“Gördülər ki, yalanlarına qol qoymuram, dırnaqlarımı kəlbətinlə dartıb çıxartdılar”
Nəcməddin Sadıkovun bacısı oğlu həbsdən buraxılan kimi Elmar Allahverdiyevi növbəti dəfə şərləməyə cəhd edib
“Tərtər işi” üzrə zərərçəkən şəxslərdən biri də Elmar Allahverdiyevdir. O, Şanlı Aprel döyüşlərinin qəhrəman iştirakçılarındandır. Həmin döyüşlərdə fərqlənənlərdən olub. “Tərtər işi” üzrə ortada olan faktlardan, general Bəkir Orucovun məhkəmədə verdiyi ifadəsindən belə qənaət formalaşır ki, kəşfiyyatçı Elmar Allahverdiyevin başına gələnlər də elə həmin döyüşlərdə fərqlənməsindən qaynaqlanıb.
O deyir ki, hazırda məhkəməsi gedən Vüsal Ələsgərov və digər 3 nəfər istəsəydilər belə, onların işi üzrə hazırda zərərçəkən kimi tanınan 185 nəfər hərbçiyə qarşı bu miqyasda əməli özbaşına törədə bilməzdilər...
Teref.az “Yeni Müsavat”-a istinadən “Tərtər işi” üzrə yenilənmiş istintaqda zərərçəkmiş şəxs qismində tanınan, dindirilən Elmar Saleh oğlu Allahverdiyevin verdiyi ifadəni təqdim edir.
Həmin ifadəni Elmar Allahverdiyev özü haqda məlumatları bölüşməklə verib. Bildirib ki, 2009-cu ildən Silahlı Qüvvələrdə müxtəlif vəzifələrdə işləyib. 2013-2016-cı illərdə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri olub. 2018-ci ilin martında ordu sıralarından tərxis olunub. 2020-ci ilin oktyabr ayında II Qarabağ döyüşlərində könüllü iştirakı ilə bağlı orduya, digər hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzifəsinə bərpa olunub. 2021-ci ilin avqustunda isə ehtiyata buraxılıb. 2016-cı ilin aprelində Tərtərin Seysulan kəndi istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak edib. Rəhbərlik etdiyi bölmənin şəxsi heyətinin şücaəti ali rəhbərlik tərəfindən qiymətləndirilib...
Elmar Allahverdiyev istintaqa deyib ki, görüşə hazırlıq dövründə müdafiə naziri, general-polkovnik Zakir Həsənov ona Ali Baş Komandanla görüşlə bağlı müəyyən təlimatlar verib. Bundan sonra o, şəxsi heyətinin yanına gedib və təlimatı onlara çatdırıb. Bu zaman keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və 1-ci ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov ona yaxınlaşıblar.
Nəcməddin Sadıkov
Ona yaxınlaşanda eşidib ki, Nəcməddin Sadıkov Hikmət Həsənova rus dilində nəyisə ona başa salması barədə təlimat verir. Bu zaman Hikmət Həsənov onu yanına çağıraraq Ali Baş Komandanla görüşdə olan zaman ölkə başçısına 2016-cı ilin aprel döyüşlərində, Seysulan istiqamətində döyüşdə baş verməyən hansısa uğurların, konkret olaraq guya Seysulan kəndini düşməndən azad etdiyini bildirməyini tapşırıb. O, Hikmət Həsənova “oldu” deyib və Ali Baş Komandanla görüş zamanı Hikmət Həsənovun ona tapşırdığı sözləri, yəni yalan məlumatları ölkə başçısına bildirməyib. Çünki bunun məsuliyyətli bir iş olduğunu anlayıb.
O, həmin sözləri demədiyinə görə Hikmət Həsənov özü, guya Seysulan və Talış kəndlərinin azad olunduğunu, hansısa olmayan uğurlar qazanıldığını bildirib. Tədbir qurtarandan sonra Nəcməddin Sadıkov barmağını ona silkələyib, rusca nalayiq söz işlədib. Bundan sonra ona qarşı təzyiqlər başlayıb.
Belə ki, 2016-cı ilin mayında xidmətdə olduğu hərbi hissənin komandiri Qiyas Abbasov onun kapitan rütbəsinin təqdimatını dayandırıb. Komandirdən bununla bağlı səbəb soruşduqda o, Seysulan istiqamətində baş verən uğursuzluğun səbəbkarının onun bölməsi olduğunu deyib.
