Oktyabrın 7-dən Qəzzanı tam blokada və bombardman altında saxlayan İsrail bir müddətdir quru əməliyyatına hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Netanyahu xalqa müraciət edib.
Baş nazir müraciətdə bildirib ki, gecikməyə baxmayaraq, Qəzzada həlledici əməliyyat olacaq.
Əməliyyatın tarixinin qərargah rəislərinin konsensusu ilə müəyyən edildiyini açıqlayan Netanyahunun sözlərinə görə, əməliyyatın nə vaxt və necə keçiriləcəyinin tarixini indidən söyləyə bilməz: “Biz qurudan hücuma hazırlaşırıq. Nə vaxt, necə və həmçinin neçə günlük planlandığı barədə təfərrüatları deməyəcəyəm. Bu, belə də olmalıdır. Çünki, bu, həm də əsgərlərimizin həyatını qorumağın yoludur”.
Hazırda İsrailin varlıq mübarizəsi içərisində olduqlarını bildirən Netanyahu deyib ki, hədəfləri HƏMAS-ı məhv etmək və girovları geri almaqdır: "Bilin ki, bütün HƏMAS üzvləri “gəzən ölülər”dir".
Amerika mətbuatına istinadla dünyanın nüfuzlu mediası isə yazır ki, İsrailin quru əməliyyatını gözləməsini ABŞ istəyib.
Məlumata görə, ABŞ bölgədə olan hərbçilərinin həyatlarına təhlükə olduğunu və onları qorumaq üçün lazım olan hərbi texnikanı bölgəyə daşımaq üçün İsraildən gözləməyi tələb edib: "ABŞ bölgədəki əsgərlərinə qarşı təhdidlərindən çox böyük narahatdır. İsrailin Qəzza zolağına qarşı başlayacağı quru əməliyyatının isə ABŞ əsgərlərinin hədəfə alınmasına səbəb olacağına şübhə olunmur. Ona görə, ABŞ bölgəyə - İraq, Küveyt, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təxminən 11 hava hücumundan müdafiə sistemi yerləşdirməyə tələsir. Bu proses bitəndən sonra isə İsrailə quru əməliyyata başlamaq üçün yaşıl işıq yandırılacaq".