“Yeni Ələt” dəmiryol stansiyasında parklanmış vaqonların bilərəkdən yandırıldığı iddia edilib.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan müraciətdə bildirilib.
Belə ki, ərazidə olan vətəndaşlardan biri saytımıza “Yeni Ələt” dəmiryol stansiyasında rels üzərində olan vaqonların bilərəkdən yandırıldığına dair görüntülər yollayaraq hadisənin qəsdlə törədildiyini iddia edib:
“Sözügedən stansiyada vaqonların yandırılması adi hal alıb. Mütəmadi olaraq bu hal müşahidə edilir. Bu vaqonlar, əslində, maddi maraq məqsədi ilə yandırılır. Əvvəlcə tonlarla çəkisi olan vaqonlar oğurlanır. Yaxın müddətdə də 10-dan çox vaqon oğurlanıb. Daha sonra onlar yandırılır və sonra istismara yararsız kimi aktlaşdırılır. Bununla da dəmir parçası, “metallolom” kimi satılır”.
Vətəndaş məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırılmasını istəyir və vurğulayır ki, “Yeni Ələt” dəmiryol stansiyasında bunun kimi başqa qanunsuz faktlar da var.
Məsələ barədə Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ barədə Qaradağ Rayon Polis İdarəsinə şikayət daxil olub:
“Aparılan araşdırmalar zamanı Ələt qəsəbəsində 10-dan çox vaqonun oğurlanması barədə səsləndirilən iddialar öz təsdiqini tapmayıb.
Belə ki, qeyd edilən ərazi müvafiq qaydalara uyğun olaraq satılandan sonra həmin yerdə olan aidiyyəti dövlət orqanına məxsus vaqonlar oradan çıxarılaraq mühafizə olunan vaqonların saxlanıldığı depoya aparılıb”.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən isə saytımıza bildirilib ki, vətəndaş tərəfindən ötürülən fakt və sübutların ADY-yə təqdim edilməsi xahiş olunur.