O, hansı səhvə yol verdiyini soruşanda, komandir bildirib ki, Seysulan istiqamətində kəndin sol cinahı istiqamətində keçid ərazisi minadan təmizləndiyi halda və həmin yerdən düşmən mövqelərinə keçməyə imkan olduğu halda bunu etməyib. O da bildirib ki, həmin yer minadan təmizlənməyib və dərhal həmin yerə baxış keçirilməsini tələb edib. Tələbi qarşısında Qiyas Abbasov çıxılmaz vəziyyətə düşdüyünə görə həmin yerə baxış keçirilib və müəyyən edilib ki, ərazi minalanmış vəziyyətdədir. Lakin bununla bağlı heç kimə heç bir söz deyilməyib və araşdırma aparılmayıb. Çünki komandir özü yuxarı rəhbərliyə uğursuzluğun səbəbini başqa cür, yəni yalan məruzə edib. Belə olan halda Qiyas Abbasov ona bildirib ki, o, döyüş əməliyyatları zamanı sol cinahdan sağ cinaha özbaşına keçib, bununla da döyüş planını pozub.
Hikmət Həsənov və Qiyas Abbasov
Elmar Allahverdiyev də komandirin diqqətinə çatdırıb ki, həmin əmri ona l-ci Ordu Korpusunun əməliyyat bölmə rəisi Yaşar Səfərov rabitə vasitəsilə verib və o, icra edib. Qiyas Abbasov onun yalan danışdığını bildirdikdə o, rabitənin yoxlanmasını tələb edib.
Allahverdiyev 2016-cı ilin iyul ayından N saylı hərbi hissəyə kəşfiyyat bölüyü komandiri vəzifəsinə təyin edilib və orada normal şəraitdə nöqsansız xidmətini davam etdirib.
Elmar Allahverdiyev 2017-ci ilin mayında məzuniyyətdə olduğu vaxt xidmətdə olduğu korpusun digər hərbi hissəsinə etdiyi hərbi hissəyə dəvət olunub: “Tərtərdə ”Dağlar" kafesində dostlarım Hikmət, Xalid, iş yoldaşım Anar, kirvəm Eminlə birlikdə yemək yeyirdik. Söhbət əsnasında hərbi hissənin kəşfiyyat bölüyünün sürücüsü Anar Məmmədov dedi ki, hərbi hissənin köhnə qərargahında, yəni Tərtərin Şıxarx qəsəbəsində yerləşən qərargahda hərbiçiləri ermənilərə “işləmələri”, yəni xəyanətə görə döyüblər və işgəncə veriblər. Anar dedi ki, hərbi hissənin bölük komandiri Yusif Əsədovu da ora aparıblar. Həmin vaxt ona digər hərbi hissənin komandiri Əflatun Nurəliyev zəng etdi və harada olduğumu soruşdu. Tərtərdə kafedə olduğumu dedikdə, komandir təcili olaraq Şıxarx qəsəbəsində yerləşən qərargaha gəlməyimi tapşırdı. Bir neçə dəqiqə sonra Anar Məmmədovla birlikdə Şıxarxa, hərbi hissənin köhnə qərargahına getdik. 4 may 2017-ci ildə, 21 radələrində həmin yerə çatdıq. Orada gördüm ki, hərbi hissənin qərargahının qarşısında bir neçə mülki və bir neçə hərbi avtomobillər var. Mülki geyimdə olan tanımadığım şəxslər də vardı. Hərbi avtomobillər arasında I Ordu Korpusunun komandiri Hikmət Həsənova məxsus xidməti “Mitsubishi Pajero” markalı avtomobil də vardı. Qərargahda ikinci mərtəbəyə qalxdım.
“Lüt vəziyyətdə, qan içində, əl və ayaqları bağlı vəziyyətdə idilər”
Dəhlizdə məni 1-ci Ordu Korpusu komandirinin müavini - Qərargah rəisi polkovnik Mübariz Rzayev qarşıladı. 2-ci mərtəbəyə qalxanda divarlarda və yerdə qan ləkələri olduğunu, işgəncə səsləri gəldiyini eşitdim. Bəzi otaqların qapıları açıq olduğundan şəxslərin lüt vəziyyətdə, qan içində, əl və ayaqları bağlı vəziyyətdə olduğunu gördüm. İşgəncə verilən şəxslərin kim olduqlarını bilmədim.
