Yevgeni Priqojinin üsyanı Kremlin illərdir "Vaqner" qrupu vasitəsilə öz maraqlarını təbliğ etdiyi Afrika və Yaxın Şərqdə Rusiyanın təsir imkanlarını təhlükə altında qoyub. Vladimir Putin yeni şəraitdə bu təsir gücünü qorumaq üçün müxtəlif yollar axtarır.
"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" (NYT) nəşrində yayımlanan məqalədə bildirilir.
Nəşr qeyd edir ki, uzun illər Yevgeni Priqojinin nəzarətində olan "Vaqner" Latın Amerikası, Yaxın Şərq və Afrikada Rusiyanın qeyri-rəsmi “sirdaşı” kimi çıxış edib.
"Kreml "Vaqner" qrupu vasitəsilə dünyanın bu regionlarında nüfuzunu yaymaqla bərabər həm də diktatorlarla şübhəli ittifaqlar quran bu qrupdan rahat şəkildə istifadə edə bilirdi. Lakin Priqojinin üsyanından sonra bütün bu sistem bir gecədə çökdü. Hazırda Rusiyanın qlobal təsir perspektivləri şübhə altındadır", - deyə məqalədə qeyd olunur.
Bildirilir ki, Putinin qarşısında dünyaya səpələnmiş minlərlə "Vaqner" muzdlusu ilə necə davranmaq barədə bir neçə variant var.
Birinci variantda Putinin dövlət çevrilişinə cəhddə iştirak etməyən "Vaqner" döyüşçülərinin Rusiya ordusu ilə müqavilə bağlaya biləcəyi ilə əlaqədar təklifindən bəhs edilir. ABŞ nəşrinə görə, bu plan muzdlular arasında geniş yayılmayacaq və onları nizami orduya inteqrasiya etmək çətin olacaq.
İkinci variantda qeyd olunur ki, Putin "Vaqner"in xarici strukturunu olduğu kimi saxlayaraq, Priqojini başqa bir lider ilə əvəz edə bilər.
Bu, Moskvanın xarici siyasət strategiyasının məhv edilməsinin qarşısını alacaq və "Vaqner"in dəstəklədiyi Afrika rejimləri ilə qeyri-rəsmi tərəfdaşlığı qoruyub saxlayacaq. Ancaq adi muzdlular və orta səviyyəli komandirlər yeni rəhbərə tabe olmaqdan imtina edərsə, bu variant da işləməyəcək.
Üçüncü variantda isə "Vaqner" qrupunun tamamilə ləğvi və onun döyüşçülərinin Rusiyanın malik olduğu digər "özəl ordulara" paylanmasından söz açılır. Nəşr iddia edir ki, bu baş versə belə, "Vaqner"in bütün potensial varisləri Priqojin qədər təcrübəyə və təsir imkanlarına malik deyillər.
NYT sonda qeyd edir ki, Putinin "Vaqner"lə bağlı konkter bir planı yoxdur və bu səbəbdən də Rusiyanın xaricdəki təsir imkanları getdikcə azalacaq.