HƏMAS İSRAİLİ MƏHV ETMƏK ÜÇÜN YERİN ALTINA ÇƏKİR –
İsrail hərbi komandanlığı bir neçə gün əvvəl HƏMAS-a qarşı Qəzza ərazisində əməliyyat keçirəcəyini bəyan etsə də, müxtəlif səbəblərdən bunu təxirə salır. Əgər İsrail ordusu Qəzzaya girərsə, gözləmədiyi amansız küçə döyüşləri ilə üzləşəcək və artıq burada texnoloji üstünlük elə də böyük əhəmiyyət daşımayacaq. Hələ üstəlik, unutmayaq ki, HƏMAS Qəzzanın altında hərbi məqsədlər üçün dərin tunellər tikib. Qəzza sektorundakı tunellər HƏMAS-ın ən güclü silahlarından biridir. İsrail hərbçiləri 2014-cü ildə məhdud küçə döyüşlərinə girişdikdən sonra ciddi itkilər verəcəklərini anlayıb geri çəkilmək məcburiyyətində qalmışdılar və buna görə də onlar hələlik gözləmə mövqeyindədilər və yəqin ki, hansısa plan üzərində çalışırlar.

“AzPolitika.info” xəbər verir ki, Çexiyanın “iDNES.cz” internet portalı “Tunellər silah rolunda – “Qəzza metrosu” HƏMAS-ın yeraltı sığınacağıdır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub.

Həmin məqaləni təqdim edirik: ”Qəzza tikililərlə tıxanmış küçələrdən ibarət labirintdir ki, bu da döyüş baxımından israillilər üçün vahiməli yuxu deməkdir. Digər yandan, hələ Qəzzanın altında tunellər var və deyilənə görə, bu tunellərin uzunluğu 500 kilometrdir.

90 milyon dollarlıq dəliklər

İnternetdə İsrail ordusuna məxsus səhifədə tunellərə həsr olunmuş xeyli təhqiqat məlumatları tapa bilərsiniz. Həmin məlumatlarda deyilir: ”Qəzza yüzlərcə girişi olan böyük yeraltı şəhərdir”. Təsəvvür edin ki, bunlar adi yeraltı dəliklər yox, tikintisinin dəyəri 90 milyon dollardan çox olduğu təxmin edilən “Qəzza altındakı metro”dur.

Amerikanın Vyetnam müharibəsi zamanı məhv edə bilmədiyi tunellər şəbəkəsi Qəzza labirinti ilə müqayisədə kiçik və primitivdir. Qəzzadakı magistral tunellər 20-25 metr dərinlikdə yerləşir. Onların divarı və tavanı betonla və ya beton plitələrlə möhkəmləndirilib. Orada elektrik işıqlandırması və rabitə üçün telefon kabelləri var ki, bu da yer üstündəki mobil əlaqədən fərqli olaraq dinləmədən daha yaxşı qorunur. Məscidlər, çoxmənzilli yaşayış binaları, məktəblər, ticarət mərkəzləri və xəstəxanlar daxil olmaqla bütün tikililərdəki yeraltı girişlər ağıllı şəkildə maskalanıb. Bu girişlərin aşkarlanmsı demək olar ki, mümkünsüzdür. Hətta bəzi girişlər adi toyuq hinlərində də var.

Keçən ilin noyabrında BMT-nin Fələstin qaçıqınlarına yardım agentliyi fəaliyyət göstərdiyi məktəbin altında tunel aşkarlamışdı. ”Washington Post” qəzeti də “Əl-Vəfa” xəstəxanasının altında tunellərin aşkar edilməsi barədə yazmışdı. Qəzzanın İsrail ordusu ilə döyüşməli olacağı asimmetrik müharibədə tunellər HƏMAS-a böyük üstünlüklər verəcək. 2014-cü ildə İsrail əsgərlərinin Qəzzaya məhdud müdaxiləsi zamanı HƏMAS silahlıları yer altına girərək arxadan onlara atəş açmışdılar.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-10_1698427265_7.jpg
Küçə müharibəsi zamanı döyüşən qüvvələr kiçik dəstələrlə fəaliyyət göstərir və burada hər şey sürətdən, manevr qabiliyyətindən və gözlənilməz məqamlardan asılı olur. Belədə təbii ki, yerin altına nəzarət böyük üstünlük verir. Həm də ki, bu üstünlük ikiqat artır, yuxarıdakı düşmən daha ləng hərəkət edir, çünki o, bəzən buldozerlə təmizlənməli olan xarabalıqların üstündən keçməyə məcbur qalır.

Tunellər silahları çox tez ötürməyə, döyüşləri koordinasiya edən komandirləri təhlükəsiz sığınacağa çəkməyə və hər hansı problem yarandığı təqdirdə gizlənməyə imkan yaradır. İndi bu tunelləri bombalamağa çalışın... Vyetnamdakı yeraltı tunellər hətta Amerikanın “B-52” superbombardmançı təyyarəsinin zərbələrinə tab gətirmişdi. İsrail Milli Təhqiqat İnstitutunun materiallarının birində yazılıb ki, HƏMAS -ın yeraltı tunelləri İsrailin texnoloji üstünlüyünü böyük ölçüdə neytrallaşdırır.

