Prezident İlham Əliyev 05 oktyabr 2021-ci il tarixdə İbrahim Ənvər oğlu Mustafayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzaladı və bu vəzifəyə 11 avqust 2022-ci il tarixdə Orxan Çingiz oğlu Mürsəlov təyin olundu. Qeyd edək ki, Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunana kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında məsul vəzifə sahibi olur. Buradan görünür ki, təqribən bir ilə yaxın müddət ərzində Gədəbəy rayonunda icra başçısı vəzifəsini müavin icra edir və ötən bir ilə yaxın müddət ərzində əksəriyyətin nəzər-diqqəti, ümumi müzakirələr və s. hansı şəxsin bu rayonun rəhbərliyinə təyin olacağına yönəlir. Nəhayət, 11 avqustda Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olundu və o, ilk günlərdən başlayaraq rayonun Çalburun, Səbətkeçməz, Arısu, İsalı və s. kəndlərində şəhid ailələri və ağsaqqallarla görüş keçirdi, Gədəbəy şəhərində yerləşən Şəhidlər Xiyabanında oldu, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının məzarlarını ziyarət etdi. Bəli, ilk günlər bu yöndə atılan addımlar hər kəsin nəzərində gənc və enerjili olan Orxan Mürsəlovun, məhz işgüzar vəzifə sahibi olacağı qənaətini formalaşdırdı. Amma, atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli, çox keçmədi ki, bu rayonda özünü doğrultmağa başladı. Yəni, günlər, həftələr, aylar keçdikcə Orxan Mürsəlova olan inam əməlli-başlıca inamsızlığa çevrildi. Hal-hazırda Gədəbəyin özündə və ətraf yaşayış məntəqələrində baş verənlər, məhz hər kəsi belə qənaətə gəlməyə sövq edir. Məsələn, 11 avqust 2022-ci il tarixdən Gədəbəy RİH-nin başçısı vəzifəsini daşımağa başlayan Orxan Mürsəlov, son vaxtlar sabiq icra başçısı İbrahim Mustafayevin kadrlarına “əlvida” demək qərarına gəlib. Söylənilənlərə görə, artıq RİH Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Vidadi müəllimlə bağlı belə bir qərar verilib və bu şəxsin daşıdığı vəzifə “hərraca çıxarılıb”. Bundan əlavə bəzi şəxslərə isə, hazırda boş olan «Kamxoz»a rəhbər təyin olunacaqları ilə bağlı “yağlı vədlər” verilib. Söylənilənlərə görə, bu məqsədlə bəzi şəxslərlə məxfi danışıqlar aparıldığının işartıları da hiss olunmaqdadır. Yayılan söz-söhbətlərə görə, Orxan Mürsəlovun icra başçısı təyinatından sonra Gədəbəyin istirahətə yararlı olan meşə zolaqlarına elə bir formada divan tutulur ki, ümumi mənzərəni görüb eşidən hər kəs, sanki öz-özlüyündə “şaxsey-vaxsey” deməli olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev adlı şəxs, bir müddət bundan öncə öz şəxsi hesabına rayonun Qaramurad kəndindən Arqıran kəndinə gedən yolu qaydaya saldırarkən İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin İlyas oğlu Kazımov, yolun qaydaya salınması işlərini görür və bu haqda rayon rəhbərliyinə məlumat ötürür. Həmin günün səhəri Nazim Əliyevi RİH-nə çağrırlar. İcra başçısı Orxan Mürsəlov ona “Sən kimsən ki, yol qaydaya saldırısan? Məgər dövlət yoxdurmu? Dövlət də var, dövlətin pulu da!” deyərək, ona qarşı hərbə-zorba gəlir.
Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, rayonun İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımov, indiyə kimi Novosaratovka kəndi ərazisində, daha dəqiq desək “N” saylı hərbi hissənin qarşısında təqribən 1 ha torpaq sahəsini zəbt edib. Hətta, bu şəxs həmin ərazidən Şınıxa gedən yolun üstündə 7 (yeddi) ədəd yaşayış evi tikir və az sonra o, tikdirdiyi evləri imkanlı şəxslərə satır.
