|
ÜLVİ QULİYEV — MİLLİ MƏCLİSİN CİDDİ ZÖVQÜ VƏ TARİXİ ŞÜURU KÜT, NƏFSİ, TAMAHI İTİ DEPUTATI
Azərbaycan dərman məhsullarının 95 %-dən çoxunu idxal edir: Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və s. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir. Şura tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Aydındır ki, dünya Rusiya-Ukrayna müharibəsinin başladığı keçən ilin fevralından öncə olduğu vəziyyətdə olmayacaq. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Bu barədə dekabr ayında Milli Məclisdə çıxış edən Baş nazir Əli Əsədov da danışmışdı.
Lakin o da bəllidir ki, Azərbaycanda ərzaq və dərman bazarında qiymətlərin artmasında əsas amil məhz monopoliyadır. Dərman idxalı məsələləri bir neçə şəxsin əlində inhisara alınıb ki, onlardan biri də Ülvi Quliyevdir. Xoşagəlməz hal odur ki, Ülvi Quliyev təkcə öz mənfəətini güdən iş adamı deyil, həm də Milli Məclisin deputatı, necə deyərlər, “millət vəkilidir”. Başqa həmkarları qiymət artımları ilə bağlı narahatlıqlarını hətta “xala xətrin qalmasın” dilə gətirdikləri halda o, xalqın qanını sormaqla məşğuldur.
Hələ iki il əvvəl, pandemiyanın tüğyan etdiyi, əhalinin koronavirusdan qorunmaq, müalicə olunmaq üçün ölüm-dirim mübarizəsi apardığı, hökumətin isə iş adamlarına Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmələri üçün müraciət etdiyi bir vaxtda Ülvi Quliyev Londonda villa almışdı. Araşdırmaçı jurnalist Cavanşir Həsənli ölkənin ən iri dərman şirkətlərindən birinin və apteklər şəbəkəsindən sahibi oilan Ülvi Quliyev haqqında bunları yazmışdı: “Apteklərində həm də koronavurusa qarşı vasitələr satdıran deputatın Koronavirusla Mübarizə Fonduna yardım edənlər arasında adı yoxdur. Hələ Avropaya koronavurus yenicə yayılmağa başlayanda və Ümumdünya Səhiyyə Təşkilatı bu qorxunc bəla haqqında ilk xəbərdarlıqlarını edəndə cənab Quliyev Londonda dəyəri 700 min funt olan 4-cü ev üçün sövdələşmişdi. Deputat 2020-ci il martın 2-də oğlunun Londondakı UGANO LİMİTED şirkəti vasitəsilə İngiltərənin Hampshire Trust Bankı üzərindən 124 SQUİRES LANE ünvanındakı daşınmaz əmlaka ödəniş edib. Britaniya paytaxtının bu səmtindəki evlərin dəyəri 500 mindən 1 milyon funta qədər dəyişir.
Bundan əvvəl isə 2019-cu ilin fevralında deputatın oğlu Orxan Quluzadə Londonun SELLİNCOURT ROAD 149 və 151 ünvanlarındakı iki ev üçün sövdələşib. Sövdələşmə Britaniyanın Lendinvest Security Trustees Limited şirkəti vasitəsilə edilib. Əmlak şirkətləri həmin mənzillərin birini 750 min, digərini isə 500 min funt dəyərində qiymətləndirirlər.
Hampshire Trust Bankı üzərindən ötən ilin iyununda həyata keçirilən daha bir sövdələşmə isə BARNET, 20 MAYS LANE-dəki daşınmaz əmlaka – 4 otaqlı mənzilə aid olub. Yerli əmlak agentləri tərəfindən mənzil 712-787 min funt aralığında dəyərləndirilir”.
Onu da xatırlatmağa dəyər ki, Ülvi Quliyevin oğlu Orxan Quluzadə bir neçə il əvvəl Londonda “Miss USSR” (“SSRİ gözəli”) müsabiqəsinə bir ətək pul töküb. 2017-ci ildə o, “Rubicon Production” studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib. Nəyə görəsə müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin Londonda xiffətini çəkib. SSRİ dağılanda onun cəmi 2 yaşı vardı. O zaman İngiltərənin məşhur “İndependent” qəzeti də bu müsabiqə haqqında xəbəri “High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?” başlığı ilə təqdim etmişdi. Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda xarici siyasət direktoru olan Yan Bond “The Independent”ə bildirmişdi ki, “bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir”.
Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı “Caviar House”nin adı çəkilib.
O vaxtdan bəri dəyişən odur ki, deputat Ülvi Quliyevin maaşı artıb, satdırdığı dərmanların qiymətindəki artım isə dünyada baş verən proseslərlə əlaqələndirilərək, monopolist əməllərinə “haqq” qazandırılıb.
Mövzunu davam etdirəcəyik.
Dəryaz.az