Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
"İki vergi borcu ilə bağlı ardıcıl məlumat gəldi. 15 minə yaxın puldur. Təəccüb içindəydik. Axı bu nəyin cəriməsi idi? İlk bildiriş gələndə düşündük ki, nəsə yanlışlıq olub, çünki oğlum gəncdir, heç bir şirkəti yoxdur, iş axtarır. Özü də hərbi xidmətdən yenicə gəlib”.

Göyçay sakini Abbasəli Miriyev Meydan TV-yə başına gələnləri danışır.

Onun sözlərinə görə, 21 yaşlı oğlu Nicat Miriyev 2022-ci ilin noyabrından etibarən saxta sahibkarlıqla məşğul olan dələduzların qurbanı olub.

Dediyinə görə, 2021-ci ilin dekabrında işsizliklə əlaqədar Bakı şəhərinə yollanan Nicat Miriyev sosial şəbəkədə tapdığı iş elanının sorağı ilə Nərimanov rayonu ərazisində yerləşən özəl müəssisəyə baş çəkib: "Nicata deyiblər ki, işdə mühafizəçi tələb olunur. O da Əmrah adlı dostu ilə birlikdə elanda göstərilən ünvanda bir qadınla görüşüblər. Həmin "işçi” qadın onlardan şəxsiyyət vəsiqəsinin surətini tələb edib. Onlar qadına inandıqları üçün şəxsiyyət vəsiqələrinin surətini təqdim ediblər. Üstəlik, bilmədikləri hansısa bir sənədə imza da atıblar. Tələ də bununla başlayıb”.

"Çoxsaylı müraciətlərimizə cavab yoxdur”

Miriyevlər ailəsi ötən il noyabrın 16-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən xəbərdarlıq məktubu alıb.

Həmin məktubda bildirilr ki, 15 iyul 2022-ci il tarixdən Nicat Miriyevin ölkədən çıxışına qadağa qoyulub.

Ailə üzvləri deyir ki, məktubda "BANZOKAM GROUP” MMC-nin 8746,64 manat, o cümlədən "AMİRNON GROUP” MMC-nin dövlət büdcəsinə ümumilikdə 7107,94 manat vergi borcu olduğu qeyd olunub.

Şəki Kommersiya Məhkəmənin ötən il noyabrın 24-də çıxardığı qətnamədə isə bildirilir ki, ümumilikdə dövlət büdcəsinə olan 14431,25 manat borcu ödənilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılır.

Göyçay şəhəri Heydər Əliyev prospekti, 106 nömrəli Peşə Liseyinin qəzalı yataqxanasında yaşayan kasıb ailə düşdüyü bu vəziyyətdən çıxış yolu tapa bilmədiyini deyir.

Anası Vəfa Miriyeva deyir ki, dələduzluq faktı ilə bağlı ölkə başçısından tutmuş prokurorluq orqanlarına qədər bütün qurumlara müraciət edib. O, problemin araşdırılmasını, dələduzların aşkarlanaraq hüquqi məsuliyyətə cəlb olunmasını istəyir, ancaq müraciətlərə cavab gəlməyib: "Evsizlikdən, imkansızlıqdan dörd nəfərlik ailəmiz şəraitsiz yataqxanaya sığınıb. Mən tək internat məktəbində texniki işçi işləyirəm, yoldaşım da 2-ci qrup əlil, psixi xəstədir. Bunu eşidəndən əsəbləri daha da pozulub. Oğlum da işsizdir. Onun, ailəmizin heç bir şirkətlə əlaqəsi yoxdur. Hətta Şəki Məhkəməsində bizə şifahi olaraq bildirdilər ki, buna cinayət işi açılsa, lap övladınız həbs də olsa, siz bu pulu ödəməli olacaqsınız. Bizim isə bunu ödəmək imkanımız yoxdur. Məhkəmədən əvvəl və sonra bütün aidiyyəti qurumlara rəsmi müraciət göndərmişik, amma çoxsaylı müraciətlərimizə cavab yoxdur. O şirkətləri açanları da tapa bilmirik. Hüquq mühafizə orqanları nə üçündür? Araşdırıb dələduzları üzə çıxarsınlar, aid olmadığımız borcdan xilas olaq”.

"Borcu sildirdim, amma şirkətləri adımdan çıxarda bilmirəm”

Bakıda yaşayan Laçın sakini Vüsal Mirzəyev də 10 ildir ki, eyni dələduz əməlindən əziyyət çəkir.

Vəkil tutmaqla adına açılan iki şirkətdən yığılan 50 min manat vergi borcunu sildirsə də, şirkətləri ləğv etdirə bilmir.

