Dövlət mediasının bildirdiyinə görə, Birləşmiş Ştatlar İslam Respublikasını Fars Körfəzi bölgəsində ticarət gəmilərini ələ keçirməkdən çəkindirmək məqsədi ilə bölgəyə daha çox döyüş təyyarəsi göndərdiyi üçün bazar günü İran ölkənin mərkəzi bölgəsində Hərbi Hava Qüvvələrinin illik təlimlərinə başlayıb.
Rəsmi İRNA xəbər agentliyi "Fədayian Velyat-11" və ya "Ali Rəhbərin Fədailəri-11" adlı təlimlərdə İranın Hərbi Hava Qüvvələrinın 11 bazasının iştirak etdiyini bildirib. Təlimlərdə strateji Hörmüz Boğazının mənsəbindəki Bəndər-Abbas limanının cənubunda yerləşən aviabaza fəaliyyət göstərir.
Hörmüz Boğazı bütün xam neftin 20%-nin keçdiyi Fars Körfəzinin dar hissəsidir.
Məlumatda bildirilib ki, təlimlərdə 90-dan çox qırıcı, bombardmançı və pilotsuz təyyarə iştirak edəcək.
Hərbi Hava Qüvvələrinin rəisi, general Həmid Vahidinin bildirdiyinə görə, təlimlərin məqsədi regionda dostluq, sülh və təhlükəsizlik mesajını göndərməkdir . "Gündəmdə dayanıqlı təhlükəsizlik, regional əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsi, dinc yanaşı yaşamaq və hava sərhədlərinin müdafiəsidir" - deyə, general bildirib.
İran vaxtaşırı belə təlimlər keçirir və deyir ki, bu təlimlər qüvvələrinin döyüş hazırlığını qiymətləndirmək və ölkənin hərbi imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulub.
ABŞ keçən həftə İranın ticarət gəmilərini ələ keçirmək cəhdlərindən sonra təhlükəsizliyi artırmaq məqsədi ilə Hörmüz Boğazı və Oman körfəzinə əlavə döyüş təyyarələri və döyüş gəmisi göndərdiyini bildirib. Pentaqon bildirib ki, bölgəyə "USS Thomas Hudner" hərbi gəmisini və bir neçə "F-35" qırıcılarını göndərəcək. amerianinsesi