Rusiya və İran Xəzəri sürətlə hərbiləşdirirlər
Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, İrandan Rusiyaya uçuşlar müntəzəm xarakter alıb, silahlar dəniz yolu ilə də çatdırılır: “Rusiyanın Mahaçqala və Həştərxan limanları İrandan gələn hərbi yükləri qəbul edirlər. Bu iki ölkəni Xəzər dənizi birləşdirir və İran istehsalı olan hərbi texnika və silahlar dəniz yolu ilə çatdırılır”.
İranın Xəzər dənizindən Rusiyaya hərbi texnika göndərməsi ilə bağlı xəbərlər başqa mənbələrdən də təsdiqini tapır. Rusiya bir neçə il əvvəl Xəzərdən Suriyada Bəşər Əsəd rejiminə müxalif olanlara raket zərbələri endirirdi. Rusiya eyni zamanda Xəzərdən hərbi gəmiləri vasitəsilə Ukrayna ərazisinə raket zərbələri endirməkdə davam edir. Bununla həm Rusiya, həm də İran özlərinin imzaladıqları Xəzərin hüquqi statusunu müəyyənləşdirən konevsiyaya zidd siyasət yürüdürlər.
Rusiya son illərdə Xəzərdəki donanmasına 5 hərbi gəmi əlavə edib. Rusiya Xəzərdə sualtı gəmilərinin də sayını artırmağı planlaşdırıb. İran da Rusiya kimi Xəzərdə hərbi gəmilərinin sayını artırıb. İranın Xəzər dənizindəki “Dəmavənd” esminesi yeni raketlər və silahlarla təchiz edilib. İran hərbi gəmiləri vasitəsilə Rusiya pilotsuz təyyarələr və dron zavodu üçün avadanlıqlar göndərir.
Xəzər sahili ölkələrin liderləri 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq etdilər. Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub.
Rusiya və İran konvensiyanın bu bəndini pozurlar. Rusiya Xəzərdəki donanmasından Ukrayna ərazisi raket atəşinə tutmaqla bu ölkədəki infrastrukturu dağıdır, mülki insanlar həlak olurlar. Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə raketlərin atılması Konvensiyanın müddəalarını kobud şəkildə pozulmasıdır. Ukrayna Xəzər sahili ölkələrdən Azərbaycanla, Qazaxıstanla və Türkmənistanla tərəfdaşlıq münasibətlərinə malikdir. Rusiya həm Xəzər Konvensiyasını pozur, həm də bölgədən Xəzər sahili ölkələrin tərəfdaşının ərazisini bombalayır. Bununla Rusiya Xəzər dənizi akvatoriyasını hərbiləşdirir və bölgəni təhlükə mənbəyinə çevirir.
Kremlin Ukraynanı Xəzər akvatoriyasından bombalamasının bir neçə məqsədi var:
Birincisi, Xəzər qapalı su hövzəsidir. Bu akvatoriyada Xəzərə aid olmayan ölkələrin hərbi gəmilərinin üzməsi mümkün deyil. Ona görə Rusiya donanması Xəzərdən Ukrayna ərazisini bombalayarkən buradan özünə qarşı təhlükə gözləmir. Misal üçün Kreml Qara dənizdəki dəniz donanması vasitəsilə Ukraynanın bombalanmasına risq etmir. Çünki bu halda Ukraynanın cavabı olacaq. Qara dənizdə Ukraynaya tərəfdaş olan sahil ölkələri də Rusiya donanmasına problem yarada bilərlər. Xəzərdə Rusiya üçün belə bir təhlükə yoxdur.
İkincisi, Kreml Xəzər akvatoriyasından Ukraynanı bombalamaqla digər sahilyanı ölkələrə gücünü göstərir və Xəzərdə əsas hərbi gücün Rusiyaya məxsus olduğunu vurğulayır. Rusiya Xəzərdə hərbi gəmilərinin sayını artırmaqla yanaşı Dağıstan ərazisində yeni hərbi dəniz limanları tikib.
Xəzərə sahili olan ölkələr hələ ki, Rusiyaya etiraz etmirlər. Ancaq Rusiya Xəzərdən hərbi məqsədlərlə istifadə etməkdə davam edərsə, Xəzər sahili ölkələrin Konvensiyanın pozulmasıyla bağlı ortaq bəyanat hazırlayıb yaymasına ehtiyac yaranacaq. Rusiyanın mövqeləri zəifləyib və belə bir təyanatın yayılmasının zərurəti artıb. Bəyanat vasitəsilə Kremlə izah edilməlidir ki, Xəzər sahili ölkələr mövcud vəziyyətdən narazıdırlar və akvatoriyadan Ukraynanın bombalanmasının dayandırılmasını tələb edirlər. Rusiya və İranın Xəzərdə hərbi gəmilərinin sayının artıması Azərbaycan, Qazaxıstan və Türkmənistanın da Xəzərdəki hərbi donanmasını gücləndirməyə məcbur edib.
“Atlas” Araşdırmalar Mərkəzi
\Teref.az
 

Dünyapress TV

Xəbər lenti