Deyir ki, yenidən 23 min manat vergi borcu yığılıb: "Üç nəfər idik. Bir qohumum bunları tapmışdı. O da demişdi ki, işsizlər varsa, gətirin. Getdik adımıza VÖEN açıldı, heç pul da verilmədi. Bizim rayonda 50 nəfərin adına belə şirkətlər açıblar. Hər yerə müraciət etdim, vəkil tutdum, bizi aldadan iki nəfəri məhkəməyə cəlb etdik. Biri pul verib canını qurtardı. O biri etiraf etdi və həbs olundu. Borcu sildirdim, amma şirkətləri adımdan çıxarda bilmirəm. Yenidən şikayət vermişəm, məhkəmənin qətnaməsini gözləyirəm. Həmin şirkətin VÖEN-ini açdıran adamlar sənədləri verməlidirlər ki, şirkəti adımdan çıxarım. Əvvəl, axır iş Vergi Cinayətləri Araşdırma Mərkəzinə dönür. O dələduzların səlahiyyətli himayədarları var”.

"Gəncədə məhkəmə olub, bizim xəbərimiz yoxdur”

Əslən Ağdamın Xıdırlı kəndindən olan və Bakıda yaşayan 23 yaşlı Ağamirzəyev Cavanşir Təyyar oğlu da bu tələyə düşənlərdəndir.

Atası Təyyar Ağamirzəyev deyir ki, nə rəsmi məktub, nə də məhkəmə bildirişi gəlib.

18239, 31 manat vergi borcundan isə bu il yanvarın 21-də oğlunun telefonuna gələn bildirişdən xəbər tutublar: "İki il öncə oğlumu iş vədi ilə Bakıda aldadıb adına VÖEN açdırıblar. Bunu da edən oğlumun naxçıvanlı əsgər yoldaşınının atası olub. Oğlan atasını oğluma qoşub ki, guya iş düzəldir. O da aldadıb, 200 manat verib. Şirnikləndirici vədlərlə adına "PADİŞAH” MMC açdırıblar. Uşaq Rusiyaya getməli idi. Bildiriş gəldi ki, bu qədər vergi borcu var. Dəfələrlə oğlumun əsgər yoldaşına zəng etdik, atası ilə danışmaq istədik. Oğlu deyir ki, atam ölüb. Gəncədə məhkəmə olub, amma bizim xəbərimiz yoxdur. Belə dələduzluq olar?”

Hüquqşünas Taleh Hüseynov Meydan TV-yə deyib ki, ölkədə vətəndaşların məlumatsızlığı üzündən saxta sahibkarlıqla məşğul olan dələduzların sayı artıb.

Onun sözlərinə görə, həmin şəxslər müəyyən şirnikləndirici maraqlar qarşılığında "qurban” axtarışındadırlar. Belə saxta sahibkarlıq xətti ilə şirkətlər tək şəxsiyyət vəsiqəsilə yaradılmır: "Bir neçə yolu olsa da, hazırda ölkədə ikisi daha çox yayılıb. Biri şəxsin özü ilə birlikdə "Asan İmza”nın verilməsi ilə bağlıdır. Mobil operatorlardan birindən nömrə əldə edib onu aktivləşdirmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edib şirkəti qeydiyyatdan keçirirlər. Qeydiyyatdan sonra adına şirkət açılan şəxs üçün notariusa gedərək şirkətin adından etibarnamə alırlar. Həmin etibarnamə ilə məzmuna uyğun istənilən əməliyyatı həyata keçirmək mümkündür. Digər üsul isə adına şirkət açılan şəxs tərəfindən ümumi hüquqların etibar olunmasına dair etibarnamənin verilməsi yolu ilə həyata keçirilir”.

"Həmin etibarnamədə ASAN Xidmət Mərkəzlərində təmsil olunmaqla yanaşı, "Asan İmza” kartını və sertifikatın əldə edilməsi xüsusi göstərilməlidir. Bu etibarnamə ilə şəxsin adından hüquqi şəxs (şirkəti) yaratmaq, nizamnamə təsdiq etmək, vergi orqanına ərizə təqdim edərək şirkət yaratmaq mümkün olur. Bu səbəbdən vətəndaşlar notariat orqanlarında etibarnamə verərkən diqqətli olmalıdırlar”, – hüquqşünas qeyd edib.

Hüquqşünas bu cür şirkətlərin, adətən, birdəfəlik maliyyə əməliyyatları üçün təsis edildiyini qeyd edir.

