Nikol Paşinyan ordu üçün istədiyini edirdi, orduya lazım olanı deyil və heç bir əsaslandırmanın onun üçün heç bir dəyəri yox idi.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu “Faktİnfo”ya müsahibəsində Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan Ermənistanın Baş naziri Nikol Paşinyanın bugünkü bəyanatlarına cavab verərkən deyib.
Xatırladırıq ki, parlamentin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə komissiyasının iyunun 27-də keçirilən iclasında Paşinyan ordu üçün lazım olan hər şeyin edildiyini bəyan edib.
General bildirib ki, Paşinyan dəfələrlə ordu tərəfindən irəli sürülən istəkləri rədd edib. “Paşinyan deyəndə ki, ordu ondan nə istəyirdi, o, bundan imtina etmirdi... ona bir neçə epizodu xatırlatmaq lazımdır, məsələn, orduya pul lazım idi, ordu istədi, amma o vermədi. Üstəlik, pulun nə üçün lazım olduğu, konkret hansı məqsədə xidmət etməli olduğu barədə peşəkar və təfərrüatlı əsaslandırmalar var idi, lakin vəsait ayrılmadı”, - Xaçatryan bildirib.
Paşinyan hökumətinin yararsız hərbi maşınlarını almaq qərarına gəlincə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini deyib ki, bu hökumət hərbi maşınların alınması ilə bağlı qərar qəbul edəndə bunu istəyənlər olub.
“Bu müraciət edənlər kimlər idi və hansı əsasla SU-nu almağı xahiş ediblər? Bu məsələ ilə bağlı cinayət işi başlanır və mən özüm də bu işdə şahidəm. Ona görə də indi bu məsələnin təfərrüatlarını təqdim edə bilmərəm. Cinayət işi general-polkovnik Movses Akopyanın məşhur mətbuat konfransından sonra başlanıb”, - deyə general əlavə edib.
Hərbçilərin Paşinyandan medal və titul istəməsi mövzusuna toxunan Xaçatryan deyib ki, ola bilsin, Paşinyanın orduda xüsusi, isti və yaxın münasibəti olan şəxslər ondan medal və titul istəyiblər, amma o, bundan imtina etməyib və verib.