Polkovnik Mübariz qoluma girib məni 2-ci mərtəbədə köhnə hərbi hissə komandirinin otağına apardı. Otağın baş tərəfində, masanın arxasında baş tərəfdə Hikmət Həsənov, yanında 1-ci ordu korpus komandirinin təlim tərbiyə işlər üzrə müavini Babək Səmidli (II Qarabağ döyüşlərindən sonra mina partlayışı zamanı vəfat edib - E.M), korpus komandirinin müavini polkovnik Qiyas Abbasov, korpus komandirinin hüquqi işlər üzrə müavini mayor Fuad Ağayev, hərbi hissə komandirləri - Əflatun Nurəliyev, Teymur Məmmədov, Vüsal Ələsgərov vardı.
Mən otağa daxil olmamışdan əvvəl, qəbul otağında Mübariz Rzayevlə birlikdə olarkən gördüm ki, arxamızca 3-4 nəfər qara kombinzon geyinmiş və başlarında qara maska olan şəxslər də gəlir və onlar da bizim ardımızda otağa daxil olmuşdular.
“Hikmət Həsənov dedi ki, sən xainsən, erməni hərbi qulluqçularına işləyirsən”
Həmin şəxslərə baxanda bildim ki, 1-ci Ordu Korpusunun kəşfiyyat taborunun gizirləri Qurban Cümşüdov, Cabir Qəhrəmanov, Polad Əzizov və Elçin Əliyevdir. Əvvəllər onlarla birlikdə dəfələrlə təlimlərdə olmuşduq. Otaqda olarkən Hikmət Həsənov məni yanına çağırdı. Dedi ki, sən bilirsən də, mən səni çox istəyirdim bu korpusda, lakin indi bizə hər şey bəllidir, düzünü de.
Sualı anlamadım və soruşdum ki, nəyin düzünü deyim. Hikmət Həsənov dedi ki, sən xainsən, erməni hərbi qulluqçularına işləyirsən. Hikmət Həsənova belə bir şeyin mümkün olmadığını, əgər olubsa, ortaya fakt qoyulmasını tələb etdim. Hikmət Həsənov da dedi ki, fakt var, lakin özün hər şeyi etiraf et. Mən də “olmayan şeyin nəyini etiraf edim” sualını verdim. Bundan sonra Hikmət Həsənov “indi sənə fakt göstərərik, amma sən danışma” dedi.
Otağa 2 qara maskalının əllərindən tutduqları gözü bağlı, lüt halda, döyülmüş vəziyyətdə hərbi hissənin 2-ci taborunun kəşfiyyat tağım komandiri Yusif Əsədovu gətirdilər. Yusifin danışmağa halı yox idi. Hikmət Həsənov ona “Elmar Allahverdiyev haqqında dediklərini təkrar et” dedi. Yusif Əsədov güclə “cənab general, Elmar Allahverdiyev 2016-cı ilin aprel döyüşlərində başıma tapança dirəyib düşmənə tərəf güllə atmamağım barədə əmr verib. Olduğu yeri döyüş zamanı arxada olan öz tankına hədəf verib” dedi.
Bundan başqa bir ingilis xanımla münasibətimin olduğunu və guya ona bahalı hədiyyələr aldığımı da əlavə etdi. Mən Yusif Əsədovu otağa gətirən, adi kəşfiyyat formasında olan şəxslərdən birini tanımışdım. Həmin şəxs Coşqun Nəbiyev idi.
Coşqunla 2016-cı ilin aprel döyüşlərində bir yerdə döyüşmüşdük. Belə ki, döyüşlərdə Coşqun Nəbiyev mənim tabeçiliyimdə olub. Başında maska olsa da, onu gözlərindən və bədən quruluşundan tanıdım. Sevindim ki, Coşqun Nəbiyev reallığı danışacaq. Əl işarəsi ilə Hikmət Həsənova Yusif Əsədovu aparmalarını və reallığı Coşqun Nəbivevdən soruşmasını istədim. Hikmət Həsənov Yusif Əsədovun otaqdan çıxarılması ilə bağlı göstəriş verdi və Coşqun Nəbiyevə qalması əmrini verdi. Hikmət Həsənov ondan Yusif Əsədovun barəmdə dedikləri ilə bağlı soruşdu.
Coşqun Nəbiyev dedi ki, 2016-cı ilin aprel ayında olan döyüşlərdə mənim tabeçiliyimdə olub və o yüksək nailiyyətlər göstərmişəm, vətənə layiqli xidmət aparmışam. Onun həqiqəti deməsi Hikmət Həsənovu özündən çıxardı. Çünki Coşqun həqiqəti deməklə Yusif Əsədovun danışdıqlarının yalan olduğu üzə çıxmışdı. Hikmət Həsənov əsəbiləşmişdi, qışqırıb-bağırıb Coşqun Nəbiyevi təhqir etdi və otaqdan qovdu. Hikmət Həsənov mənə bildirdi ki, guya 2016-cı ilin aprel ayında olan uğurlarımı erməni kəşfiyyatı təşkil edib ki, nüfuz qazanım..."
“Hikmət Həsənov daha bərk əsəbləşdi, ”presə" komandası verdi"
-...Mən bu və digər uğurlarımı sadalayıb, “bunları da ermənilər edib?” deyə Hikmət Həsənovdan soruşdum. Əvəzində məni təhqir etməyə başladı, təhqirlərinin cavabını verdim.
Hikmət Həsənov daha bərk əsəbləşdi, “presə” komandası verdi. Qara maskalılardan Qurban Cümşüdov, Polad Əzizov və Cabir Qəhrəmanov otağa daxil oldular və üstümə gəldilər. Mənə ilk yaxınlaşan Qurban Cümşüdovu kənara itələdim və Hikmət Həsənova “mərdi qovub namərd etmə, mənim xidmətimi Allah və yanımdakı döyüşçülər bilir” dedim. Əllərimi arxaya atdım, dərhal qollarımdan tutub otaqdan çıxardılar.
Həmin vaxt dəhlizdə kimsə “otaq hazırdır, gətirin, gətirin” deyirdi. Qəbul otağına yaxın 20 kvadratlıq, divarların boyası getmiş, suvaq görsənən, pəncərələri taxtadan və sellofanla örtülü, şüşəsi olmayan otağa gətirdilər. Otaqda yerdə ağ rəngli plastmas borular, məftillərdən hazırlanmış şallaq, içində su olan butulkalar vardı.
Qiyas Abbasov da otağa gəldi və mənə “sakitləş” deyəndə, kimsə arxadan başıma küt alətlə vurdu. Zərbədən yerə yıxıldım. Bu zaman əl-ayağımı məftillə, skoçla bağladılar və əynimdə olan bütün paltarları çıxardılar. Ondan sonra Qurban Cümşüdov, Polad Əzizov, Cabir Qəhrəmanov və bir neçə şəxs boru şlanqlarla və şallaqlarla bədənimə zərbələr vurmağa başladılar. Tələb bu idi ki, ermənilərə işləməyimi boynuma alım, mənimlə əlbir olan yüksək rütbəli şəxsin adını verim. Əgər bunları etməsəm, məni öldürəcəklərini deyirdilər. Mən də erməniyə işləmədiyimi, olmayan bir şeyi deməyəcəyimi bildirirdim. Həmin gün 4-5 saat plastmas borularla və məftil şallaqlarla döyüb işgəncə verdilər. O qədər vurmuşdular ki, işgəncədən artıq halsız bir vəziyyətə gəlmişdim.
“Dizlərimin altına xırda daşlar tökərək şallaqla vururdular, danışmağımı tələb edirdilər”
Səhəri gün sürüyüb başqa otağa apardılar. Gözüm, əl-ayağım bağlı vəziyyətdə idi. Gözlərimə əski qoyub skoçla bağlamışdılar. Bu zaman Hikmət Həsənovun səsini eşitdim. Kimdənsə mənim danışıb-danışmadığımı soruşdu. Cavab verən şəxsin səsindən Qurban Cümşüdov olduğunu bildim. O, Hikmət Həsənova dedi ki, hələ danışmayıb, amma danışdıracağıq. Bundan sonra sürüyüb həmin mərtəbədə başqa bir otağa apardılar. Gözüm bağlı olduğundan hansı otaq olduğunu bilmədim. Orada dizlərimin altına xırda daşlar tökərək, diz üstə saxlayıb şallaqla vururdular, danışmağımı tələb edirdilər.
“Dişlərimə, cinsiyyət orqanıma elektrik naqilləri qoşub ”tok" verirdilər"
İşgəncə verənlər Qurban Cümşüdov, Polad Əzizov, Cabir Qəhrəmanov, səslərindən tanıdığım hərbi hissənin zabiti Ruslan Mikayılov və həmin hərbi hissənin giziri Elçin Əliyev, Rəşad adlı başqa bir gizir idi. Mən onlarla birlikdə dəfələrlə təlimlərdə olmuşdum, bir yerdə çörək yemişdik, münasibətlərimiz vardı. Ona görə də onları xarici görkəmlərindən və səslərindən tanıya bilirdim. Su çəlləyinə salıb boğurdular və huşum itənə qədər suda saxlayırdılar. Dişlərimə, cinsiyyət orqanıma elektrik naqilləri qoşub “tok” verirdilər.
İşgəncə zamanı 1-ci korpusun komandirinin müavini Qiyas Abbasov, Fuad Ağayev, Hikmət Həsənovun özü və hərbi hissənin komandiri Teymur Məmmədovun və 1-ci kopusun qərargah rəisi Mübariz Rzayevin səslərin eşidirdim. Onlar tez-tez etiraf edib-etmədiyimlə maraqlanırdılar. Gördülər ki, yalanlarına qol qoymuram, əl və ayaq dırnaqlarımı kəlbətinlə dartıb çıxartdılar. İşgəncə zamanı, sonra həmin otaqdan başqa otağa sürüyüb aparanda elə olurdu ki, gözümdəki əski sürüşüb aşağı düşürdü. Orada mənə işgəncə verilən otağın qapısının ağzında hərbi hissənin xüsusi təyinatlı bölüyün komandiri Anar Ramazanovu da görmüşdüm.
İşgəncə gedişatında məni birinci mərtəbəyə aparıb həkim müayinəsindən keçirdilər. Gözümdəki əski düşmüşdü deyə müayinədə 3 həkimin iştirak etdiyini gördüm. Həkimlərdən biri ağbaş, 40-50 yaş arası, arıq, 1,60-1,70 metr boylu, digəri 35-40 yaşlı, 1,70-1,75 metr boyu, orta çəkili idi. Digərinin əlamətlərini isə xatırlamıram. Həkimlər hərbi formada idi və formanın üstündən ağ xalat geyinmişdilər. Həkimlər məni müayinə edəndən sonra nə yazdıqlarını bilmədim. Yenə sürüyüb 2-ci mərtəbəyə apardılar.
Otaqda olarkən yaxınlıqdakı hərbi hissədə xidmət etmiş, təqaüddə olan polkovnik-leytenant Saleh Qafarovu (işgəncələr zamanı ağzı cırılıb və döyülərək öldürülüb-E.M) gördüm. Salehə, “bu sənsən?” dedim. Gözləri bağlı idi, ağlaya-ağlaya kimliyimi soruşdu. Elmar olduğumu dedim. Saleh dedi ki, ona işgəncə verirlər və həmin işgəncələrə görə məcbur olub yalandan erməniyə işlədiyini deyib. Salehə eləmədiyi işi nahaq dediyini bildirdim.
Bu zaman otaqda olan və başımın üstündə dayanan bir nəfər sifətimə təpik vurdu. Mənə ardıcıl 4 gün işgəncə verdilər. İşgəncənin təsirindən huşumu itirdim. Bir də ayılanda Bakı şəhərində yerləşən hərbi hospitalda olduğumu bilmişəm. Hospitalda 4 gün əlim-ayağım çarpayıya bağlı vəziyyətdə saxlanılmışam. Huşum özümə gələndə eşitdim ki, bir nəfər “ayıldı” dedi.
Elə həmin gün bir avtomobilin yük yerinə qoyub apardılar. Hara olduğunu bilmədim. Əl-ayağım bağlı vəziyyətdə olsa da, məni harasa bağladılar. Güc verib qolumu bağlandığı yerdən dartıb çıxartdım və gözünü açdım. Otaq qaranlıq idi. Qapıya yaxınlaşıb baxanda bildim ki, haupvaxtadayam. Bir neçə dəqiqədən sonra bir neçə nəfər otağa daxil olub əlimi bağladılar. Bir müddət sonra oradan çıxarıb başqa bir otağa apardılar. Orada məni müstəntiq dindirdi. İfadə verdim, ermənilərlə əlaqəmin olmadığını dedim. Səhəri gün, 2017-ci ilin may-iyun ayında yenə əlimi və gözümü bağlayıb təqsirləndirlən şəxslərin daşınması üçün nəzərdə tutulan xüsusi avtomobilə mindirdilər. Həmin avtomobildə məndən başqa bir neçə şəxs də vardı. Kim olduqlarını bilmədim. Mən də, həmin şəxslər də lüt vəziyyətdə idik. Mənzil başına çatanda bildim ki, Yevlaxın ərazisindəki N saylı hərbi hissənin köhnə binasıdır. Aparıldığım otaqda həddindən artıq çox adam vardı. Hamı da işgəncədən ah-nalə edirdi. Bir müddətdən sonra qapı açıldı və “Allahverdiyev kimdir” deyə soruşdular. Oradakılardan kimsə məni işarə verdi. Bir neçə nəfər sürüyüb bir otağa apardılar.
Orada gözümü açanda gördüm ki, otaqda 10-a yaxın adam var. Yanımda 1 nəfər maskalı şəxs durmuşdu, əynində sarımtıl rəngli hərbi forma vardı. Otaqda olan şəxslər məni yenə sorğu-sual etdilər və dedilər ki, avtomobilimdən qumbara tapıblar. Avtomobilimdə qumbara gəzdirmədiyimi bildirdim. Ondan sonra məni xüsusi təcili yardım avtomobili ilə Bakı şəhərinə, DTX-nin hərbi hospitalına gətirdilər. Orada bir neçə gün müalicə aldıqdan sonra DTX-nın İstintaq Təcridxanasına aparıldım. Azərbaycan Respublikası CM-in 228.1-ci (qanunsuz olaraq silah, sursat əldə etmə, gəzdirmə) maddəsi ilə ittiham verildi.
Dövlətə xəyanət etməyim sübut olunmadığına görə 2017-ci ilin dekabrında CM-in 228.1-ci maddəsi ilə barəmdə başlanmış cinayət işi Tərtər Hərbi Məhkəməsinə göndərildi. Məhkəmənin hökmü ilə 9 ay müddətində azadlıqdan məhrum olundum. 2018-ci il fevralın 13-də azadlığa buraxıldım. Təxminən 2 gün sonra hərbi hissə komandirinin təlim-tərbiyə üzrə Elnur adlı müavini telefonuma zəng etdi, dedi ki, sən gəlib hərbi hissədən xidməti formanı götür, korpus komandiri Hikmət Həsənovun qəbuluna getməlisən.
“Hikmət Həsənov dedi ki, sən elə bilmə mən eləmişəm, səni Qiyas Abbasov tutdurub”
Elnura dedim ki, mən daha forma geymirəm, Hikmət Həsənova de ki, istəyirsə, mülki geyimdə gəlim. O da məruzə edib nəticəsini deyəcəyini bildirdi. Səhəri gün 1-ci Ordu korpusunun qarşısına çağırdı. Hikmət Həsənov məni xidməti otağında qəbul etdi və forma geyinməməyimin səbəbini soruşdu. Dedim ki, əynimə forma geyinib onunla xidmət etmək istəmirəm, inşallah, haqq-ədalət yerini tutar.
Hikmət Həsənov dedi ki, sən elə bilmə mən eləmişəm, sənin bu işdə getməyində mənim əlim yoxdur, səni Qiyas Abbasov tutdurub. Bir də dedi ki, hələ sənin əmrin yoxdur, onadək forma geyinib xidmətdə olmalısan. Mən də dedim ki, sizlə xidmət etməkdən imtina edirəm.
Qiyas Abbasov
Otağa Hikmət Həsənovun təlim-tərbiyə işləri üzrə müavini Babək Səmidli gəldi. Hikmət mənə dedi ki, heç yerdə, heç nə danışma, olanlar qurtarıb, bütün zərər-ziyanımı da qarşılayacaqlar. O söylədi ki, “Qiyas məni inandırdı ki, Elmar döyüşdən qaçdı, istəyirsən Babəki göndərim üzləşdirmə sənədlərinə baxsın, üzləşmədə də Qiyas yalan danışdığını boynuna alıb”.