1943-cü ildə Varşavada yəhudi gettosunda yer altına çəkilənlər alman əsgərlərinə qarşı bir ay ərzində özlərini yalnız tapança və molotov kokteyli ilə müdafiə etmişdilər. Hərçənd ki, SS əsgərləri zəhərli qazlardan və alovpüskürən silahlardan istifadə edirdilər. Hardasa buna oxşar vəziyyət bir ildən sonra Varşava üsyanı zamanı da baş vermişdi. Belə ki, üsyanı yatırmağa çalışan almanlar tədricən bütün küçələrə nəzarti ələ keçirsələr də, üsyançılar yeraltı qazmalarda gizlənmişdilər.

On ildən çoxdur ki, israillilər bu tunellərin məkrliliyinə əmin olurlar. HƏMAS İsrail ərazisinə çıxmaq üçün Qəzza sektorunun sərhədi altından tunellər qazıb. Vaxtilə həmin yerlərdən çıxan ərəb silahlı dəstələri İsrail hərbi patruluna arxadan hücum edərək məhbusları qaçırmışdılar. Hazırda bu tunellər möhkəmləndirilmiş yeraltı istehkamlara çevriliblər.

Qaçaqmalçılar tunel vasitəsilə şir də daşıyıblar...

1698427264_3.png
Qəzzalılar öncə qaçaqmalçılıq məqsədilə Misirlə aralarındakı sərhəddə tunellər tikiblər. Həmin tunellərdən mümkün olan hər şey daşıyırdılar və biznes çiçəklənirdi. Beləliklə, “tunel baronları” kastası meydana çıxmışdı. Hətta o zaman qaçaqmalçılıqla həmin tunellərdən uyuşdurucu iynələr vurulmuş heyvanlar da keçirirmişlər. Deyilənə görə, yuxuya verilmiş bir şir ayılaraq qaçaqmalçılardan birini parçalayıbmış. Bu tunellərin hansı imkanlar verdiyini görməmək üçün gərək HƏMAS üzvləri kor olaydılar. Tuneldən istifadə edilərək vurulan ilk zərbə 2001-ci ilin sentyabrında İsrail ordusunun müşahidə məntəqəsinin altında qazılmış yerdə iki bombanın partladılmasıyla baş vermişdi.

İsrail ərazisində, hasarın altında bu cür “partlayıcı” tunellər çox olub, amma müdafiə tunelləri daha böyük əhəmiyyət kəsb edir və bunlar Qəzzanı alt-üst iki yaruslu qalaya çevirir. İsrail ordusunun hesablamasına görə, tunellərin tikintisinə 600 min ton beton sərf edilib.

Bilindiyi kimi, Yaxın Şərqdə çox qəribə şeylər baş verir, fələstinlilərə sementi, taxtanı, poladı, çınqılı və tunelin tikilməsi üçün lazım olan alətləri və texnikanı İsrailin özü verib. İsrail Qəzzanı su və elektrik daxil olmaqla demək olar ki, hər şeylə təchiz edib.

İsraillilər Qəzzadakı tikinti materiallarının evlərin inşası üçün deyil, tunel tikintisində istifadə olunduğunu öyrənəndən sonra tədarükü bir neçə dəfə dayandırsalar da, sonradan tikinti materiallarını yenidən verməyə başladılar. Çünki əksəriyyət İsraili qeyri-insani əməllərdə ittiham edirdi.

“Dəmir kürək” fəaliyyətdədir

Tunellər həm də İsrailin özünə baha başa gəlib. Belə ki, israillilər Qəzzanı çevrələyən hasarın altından çəkilən tunelin qarşısını almaq üçün oranı qazaraq, polad lövhələr bərkidiblər. Dəmir divar adlandırılan bu əngəlləyici tikilinin inşası milyard dollara başa gəlib. Əlavə olaraq, yeraltı işlərin səsini eşitmək üçün dinləmə qurğuları da quraşdırıblar və onu “Dəmir kürək” adlandırıblar. Buna isə yüz miliyon dollar sərf olunub.

Bundan başqa, İsrail əsgərləri Petah Tikva şəhəri yaxınlığındakı təlim mərkəzində HƏMAS tunellərinin maketləri üzərində və virtual reallıqdan istifadə etməklə yeraltı döyüş öyrənirlər. Onların virtual reallıqdan necə istifadə etmələri barədə az şey məlumdur, lakin deyilənə görə, orada robotlardan istifadə olunur. Robot düşməni, girişləri tapmalı və lazımi mövqelərə partlayıcı yerləşdirməlidir. Bəli, hər şey çox gözəl səslənir, lakin ərazi yalnız piyadanın ayağı dəyəndə zəbt olunmuş sayılır. Ona görə də, ümumi yekunda israillilərin vəziyyəti heç də Vyetnam müharibəsi zamanı Amerika ordusunun “tunel siçovulları”nın vəziyətindən yaxşı olmayacaq. Yeganə fərq ondan ibarətdir ki, Vyetnam tunellərinin sayı Qəzzada olanlardan iki dəfə az idi”.
 

Dünyapress TV

Xəbər lenti