İran artıq nüvə silahı əldə etməyin astanasında idi
Xəbərlərə keçməmişdən öncə bir məsələyə toxunmaq istəyirəm.
İsrail-İran münasibətləri barədə cəmiyyətimizdə hər zaman olduğu kimi bu dəfə də gərgin mübahisələr gedir. Ziddiyyətlərin kökündə isə çox zaman məsələyə biri-birinə aidiyyatı olmayan prizmalardan yanaşmalar dayanır. Hesab edirəm ki, bu münaqişəyə münasibət formalaşdırmaq üçün hər bir insanın əvvəlcə iki əsas suala öz içində cavab verməsi vacibdir:
1. İran artıq nüvə silahı əldə etməyin astanasındadır. Heç düşünmüsünüzmü ki, İran nüvə silahı əldə edərsə, hansı hərbi-siyasi gücə çevriləcək? Bu, regionumuzda geosiyasi güc balansını necə dəyişəcək? Biz, Azərbaycan olaraq, İranın belə bir güclənməsində maraqlıyıqmı?
2. İran Rusiyanın əsas müttəfiqlərindən biridir. O, Ukraynaya qarşı müharibədə Rusiyaya açıq və sistemli şəkildə dəstək verib. Bəs sivil dünya üçün, Rusiyanın yanında duraraq onun aqressiyasına ortaq olan bir ölkənin güclənməsi, üstəlik nüvə silahı əldə etməsi nə ilə nəticələnə bilər?
Hər kəs bu suallara özü-özlüyündə cavab versə, məsələyə münasibət daha aydın şəkil alacaq.
Mövcud vəziyyətə gəlincə:
İsrail İranın Hərbi Hava Qüvvələrinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirdikdən sonra, İran səmasında faktiki olaraq nəzarəti ələ alıb. İsrail Natanz, Fordo və İsfahan, İranın üç əsas nüvə obyektinə ciddi zərər yetirib. Lakin bu zərbələr hələlik yalnız obyektlərin yerüstü infrastrukturunu əhatə edir.
Yerin altındakı əsas nüvə obyektlərinin tam məhv edilməsi üçün ABŞ istehsalı olan GBU-57, 30.000 funtluq "bunker-buster" bombalar və ABŞ-ın birbaşa iştirak etdiyi hücumlar tələb olunur.
Hazırkı mərhələdə Tramp administrasiyası belə bir əmri verməyib. Ancaq əgər İran ABŞ-ın regiondakı hərbi bazalarına raket hücumları edərsə, bu qərar dəyişə bilər.
İran tərəfinə gəldikdə isə, gözlənilən minlərlə raket əvəzinə, cəmi yüzlərlə raket buraxa bilib. Buna baxmayaraq, bu hücumlar İsrailin mülki infrastrukturuna müəyyən ziyan vurub. Beş nəfər həyatını itirib.
Əlavə olaraq:
- İsrail artıq İranın enerji infrastrukturuna qarşı zərbələr endirməyə başlayıb.
- ABŞ-ın prezidenti Donald Tramp bəyan edib ki, "İran tərəfdən ABŞ-la danışıqlarda iştirak etməli olan bütün şəxslər artıq öldürülüb".
- İsrail Ordusu on minlərlə insanı səfərbər edir.
- ABŞ-ın İsraildəki səfiri Maykl Hakabi bildirib ki, İsraildə təqribən 700 min amerikalı yaşayır və İsrailə edilən hücum əslində Amerikaya vurulan zərbə kimi qiymətləndirilməlidir. Bu bəyanat, ABŞ-ın hərbi əməliyyatlara qoşulması üçün ictimai rəyi formalaşdırmağa yönəlmiş ola bilər.
- Hazırda da İsrail İran ərazisində massiv bombardmanlara davam edir.
Kamran Cəfərov
TEREF
 

Dünyapress TV

Xəbər lenti