Qiyasın ünvanına söyüş söydü, “ax tı tvar, demək məni aldatmısan” dedi. Babək Səmidlinin mobil nömrəsini mənə verdi və Hikmət dedi ki, nəyə ehtiyacım olsa, ona zəng edim. Həmin gün korpusdan 45 günlük məzuniyyət vərəqəsi verdilər...
Nəcməddin Sadıkovun bacısı oğlunun idarəsi Tərtər polisinə böhtan dolu məktub göndərib!
Elmar Allahverdiyev istintaqa ifadəsində həmçinin deyib ki, 2018-ci ilin təxminən mart ayında, dəqiq xatırlamadığı tarixdə ona zəng gəlib: "Zəng edən özünü Tərtər Rayon Polis Şöbəsinin müstəntiqi kimi təqdim etdi və şöbəyə yaxınlaşmağımı istədi. Elə zəng olunan gün Tərtər polisinə getdim. Polis rəisinin yanında müstəntiq dedi ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin (Həmin vaxt Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərov olub- E.M) məktub daxil olub və həmin məktuba əsasən izahat verməliyəm. Tələb etdim, məktubu verdilər, oxudum. Daxili Təhlükəsizlik Baş İdarəsindən göndərilən məktubda yazmışdılar ki, guya mən bəzi vaxtlarda Tərtər rayonunda gəncləri başıma yığıb dövlət əleyhinə çevriliş hazırlamışam. İzahat verdim və göstərilənləri təkzib etdim. Mən məzuniyyətə buraxılandan sonra Tərtərə, ümumiyyətlə, getməmişdim.
Hiss etdim ki, Müdafiə Nazirliyinin hansısa yüksək rütbəli şəxsləri mənimlə bağlı hansısa tədbirlər hazırlayır. Polisdən çıxan kimi Babək Səmidliyə zəng etdim. Dedim ki, arxadan vurmağı yaxşı bacarırsız, indi görün mən sizin başınıza nə oyun açıram. Babək Səmidli üz-üzə söhbət etməli olduğumuzu, polisin qarşısında gözləməyimi istədi. Küçədə ikilikdə görüşdük. Dedi ki, barəndə verilən məlumatlar yalandır, yoxlamışıq, bir daha belə bir şey olmayacağına söz verdi. Mən də dedim ki, artıq gecdir, bütün baş verənlərlə bağlı videoçəkiliş hazırlamışam. Həmin videonu yaxın bir adamıma göndərmişəm. Başıma bir iş gəlsə, mənə nə isə olsa, həmin video dərhal yayılacaq. 2018-ci ilin yazından 2020-ci ilədək Babək Səmidli ilə müntəzəm telefon danışıqlarım olub. O, hər dəfə susmağımı istəyib...
“Hikmət Həsənov işgəncə ilə bağlı mətbuata açıqlama verənləri şikayətlərdən çəkindirməyimi istəyirdi”
Elmar Allahverdiyev istintaqa ifadəsində Hikmət Həsənovun ondan “Tərtər işi”ndəki işgəncələr barəsində danışmaması, bu barədə mətbuata açıqlama verməməsini istədiyini göstərib: "Hikmət Həsənovun dəvəti ilə Bərdə şəhərindəki xidməti evində olmuşam. Məndən baş verənlər barədə danışmamağı, hətta işgəncə ilə bağlı mətbuata açıqlama verənləri şikayətlərdən çəkindirməyimi istəyirdi. 2018-ci ildən 2020-ci ilədək olan müddətdə Hikmət Həsənov Yevlax rayonu ərazisində, “Yevlax kruqu” deyilən yerdə, Bərdə şəhərində, Goranboy rayonu ərazisində özü şəxsən və Babək Səmidli vasitəsilə hər dəfə müxtəlif məbləğlərdə olmaqla müalicə xərclərimi verib. Hikmət Həsənovla telefon danışıqlarım və görüşlərim 2020-ci ilin yay aylarına qədər davam etdi. Ondan sonra əlaqələr kəsildi. 2020-ci ilin sentyabr ayında II Qarabağ müharibəsi başlayanda könüllü şəkildə müharibədə iştirak etdim. Şuşa, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi ilə bağlı medallarla təltif olundum. Eyni zamanda cəsur döyüşçü medalı almışam..."
Elmar Allahverdiyevin ifadəsi burada yekunlaşır. Hazırda isə Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə 3 ayrı-ayrı qrupun cinayət işi üzrə məhkəmə prosesləri isə davam edir.