İnsanlarımız çox vaxt haqlı olaraq soruşur ki, dövlət hara baxır, bu rüşvətxor məmurları görmürlər, bu boyda cinayət əməlləri olar və s...? Əlbəttə, sadə insanların bu cür suallarını başa düşmək olur...? Amma... Əmması odur ki, dövlət quruculuğu çox çətin, uzun, həm də məşəqqətli prosesdir. Gəlin, unutmayaq ki, biz o boyda şovinist SSRİ-dən qopmuşuq, onun Azərbaycanda nə qədər Ramiz Mehdiyev, Nəcməddin Sadıkov və onun kimi “təmsilçi”ləri var. Biz hələ Ermənistan kimi mənfur düşməni, qonşu İranı demirik. Elə bu yaxınlarda İranın ölkəmizdəki onlarla casusu həbs edildi. Son vaxtlar nə qədər nazir, komitə sədri, icra başçısı həbs olunub. Yəni deyəcəyimiz odur ki, çətin də olsa proses gedir. Cənab Prezidentimiz əbəs yerə demir ki, “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”. Bəli, hazırda ölkəmizdə böyük təmizləmə, “oçistka” prosesinə start verilib. Əbəs yerə deyil ki, tez- tez xəbərlərdə oxuyuruq ki, filan rektor ölkədən qaçarkən saxlanıldı...filan məmura STOP qoyuldu... filan nazir təlaş içərisindədir... Bir sözlə, bəzi məmurlar, biznesmenlər “siçovul” kimi qaçmağa hazırlaşırlar. Belə biznesmenlərdən biri də “Karqo Şamil”dir. Bəli, “Karqo Şamil” də çamadan əhval-ruhiyyəsindədir ( çemodannoye nastroeniye ) və taxta çamadanını dollarla doldurub start vəziyyətində dayanıb... Yəqin ki, “Karqo Şamil”i cəmiyyətimizə təqdim etməyə ehtiyac yoxdur. Uzun illərdir ki, yükdaşıma ilə, əsasən uzaq Çindən məhsulları ölkəmizə daşıyan “Karqo Şamil” PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin biznes şəriki olub. Bu hamıya bəllidir. Çünki uzun illərdir ki, Azərbaycanda Ramiz Mehdiyevin çətiri altında olmadan böyük biznes qurmaq mümkün olmayıb. “Karqo Şamil”in qurduğu cinayətkar mexanizmin qısa məzmununu açaq. Deməli, əslində yük daşıma şirkəti müxtəlif iş adamlarının, biznesmenlərin yükünü daşımaqla məşğul olmalıdır. Vəssəlam. Amma “Karqo Şamil” biznesmenlərdən tələb edir ki, məhsullarınızı mənim şirkətimin adına vurun və mən yükünüzü daşıyım. Əks təqdirdə sizə gömrükdə problem yaradacam. İndi gördünüzmü, “Karqo Şamil”in başı üstündə təkcə Ramiz Mehdiyevin deyil, həm də gömrük şeflərinin çətiri olub. Beləcə, yüzlərlə, minlərlə biznesmenin məhsulları “Karqo Şamil”in saxta şirkətlərinə göndərilir. Şamil bu məhsulları gömrükdən çox ucuz, rüsum-filan ödəmədən keçirir, sonra öz anbarlarına vurur, məhsulların sahiblərindən nəinki gömrük rüsumu, hətta 2-3 dəfə artıq pul alır və daha sonra... Bəli, Şamil bu yolla Azərbaycan dövlətinin büdcəsinə yüz milyonlar deyil, milyardlarla ziyan vurur. Bu hələ harasıdır..? Siz elə bilirsiniz ki, Şamil yüzlərlə şirkətinə görə, vergi ödəyir..? Ay-hay...”Karqo Şamil” tez-tez saxta şirkətləri ləğv edərək, cinayətin izini itirməyə çalışır. Və yenidən saxta şirkətlər açır. Və beləcə 10-15 ildir ki, bu əməllərini davam etdirir. Hərdən mediada oxuyuruq ki, filan ünvanda, filan mənzildə 50-60 şirkət qeydiyyatdan keçib. Bir mənzildə necə 50-60 şirkət qeydiyyatdan keçə bilər..? Bunlar hamısı saxta şirkətlərdir. “Karqo Şamil”lə dil tapa bilməyən biznesmenlərin yükü günlərlə, bəzən aylarla gömrük məntəqələrində qalır, külli miqdarda cərimə ödəməli olurlar. İndi bildinizmi, “Karqo Şamil” Azərbaycan iqtisadiyyatı üçün “qara yara”dır. Bu gün Şamilin Bakının Binəqədidə və Azərbaycanın hər yerində dövlətdən qaçaqmalçılıqla oğurladığı pullar hesabına dəyəri milyonlarla olan varidatı mövcuddur. Həmçinin, 1000 hektarlarla torpaq sahəsi var. Tikinti-inşaat sahəsində də biznes fəaliyyəti göstərən “Karqo Şamil” Bakı şəhərində tikdirdiyi binaları ilə də tanınır. “Karqo Şamil” həm də bu günə qədər onlarla mətbuat nümayəndələrini ya məhkəməyə verib, ya da müxtəlif yollarla susdurub. Təbii ki, bu işdə ona Ramiz Mehdiyev, daha doğrusu, Ramiz Mehdiyevin tam dəstəyini almış sabiq şöbə müdiri Əli Həsənov dəstək verdiyi şübhəsizdir. Redaksiyamıza daxil olan məlumata görə, son zamanlar “Karqo Şamil”in Qazaxstan Respublikasında külli miqdarda malları tutularaq müsadirə olunub. Bu adam öz ölkəmizdə etdiyi cinayətlərdən başqa qonşu dövlətlərlə də ölkəmiz arasında ciddi narazılıq yaradır. Sözün qısası, qanun qarşısında kimliyindən asılı olmayaraq hər kəs cavab verməlidir və dövlətə ziyan vuran şəxslər cəzalandırılmalıdır. Artıq Azərbaycanda TƏMİZLƏMƏYƏ start verilib. Əminik ki, “Karqo Şamil” cəzasını alacaq və onun dövlətdən oğurladığı on milyardlarla vəsaitlər dövlət büdcəsinə qaytarılacaq. "Karqo Şamil"dən qaytarılan pullar hesabına Qarabağı nəinki bərpa, hətta cənnətə çevirmək olacaq. //gundelik-baku.com//