahkarı” A-100 radarıdırsa, o, Ukraynanın istənilən uçan obyektini 400-500 kilometr məsafədən vura bilirsə, demək, praktiki olaraq Ukraynanın bütün səmasına nəzarət edir. Bu vəziyyətdə Qərb təyyarələrinin Kiyevə çatdırılması ehtimalı azdır”.