Onun sözlərinə görə, başqalarının adına şirkət yaradan dələduzlar isə Cinayət Məcəlləsinin 178-ci və digər maddələrinin sanksiyasında nəzərdə tutulan hüquqi məsuliyyətə cəlb olunmalıdır: "Bununla bağlı "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı var. Bu cür dələduzluq əməlləri ilə qarşılaşan şəxslər prokurorluq orqanlarına və ya Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etsinlər”.

Daxili İşlər Nazirliyindən Meydan TV-yə bildirilib ki, bu cür dələduzluq əməlləri onların inzibati fəaliyyətinə aid deyil.

"Qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir”

Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov Meydan TV-yə deyib ki, dəfələrlə müraciətlər edilsə də, etibardan sui-istifadə edərək qanunsuz gəlir əldə edənlərin sayı ilbəil artır.

Onun fikrincə, əksər hallarda vətəndaşlar vergi ödəyicisi olduqlarını, şəxsən məsuliyyət daşıdıqlarını bilmir və onlar səhv məlumatlandırılırlar: "Vətəndaşlar sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmalı və özlərinə aid elektron imzadan digər şəxslərin istifadə etməsinə şərait yaratmamalıdır. Qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına alınmış elektron imza ilə təsis olunan hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar. Qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir”.

"Vətəndaşlar bilməlidirlər ki, digər şəxslərə etibar etdikləri, yaxud 3-cü şəxslər vasitəsilə həyata keçirdikləri istənilən qeydiyyat prosesi, elektron imza onları gələcəkdə bu və ya digər şəkildə hüquqi məsuliyyətin subyektinə çevirir. Vətəndaş sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən dövlət orqanlarında qeydiyyat prosesi zamanı bu cür risklərin müəyyənləşdirilməsi mümkün olmur və bu halda bütün məsuliyyət elektron imzaya sahib olan vətəndaşın üzərinə düşür”, – deyə o bildirib.

O bildirib ki, müəyyən vədlər qarşılığında (pul, əmlak girovu və s), özünün elektron imzasını etibarnamə əsasında digər şəxsə təqdim edən vətəndaş vergi borcu, əmlak üzərinə həbs qoyulması, müflisləşmə ilə üz-üzə qala bilər: "Çünki "Asan İmza” bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləmək üçün vətəndaşın mobil identifikasiyasıdır. "Asan İmza” bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir. Bütün bunları nəzərə alaraq, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlıamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər”.

Şahin Məmmədov deyib ki, bu cür dələduzluq faktlarının qarşısının alınması ilə bağlı Dövlət Vergi Xidmətində yeni tədbirlər üzərində iş gedir.

"Qanun sərtləşsə, normal fəaliyyətlə məşğul olmaq istəyən iş adamları əziyyət çəkər”

İqtisadçı Natiq Cəfərli hesab edir ki, ölkədə müəssisələrin qeydiyyatdan rahat şəkildə keçməsi bu cür dələduz faktlarının artımına rəvac verir.

Dediyinə görə, Azərbaycan biznes qeydiyyatının sadəliyinə görə dünyada ilk onluqdadır: "Üstəlik, dələduzluq faktının həm səlahiyyətli şəxsin özünün iştirakı, həm də qeyri-leqal yolla, yəni yaxın şəxslərinin etibarından istifadə etməsi ilə yaradılması hüquqi şəxsi məsuliyyətdən azad etmədiyindən saxta işbazların əməli artır”.

Ekspert saxta işbazlar və dələduzluq faktına görə qanunun sərtləşməsini isə uyğun saymır: "Üç gün ərzində rahat şəkildə müəssisəni, istənilən hüquqi şəxsi qeydiyyatdan keçirmək mümkündür. Yəni bu qədər rahat biznesi qeydə ala bilirsən. Birincisi, vətəndaşların bəziləri məsuliyyətsiz yanaşırlar. Onlara yaxınlaşıb belə təkliflər irəli sürüləndə müəyyən miqdarda da 200-300 manat təklif edirlər. Kasıb əhalinin də çox zaman qanundan, hüquqdan başı çıxmır, ona görə də bu təklifə razılaşırlar. Müəyyən müddətdən sonra isə şirkətin vergi borcu onun adına gəlir, bunu istifadə edənlər, pulu alanlar heç bir hüquqi məsuliyyət daşımır. Elə hallar olub ki, bir vətəndaşın adına onlarla, hətta 100 yaxın şirkət açırlar. Qanun burada məsuliyyət qoymur. Bundan da istifadə edib həm vergidən, həm də sonrakı məsuliyyətdən yayınmaq rahat olur”.

"İkincisi idə odur ki, qeyri-leqal yolla "Asan İmza” vətəndaşın güvəndiyi şəxslər tərəfindən əldə edilir. Əldə edilmiş "Asan İmza” ilə də elektron xidmətlər, o cümlədən notarial xidmətlər görülür. Buna görə də bu cür dələduzluq faktlarının qarşısını almaq və həlli üçün qanunun sərtləşdirilməsi yetərli deyil, çünki qanun sərtləşərsə, normal iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən iş adamları əziyyət çəkər. Bunun üçün sosial çarxların, sosial reklamların mətbuatda, televiziya və radiolarda maarifləndirici tədbirlərin aparılması, insanların maarifləndirilməsinə ehtiyac var. Dələduzların marağı isə budur ki, heç bir hüquqi məsuliyyət daşımırlar, vergi borcu ödəmirlər. Bir müddətdən sonra ya kameral, ya stasionar yoxlamalar zamanı hansısa şirkətin borcları aşkarlanır. Ölkədə 200 mindən çox hüquqi şəxs qeydiyyatdan keçib. Onları hər il yoxlamaq da mümkün deyil. Ona görə 2-3 ildən bir yoxlamalar aparılır və vergi borcu yığılmış belə saxta sahibkarlıq yolu ilə açılmış şirkətlər üzə çıxır. Məlum olur ki, iri məbləğdə borcla büdcədən yayınmalar var. Nəticədə də həmin saxta işbazlar məlumatsız vətəndaşları belə çıxılmaz durumla üz-üzə qoyur”, – Natiq Cəfərli belə deyib.

"Hərəkətə keçməzsə, vətəndaşı ciddi problemlər gözləyir”

Hüquqşünas Ələsgər Məmmədli təklif edir ki, saxta işbazların tələsinə düşmüş vətəndaşlar öncə şirkətin necə açıldığını mübahisləndirməlidirlər: "Bu addımı atan şəxslər aşkarlanıb dələduzluqla bağlı cinayətə cəlb olunmalıdır. Öncə qeydiyyatda olduğu prokurorluq orqanlarına ərizə ilə müraciət edilməlidir. Baxılmadığı təqdirdə prokurorluq orqanının qərarından məhkəməyə müraciət olunmalı və ən yaxşı halda isə vəkil tutmaqla təqsirsizliyi sübut edilə bilər. Bu Prokurorluq orqanlarının işidir. Şikayət olunmalıdır, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılmalıdır. Vətəndaş şikayət ərizəsində yazmalıdır ətraflı ki, hansı ərazidə görüş olub, hansı bank hesabından pulları o şəxslər çıxarıb, pulu hansı formada almasına dair, eləcə də banka girişləri, çıxışları hamısının görüntüsü var və araşdıralarkən üzə çıxarmaq mümkündür”.

"Adətən, bir günlük şirkətlər olur, satınalmalarda iştirak edir və külli miqdarda pul götürürlər. Pul çəkilir, ancaq iş görülmür. Pul daxil olanda onu nağdlaşdırarkən bir faiz, yaxud gəlir vergisi beş faiz vergi ödəməlidir. Nəticədə də ödənilmir və vətəndaşın adına açılan müəəsisənin vergi borcu yaranır. Ona görə Prokurorluq orqanlarına şikayət edilməlidir. Əgər şikayəti təmin edilməzsə, vətəndaş təqsirsizlik qərarından məhkəməyə müraciət edə bilər. Məhkəmədə isə işin yoxlanılmasına sıfırdan başlanılacaq. Eyni zamanda, vətəndaş prokurorluq orqanına etdiyi şikayət ərizəsini şəxsiyyət vəsiqəsi ilə birgə vergi orqanına təqdim etməlidir ki, adına açılan şirkətdə vergi borcunun yığılması dayandırılsın. Ən yaxşı halda isə vəkil tutaraq bütün lazımı tədbirləri gördürə bilər. Çünki balaca iş deyil, ciddi dələduzluq faktıdır. Üstünə düşülmədiyi təqdirdə ən yaxşı halda ölkədən xaricə çıxışı məhdudlaşdırıla, ən pis halda həbs oluna bilərlər. Yəni hərəkətə keçməzsə, vətəndaşı ciddi problemlər gözləyir”, – deyə hüquqşünas qeyd edib

Baş Prokurorluğun Mətbuat Xidməti isə Meydan TV-nin mövzu ilə bağlı sorğusunu araşdırdığını deyib.
 //Meydan TV//

Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
Dövlət dələduzların VERGİSİNİ VƏTƏNDAŞA ÖDƏTDİRİR?
 

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti