Bakı şəhəri, Nizami rayonunda yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.
DİA.AZ bildirir ki, Yenicag.az-a daxil olan şikayətlərə əsasən keçmiş baş həkim Ameran Qurbanovanın fəaliyyəti dövründə yeyinti hallarına yol verdiyi və eyni zamanda öz səlahiyyətlərindən sui-istifadə etdiyi iddia olunur.
Belə ki, keçmiş baş həkim xəstəxananın problemləri ilə maraqlanmamaqla yanaşı, müayinə üçün gələn xəstələrin əlavə çətinliklərlə üzləşməsinə yol açan özbaşınalıqlara yol verib. Bu baxımdan, artıq 1 ildən çoxdur ki, xəstəxanada ultrasəs müayinə (uzi) aparatı yoxdur. Ona görə də xəstələr müayinə üçün ya Keşlədəki, ya da Nefçilər metrosu yaxınlığındakı başqa poliklinkaya göndərilir. Bu isə xəstələrin vaxt itkisi ilə yanaşı, əlavə xərclə yüklənməsinə yol açır.
Eyni zamanda, xəstəxananın palatalarının rütubətli olması yataq rejimində olan xəstələr üçün əlverişsizdir və bu, onların sağlamlıqları üçün təhlükədir.
Bundan başqa, bu xəstəxanada kanalizasiya sisteminin də tibbi otağın tam yanında olması antisanitariyaya yol açıb.
Qeyd edək ki, xəstəxanadan verilən açıqlamada ultrasəs müayinə (uzi) aparatının işləməməsi ilə bağlı rəsmi orqana dəfələrlə müraciət etsələr də, geri cavab almadıqlarını bildirdilər. Kanalizasiya sistemi ilə bağlı sualımıza isə tərəddüdlə, “hal-hazırda düzəltməyə gəliblər”, – cavabını verdilər.
Redaksiyamıza daxil olan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.