Ermənistanda hərbi hissənin komandiri 19,5 milyon dram (təxminən 50 min ABŞ dolları) məbləğində rüşvət aldığı üçün həbs edilib.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, V. M. toxuculuq fabrikinin direktoru V. E.-nin maraqlarına uyğun qanunsuz hərəkətlərə görə 19,5 milyon dram rüşvət tələb edib və məbləğin bir hissəsini alıb.
İstintaq materiallarına görə, şirkət 2023-cü ildə Müdafiə Nazirliyinin tədarükçüsü olub və texniki tələblərə cavab verməyən (kiçik ölçülü) 70 min ədəd alt paltarı təhvil verib. “Buna göz yummaq” üçün hərbi hissə komandiri anbar rəisi vasitəsilə şirkətdən rüşvət kimi 12 milyon dram tələb edib.
O da məlum olub ki, bu, birinci dəfə deyil. Analoji “xidmətlərə” görə 6,5 milyon və 1 milyon dram məbləğində rüşvət daha əvvəl, 2022-2023-cü illərdə alınıb. Söhbət yenə də kiçik ölçülü alt paltarları və qadın ayaqqabılarının tədarükündən gedir. Hərbi hissə komandirinə pul anbar rəisi vasitəsilə ötürülüb.
İyulun 13-də həmin şəxslər saxlanılıb, onlara qarşı ittiham irəli sürülüb. Şübhəli şəxslər həbs olunub.