Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus "Tornado" qırıcı təyyarəsi ölkənin şərqindəki Əş-Şərqiyyə əyalətində qəzaya uğrayıb. 2 ekipaj üzvü katapult edib. Bakupost.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumatı yayıb. “Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Turki əl-Maliki bildirib ki, bu gün saat 15:44-də qırıcı təyyarə planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb”, nazirliyin X (keçmiş Twitter) səhifəsində deyilir. Əl-Malikinin sözlərinə görə, ekipaj son anda katapult edərək sağ qalıb. Qəza nəticəsində yerdə ölən və xəsarət alan yoxdur.