"Təəssüflər olsun ki, o vaxt bəzi qüvvələr erməniləri xilas etdi" -
“Biz Aprel hadisələrinin 7-ci ilini qeyd edirik. Hesab edirəm ki, düşmən təxribatlarının qarşısını almaq məqsədilə ordumuzun həyata keçirdiyi 4 günlük cavab tədbirləri Azərbaycan ordusunun 1994-cü il mayın 12-də atəşkəs haqqında razılaşma imzalanandan sonra hansı gücdə olduğunu bütün bölgəyə və dünyaya nümayiş etdirdi”.

TEREF.AZ bildirir ki, bu sözləri Musavat.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik xatırladıb ki, Azərbaycan ordusu 1994-cü il mayın 12-nə qədər Horadiz əməliyyatı aparmışdı və Füzuli istiqamətində 22 yaşayış məntəqəsini, o cümlədən Cəbrayılın bir yaşayış məntəqəsini düşməndən geri almışdı:

“Amma təəssüflər olsun ki, o vaxt bəzi qüvvələr erməniləri xilas etdi. 2016-cı ildə düşmənin bizim yaşayış məntəqələrimizə, o cümlədən ön xətdə olan mövqelərimizə açdığı atəşi cavablandırdıq. Bu, qürurverici bir tarixdir. Ona görə ki, Azərbaycan ordusu bu döyüşlərdə nəyə qadir olduğunu göstərdi. Qısa bir müddətdə Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklərin, o cümlədən başqa bir istiqamətdə Lələtəpə və Cəbrayılın Cocuq Mərcanlı yaşayış məntəqəsinin geri alınması kimi hadisələrlə yaddaşımıza yazıldı. Tərtərin keçmiş Madagiz kəndində (Suqovuşan) düşmən qərargahının məhv edilməsi yaxın tariximizdə olub.

Hesab edirəm ki, Aprel döyüşləri bizim üçün qürurvericidir. Həmin döyüşlərdə biz xalq, ordu olaraq torpaqlarımızı heç bir halda düşmənə və ona havadarlıq edənlərə güzəştə getməyəcəyimizi bütün dünyaya nümayiş etdirdik. Aprel döyüşləri bizə inam verdi, atəşkəsdən sonra xalqımızın öz ordusuna inamını, güvənini daha da artırdı. Biz Aprel döyüşlərində Raquf Orucov kimi qəhrəmanımızı itirdik, digər şəhidlərimiz oldu. Bizim əfsanəvi generalımız Polad Həşimov da o istiqamətdə döyüşlərdə iştirak edirdi. Sonradan onun xidmət yeri başqa bir yerə dəyişdirildi. Bir sözlə, Aprel döyüşləri düşmənə bir siqnal idi. Amma onlar vaxtında o siqnaldan nəticə çıxarmadılar. Tovuz döyüşləri və Vətən müharibəsi düşmənin ağır məğlubiyyəti ilə yadda qaldı.

Hesab edirəm ki, 2016-cı il Aprel döyüşlərinin iştirakçılarına layiq olduqları qiymət hələ verilməyib. Ən azından o döyüşlərdə iştirak edən şəxsi heyətin əksəriyyəti hələ də döyüşlərin iştirakçısı kimi müharibə veteranı adı almayıb. Biz bu məsələni dəfələrlə gündəmə gətirsək də, nədənsə müvafiq qurumlar bunu qulaqardına vurur”.

Dünyapress TV

Xəbər lenti