Ukrayna hücumdadır, kadırovçularla rusiyalılar arasında atışma olub
Ukrayna silahı qüvvələri ötən həftə ərzində Baxmut şəhəri yaxınlığında kiçik bir ərazini işğaldan azad edib.

Bu barədə məlumatı Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar verib.

O dəqiqləşdirib ki, bu istiqamətdə 3 kvadrat kilometrlik sahə azad olunub.

Ümumiyyətlə isə Ukrayna qüvvələri iyun ayından bəri 40 kvadrat kilometrlik ərazini işğaldan azad edib.

Malyar avqustun 14-də Ukrayna silahlı qüvvələrinin Donetsk vilayətinin Urojaynoye kəndində “müəyyən uğur” qazandığını bildirib.

Ukraynalılar bu kəndə hücumu avqustun 8-də başlamışdılar.
“Əhəmiyyətli taktiki irəliləyiş”
Nazir müavinin sözlərinə görə Staromayorsk kəndindən cənub və cənub-şərq istiqamətində də uğurlar var və Ukrayna hərbçiləri müəyyən ərazidə mövqelərini möhkəmləndirirlər.

Ötən bazar günü, avqustun 13-də yayılan məlumatlarda deyilirdi ki, Rusiya ordusu Urojaynoyedən geri çəkilməyə başlayıb. Bu ərazidə, Mokrıye Yalı çayının sahilində Rusiya ordusunun istehkamları yerləşir. Xəbərləri əsasən rusiyalı hərbi blogerlər yayıblar.

Amma Rusiya Müdafiə Nazirliyi avqustun 12-də bu kəndə hücumun dəf edildiyini bildirmişdi.

The New York Times qəzeti avqustun 13-də yazıb ki, Ukrayna silahlı qüvvələri ölkənin cənubunda, iki istiqamət üzrə “əhəmiyyətli taktiki irəliləyişə” nail olub.

Qəzetin məlumatında deyilirdi ki, ukraynalılar Berdyansk və Melitopol istiqamətində 16 kilometrdən 20 kilometrədək irəliləyə biliblər.
Yerli sakinlər həlak olub
Bu arada Mariupol şəhərinin ukraynalı meri Pyotr Andryuşşenko Donetsk vilayətinin Mariupol rayonundakı Urzuf kəndində baş vermiş atışma nəticəsində 7 yerli sakinin həlak olduqlarını bildirib.

Mer bundan əvvəl teleqram kanalında avqustun 11-də kadırovçuların iştirakilə atışma baş verdiyini, kəndə giriş və çıxış yollarının bağlandığını yazmışdı.

Mariupol şəhər sovetinin məlumatına görə Urzufdakı atışma kadırovçularla Rusiyanın işğal hərbi kommendantlığının hərbçiləri arasında baş verib.

Ölən və yaralananların olduğu xəbər verilir.

Çeçenistanda bu hadisənin baş verdiyini inkar edirlər. Respublikanın mətbuat naziri Axmad Dudayev xəbəri “feyk” adlandırıb və deyib ki, “çeçen millətindən heç kəsin bu insidentlə bağlılığı yoxdur”.

Amma o da atışma faktının olduğunu etiraf edib.

Poqoncırma və atışma...
Ukrayna tərəfinin versiyasına görə çeçen hərbi birləşməsinin sayı bəlli olmayan nümayəndələri Azov dənizinin sahilindəki Urzufa istirahətə gəliblərmiş.

Orada onlar və hərbi kommendaturanın əməkdaşları arasında mübahisə düşüb. Andryuşşenko yazır ki, “daha sonra poqoncırma, ardınca da atışma baş verib”.

Andryuşşenkonun sözlərinə görə atışma zamanı yerli sakinlərdən olan iki yeniyetmə qız da həlak olub.

ASTRA teleqram kanalı bildirir ki, jurnalistlər Urzuf kəndinə Rusiya işğal administrasiyası tərəfindən başçı təyin edilmiş İvan Topuzovla əlaqə saxlaya biliblər. Atışmanın baş verdiyini o da təsdiqləyib.

Başçı deyib ki, hadisə yerində İstintaq Komitəsinin əməkdaşları təhqiqat aparırlar, amma onu əraziyə buraxmayıblar.
 

Dünyapress TV

Xəbər lenti