Şahin Kazımovun “Spornı” adı ilə tanınan ərazidə Arqıran kənd sakinlərinə məxsus pay torpaqlarında tövlə tikdiyi də bildirilir. Unutmaq olmaz ki, qeyd olunan həmin ərazidə tikinti işləri aparmaq qadağan olunsa da, İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi heç bir tələbə əhəmiyyət vermir və bu yöndə düşündüyü addımını atır. Rayon sakinləri arasında dolaşan söz-söhbətlərə görə, bu şəxs çox böyük təsir imkanına sahibdir. Məsələn, söylənilənlərə görə o, xeyli müddət bundan öncə 30 min “haqq-hesab”ın müqabilində oğlunu RİH Aparatında işə düzəltdirir. Bu şəxsin qardaşı sovxoz direktoru olarkən, sovxozun əmlakını, o cümlədən bir çox texnikaları, mal-qaranı, qoyun-quzunu ələ keçirib mənimsəmələri haqda da məlumatlar dolaşır. Maraqlı hal o olur ki, mənimsəmə faktları ilə bağlı rayon prokurorluğunda araşdırmalar aparılsa da, az sonra bu yöndə davam etdirilən araşdırmalar dayandırılır. Yəqin ki, buna nə səbəb olur, o haqda kimlərsə ətraflı məlumata malikdirlər.
Bir müddət bundan öncə, rayonun Novosaratovka kəndində ulu öndər Heydər Əliyevin adını daşıyan parkın aşağı hissəsində, daha dəqiq desək Dairə Seçki Komissiyasına (DSK) gedən mərkəzi magistral yolun kənarındakı göstərici- plakat yerli-dibli çıxarılır və yolun kənarı qazılır. Hal-hazırda həmin yolun qazılmış hissəsində heç bir sənədi olmayan yeni obyektin inşaa olunmasına hazırlıq işləri görülməkdədir.
Gələcəkdə inşa olunacaq obyektin RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevə və İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımova məxsus olacağı söylənilir. İnşa olunacaq bu obyektə dair heç bir sənəd olmasa da, nədənsə rayon rəhbərliyi, yaxud da digər vəzifə sahibləri bununla bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırmırlar, yaxud da heç bir sorğu məktubu göndərmirlər. Yəqin ki, bu obyektin inşa olunması ilə bağlı rəhbərliyin özü ətraflı məlumata malikdir. Dolaşan başqa bir söz-söhbətlərə görə, gələcəkdə həmin obyektdən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunacaq. Hal-hazırda rayonun Slavyanka kəndində, hansı ki, yüksək gərginlikli elektrik xətlərinin altında da, heç bir sənədi olmayan obyektin inşa olunduğu bildirilir. Bu obyektin inşaası Gədəbəy RİH başçısının şəxsi nəzarətində olduğu da vurğulanır.
Son vaxtlar Gədəbəy rayonunda yaşanan xoşagəlməz olaylardan biri də, hal-hazırda Bakı şəhəri Səbail rayonunda qeydiyyatda olan Əliyev Nazim Əli oğlunun üz-üzə qaldığı problemin varlığıdır ki, yerlərdə bu problem daha çox müzakirə olunmaqdadır. Məsələn, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev Səbail rayonunda qeydiyyatda olsa da, o, əslən Gədəbəy rayonundandır. Xeyli müddət bundan öncə o, boya-başa çatdığı bu rayonun Novosaratovka kəndində, hansı ki, şəxsi mülkiyyətində və istifadəsində olan evinin yaxınlığında, Dövlət mülkiyyətində olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsini 15 (on beş) il müddətinə icarəyə götürüb balıqçılıq təsərrüfatı yaratmaq qərarına gəlir. Bu məqsədlə Nazim Əliyev əvvəlcə Gədəbəy Rayon İcra Hakimiyyətinə məktub ünvanlayır.
Bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaqda əsas məqsədi, məhz həmin ərazidə Akvakultura obyektlərinin rekreasiya yetişdirilməsini, həmçinin hər il təqribən 5 (beş) ton çəkidə balıq yetişdirib əldə olunan balıq məhsullarının bazar qiymətlərinə uyğun satışını təşkil etməyi nəzərdə tutur. Qeyd edək ki, gələcəkdə təsərrüfat fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmək məqsədilə o, fiziki şəxs olaraq öz adına VÖEN açdırır və üzərinə düşən lazımi öhdəlikləri yerinə yetirəcəyinə qərar verir. Nazim Əliyevin etdiyi bu müraciət əsasında, 08 aprel 2022-ci il tarixdə Gədəbəy RİH tərəfindən qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasının məqsədəuyğun olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə məktub göndərilir. Nazirliyə göndərilən məktub əsasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin sahəyə baxış keçirirlər, lazımi foto-şəkillər çəkirlər. Hətta, onlar akt da tərtib edib, qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasını məqsədəuyğun hesab edirlər.
Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən, Gədəbəy RİH başçısının 09 avqust 2022-ci il tarixli 176/8-6 saylı məktubu və Azərbaycan Respublikası ƏMDX yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 24 avqust 2022-ci il tarixli 2201129843 saylı məktubu əsas götürülür və Nazim Əliyevin icarəyə götürmək istədiyi 1,5 ha torpaq sahəsinin Yerquruluşu Planı təsdiq olunur.
Düzdür, bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə Gədəbəy RİH-nə müraciət etdiyi vaxtlarda və ünvanlanan qurumlardan müsbət cavab gələndən sonra, Novosaratovka kəndindəki evinin yaxınlığında kiçik bir göl olur. Elə ki, Nazim Əliyev bu yöndə müyəyyən işləri görməyə başlayır, o halda bəzi şəxslər onu Gədəbəy RİH-də vəzifə sahibi olan şəxslərlə görüşməyə məcbur edir. Bu şəxsin ilk görüşü RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu ilə baş tutur. Nazim Əliyev bu şəxsin qəbulunda olarkən, Vüsal Musayev ilk söhbəti zamanı ona “Sənin fikirin nədir, nə etmək istəyirsən? Eşitmişik ki, 40 min manat təklif etmisən, əgər pul versən bir həftəyə sənədlərini qaydaya salıb özünə verərəm” deyir. RİH rəsmisinin belə danışıq və təkliflərindən sonra o, ona “mənim o qədər pulum yoxdur” cavabını verir. Az sonra Nazim Əliyev ona “bəs sizin fikiriniz nədir?” deyə sual verir. Vüsal Musayev bu suala verdiyi cavabında “məsləhətləşib sənə bir cavab deyərəm” deyir. Bir həftədən sonra isə, Nazim Əliyevin həyətinə polis əməkdaşları göndərilir və ona bildirirlər ki, “evinin yaxınlığındakı kiçik balıq gölü dağıdılacaq”. O halda o, ləngimədən RİH başçısının qəbuluna yazılır və icra başçısı Orxan Mürsəlovun qəbulunda olur. Həmin vaxt RİH-nin başçısı Nazim Əliyevə “Axı sənədləşmə işlərinin həyata keçirilməsinin qaydalarını Vüsal Musayev sənə başa salıb. Bir də ki, sənin burada heç bir sənədin yoxdur. Biz sənə heç bir sənəd verməyəcəyik” deyir. Nazim Əliyev bu cavabdan sonra rayon rəhbərinin ümumi fikirini başa düşür və ləngimədən RİH tərk edir. O, çox keçmir ki, bu dövlət qurumuna təqdim etdiyi, amma burada çalışan bəzi vəzifə sahiblərinin öz aralarında itbata saldıqları sənədləri təkrar əldə edir. Yəni, Nazim Əliyev bir həftədən sonra 11 saylı Şəmkir Ərazi İdarəsindən sənədlərin surətlərini çıxartdırır, təsdiqlətdirir, daha sonra Qazax rayon şöbəsində möhür vurdurur və təkrar əldə etdiyi sənədləri RİH-nə təqdim etmək qərarına gəlir. Bu məqsədlə o, yenidən Orxan Mürsəlovun qəbulunda olmaq istəsə də, onun belə bir cəhdi heç cür baş tutmur və Nazim Əliyevi Vüsal Musayev qəbul edir. Elə ki, o, RİH rəsmisinin qəbulunda olur, o halda Vüsal Musayev ona “Bu sənədləri mən görmüşəm, götürməyimə də ehtiyac yoxdur. Sənin nə qəşəng kostyumun var, vurduğun ətir də gözəldir. Amma, cibində nə qədər pulun var, onu bilmirik” deyir. O halda Nazim Əliyev başa düşdür ki, bu vəzifə sahiblərinin onu get-gələ salmaqda başqa məqsədləri var. Yəni, həmin şəxslərin niyyətləri ondan pul almaq olur.
Bütün bunlara baxmayaraq, Nazim Əliyev dəfələrlə Gədəbəy RİH Aparatına müraciətlər etsə də, qeyd olunan ərazidə onun balıqçılıq gölü yaratmasına, buna görə də lazımi ölçüdə torpaq sahəsinin ayrılmasına icra başçısı Orxan Mürsəlov, heç bir sərəncam imzalamır. Baxmayaraq ki, xeyli müddət bundan öncə möhtərəm Prezident İlham Əliyev cənabları yerli sahibkarlara ünvanladığı müraciətində qeyd etmişdi ki, “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. O halda sual oluna bilər ki, əgər ölkə rəhbəri yerli sahibkarlara qarşı belə bir yanaşma ortaya qoyursa, bəs səbəb nədir ki, Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov və onun müavini Vüsal Musayev, bu gün də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə qarşı belə bir addımlarını atırlar? Yəni, bu da onu sübut edir ki, hər iki vəzifə sahibinin bu şəxsə bəslədikləri “xor münasibət”, əslində ölkə rəhbərinin iradəsinə zidd getməkdən başqa bir şey deyil.
Başqa bir faktı da qeyd edək ki, hal-hazırda Nazim Əliyevin şəxsi mülkiyyətində bir neçə ağır texnika, o cümlədən ekskvator, traktor və s. var ki, həmin texnikalar Novosaratovka kəndində onun evinə yaxın yolun kənarında dayandırılır. Elə ki, rayon rəhbərliyində olan şəxslər qeyd olunan yoldan, yaxud da həmin yola yaxın ərazidən keçirlər, o halda “Texnikaları yol kənarından götüzdürün” deyə, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlar verirlər. Bundan əlavə, bu şəxsin gələcəkdə balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə, şəxsi vəsaiti ilə alıb çay kənarına üstüstə yığdığı beton piltələri də, çay kənarından götürməyə məcbur edirlər. Yəni, həmin şəxslər beton piltələri gah çay kənarına, gah da çay kənarından başqa yerə daşıtdırırlar. Söz yox ki, bütün bunlar müəyyən xərclər hesabına başa gəlir ki, bu da Nazim Əliyevin heç bir əsas olmadan əlavə xərcə düşməsinə səbəb olur. Bir sözlə, bu gün Gədəbəy RİH-nin rəhbər şəxsləri bu şəxsə məxsus texnikaları, çay kənarına yığdığı beton piltələri bir yerdən digər yerə daşıtdırmaqla, Nazim Əliyevə qarşı qarşı qisasçılıq etməklə məşğul olurlar.
Bu yöndə atılan addımlar onu sübut edir ki, Nazim Əliyev kiçik bir sahibkar olaraq xeyli vaxtdır ki, Gədəbəy RİH başçısının və onun müavininin belə bir xoşagəlməz hərəkətləri ilə üz-üzə qalıb. Yəni, hər iki vəzifə sahibinin bu şəxsə qarşı göstərdikləri münasibət Nazim Əliyevi zinhara gətirdiyi üçün, artıq o, özünə qəsd etmək zorunda qalıb.
P. S. Redaksiyamıza daxil olan məlumatlara görə, Orxan Mürsəlov icra başçısı vəzifəsinə təyin olunduqdan iki ay sonra, dövlətin verdiyi nəqliyyat vasitəsini bəyənmir və özünə təqribən 190.000 manat dəyərində son model, qara rəngli “Land Cruiser” markalı avtomobil alır. Başqa bir məlumata görə RİH-nin başçısı bu avtomobilin ilkin 100.000 manatını nəğd şəklində ödəyir, qalan 90.000 manatını isə kreditə salır. Bu haqda məlumatlı olan gədəbəylilər deyirlər ki, icra başçısının üçün 90.000 manat nədir ki, üç boş qalan vəzifəni «hərraca çıxartsa» tam şəkildə ödəyəcək.
Nazim Əliyev İcra Başçısının bu özbaşınalığından təngə gəldiyi üçün, Prezident İlham Əliyevə rəsmi məktubla müraciət etdiyi bildirilir.