Həkimlər reklam üçün bu aparıcılara 20 min manat verir
Televiziyaların populyar aparıcıları xalqı aldatmaq, hətta dolandırmaq adına həkimləri reklam edərək fantastik pullar qazanırlar…

Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb.

Müəllif proqramlarında əhalini maarifləndirmək adı altında hansısa "ekspert” və "mütəxəssislər” reklam edilir. Manipulyativ xarakterli bu özfəaliyyət tamaşaçıya "tibbi maarifləndirmə proqramı” tipli verilişlərdə daha qabarıq şəkildə diqqəti çəkir.

Əgər əvvəllər telekanallar müxtəlif xəstəliklər, tibbi məsələlər, səhiyyə sahəsində mövcud olan problemlərlə bağlı az-çox sanballı verilişlər hazırlayırdısa, son dövrlər tamamilə başqa tendensiya diqqəti çəkir: hansısa həkimlər canlı yayıma və ya tibbi məzmunlu verilişlərə çağırılır, aparıcı isə qonaqla ciddi mövzuda söhbət etməkdənsə, daha çox onun ünvanına "bəy tərifi” yağdırmaqla məşğul olur. Vəziyyət o həddə çatıb ki, artıq həkimlər ölkənin çox izlənilən tok-şou və populyar şou verilişlərinə belə ayaq açıblar.

Məsələn, teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspert kimi saatlarla otururlar. Əsl şou da elə bu dəvətlər dəb halını alandan sonra başlayıb.

Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi”, "ən yaxşı cərrah”, "ən yaxşı travmatoloq”, "ən bacarıqlı ginekoloq” və s. kimi təqdim edirlər. Belə proqramlarda peşə etikası, hətta reklam haqqında qanunun tələbləri ciddi şəkildə pozulur, aparıcılar hansısa "mütəxəssis” barədə şəxsi, subyektiv fikirlərini tamaşaçılara həqiqət, real informasiya kimi sırımağa çalışırlar… Sirr deyil ki, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır.

Vəziyyət o həddə çatıb ki, ölkədə həkimlər qeyri-rəsmi olaraq, 2 kateqoriyaya bölünüb: reklamı güclü olanlar, başını aşağı salıb işini görənlər.

Təbii ki, şou və əyləncəli proqramlarda reklam olunan həkimlərin pasiyentlərinin də sayı artır. Qabiliyyəti, savadı üstün olan həkimlər isə bu reklam şoularına qatılmır və daha az pasiyentlə kifayətlənməyə məcbur olurlar. Məsələnin ziyanlı tərəfi həm də ondan ibarətdir ki, teleaparıcıların sayəsində tamaşaçı pulu olan, ancaq yetərincə bacarığı olmayan belə "həkim”lərin toruna düşür. Pasiyentlər kifayət qədər pul sərf etsələr də, həmin həkimlərin apardığı müalicə və əməliyyatlar çox zaman nəinki uğurlu olmur, hətta bir çoxlarına sağlamlıqlarını itirmək bahasına başa gəlir.

Medicina.az saytı populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətləri barədə araşdırma aparıb.

Məlum olub ki, telekanalların reklam paketlərindən əlavə teleaparıcılardan Zaur, Xoşqədəm və Elgizin proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.

Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir.

Telekanallarda Xüsusi sponsor qiymətləri aşağıdakı kimidir.

ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən” proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır.

Zaur Baxşəliyevin verilişinə şəxsən çıxmaq üçün əlavə ödəniş tələb oluna bilər. Yeri gəlmişkən, aparıcı bu yaxınlarda həyat yoldaşı və özünü "Azərbaycanda ən bahalı reklam edən aparıcısı” elan etmişdi.

ATV-nin "Nanəli” proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir.

ARB kanalında Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişində sponsor qiyməti 17-20 min manatdır.

Verilişin xüsusi sponsoru olmayan (yəni 17 min manatı ödəməyən) həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. Xoşqədəm Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir.

"Elgizlə İzlə” verilişində reklam paketi 8-9 min AZN-ə başa gəlir.

Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir və aparıcının özünə aiddir.

Tarix Əliyevin ("Tolik”) MUZ.TV -də yayımlanan "Ümid ilə gəl” verilişində sponsor paketləri 5 min manatdan başlayır. Həkimlərin həftədə 1-2 dəfə efirdə görünməsi isə 3 min- 3 min 500 manatdır.

Sponsor paketində həkim və ya klinikanın reklamı rolik şəklində göstərilir və aparıcı tərəfindən səsləndirilir.

Həkimin birbaşa həmin verilişə qatılması, tanıdılması və aparıcı tərəfindən şəxsən təqdimatı ayrıca hesablanır.

Bir neçə il əvvəl Xoşqədəm Hidayətqızının verilişinə qatılan həkimlərdən biri hər ay üçün əlavə pul ödədiyini bildirib:

"Kanala ayrıca reklam paketi ödənişi etdim. Xoşqədəm xanımın verilişində təqdimatı üçün ayrıca pul verdim. Həmin vaxt xəstə çox oldu, otağımın qarşısı dolu idi. Özəl klinika rəhbərliyi bunu görüb, mənə ayrıca mərtəbə ayırdı, otaqları çoxaltdı. Klinika bizə reklam üçün pul vermir. Həmin il mən telekanallarda müxtəlif proqramlara 35 min pul xərclədim. Bu məbləği ikiqat çıxardım. Amma sonra pandemiya oldu. Daha sonra icbari tibbi sığortaya görə xəstələr mənim etdiyim əməliyyatı sığorta ilə etdirməyə başladılar. Ona görə xəstə sayı çox düşdü. İndi həmin verilişlərdə reklam qiymətləri qalxıb”.

Adı çəkilən verilişlərdə aylarla "ən yaxşılar” kimi təqdim olunan göz həkimi, ginekoloq, cərrah, travmatoloq, pediatr, kök hüceyrə mütəxəssisləri, eləcə də uroloq və böyrək həkimlərinin reklamdan sonra qəbul qiymətlərinin artdığı da bildirilir.

Xüsusən bölgələrdən həmin həkimlərin qəbuluna xəstə axını müşahidə olunur. Xüsusən yaşlı nəslin nümayəndələri yaxınlarından onları Zaur, Xoşqədəm və Elgizin reklam etdiyi həkimə aparmağı tələb edirlər.

Beləcə, aparıcıların reklam etdiyi həkimlər peşəkar həmkarlarını üstələyir, onların kabinetlərinin qarşısında pasiyent növbəsi yaranır. Bəzi həkimlər bir gündə 50 xəstə qəbul edir və təbii ki, gəliri artır. Daha sonra onlar bu gəliri növbəti, daha yüksək məbləğli reklam dövriyyəsinə buraxır.

Bir maraqlı nüansı da qeyd edək ki, tanınmış göz həkimi, professor Rasim Hacıyevlə müsahibə zamanı həmin aparıcılardan birini öz uşağını müalicə üçün onun qəbuluna gətirdiyinin şahidi olduq. Hətta həkimdən yarızarafat, yarıciddi "aparıcı niyə övladını reklam etdiyi "bir nömrəli göz həkimi”nə deyil, sizin yanınıza getirir” sualını verdik. Belə aydın olur ki, teleaparıcılar öz və ailə üzvlərinin sağlamlığını reklam etdikləri və xalqa məsləhət gördükləri həkimlərə etibar etmirlər…

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti