Naxçıvanın ən gəlirli sahəsi sahəsi “Gestapo” sektorudur. Naxçıvanlı iş adamlarını soğan kimi soyan, sahibkarlığı qəsdən məhv edən Gestapo rejimi yerli rəsmi büdcənin formalaşmasında da özünəməxsus rol oynayıb.
Ovqat.com-un ələ etdiyi rəsmi sənədlərə görə, Muxtar Respublikada cərimə və xüsusi vəsaitlər üzrə daxilolmalar 889 min 236 manat olub.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 2022-ci ilin may ayı ərzində fəaliyyəti barədə Ali Məclisin sədri Vasif Talıbova təqdim etdiyi hesabatda bildirilir:
“Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi qanunvericiliyə və öz Əsasnaməsinə uyğun olaraq fəaliyyətini 2022-ci ilin may ayı ərzində də davam etdirmişdir.
May ayında dövlət büdcəsinin gəlirləri 13 milyon 338 min 754 manat olmuş, vergi daxilolmaları 9 milyon 336 min 544 manat, gömrük daxilolmaları 3 milyon 112 min 974 manat, cərimə və xüsusi vəsaitlər üzrə daxilolmalar 889 min 236 manat təşkil etmişdir.
2022-ci ilin may ayı ərzində dövlət büdcəsinin xərcləri 65 milyon 35 min 100 manat təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin 2022-ci ilin may ayı ərzində qəbul etdiyi qərar və sərəncamlar icra üçün rəhbərliyə alınmış, aidiyyəti tədbirlər həyata keçirilmişdir.
Cari ilin may ayında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi tərəfindən 2 büdcə və 2 qeyri-büdcə təşkilatında nəzarət-təftiş tədbirləri aparılmasına başlanılmış və əvvəlki dövrlərdə nəzarət tədbirləri aparılmış təşkilatların xərc sənədlərində, yoxlama materiallarında aşkar edilmiş qanunsuz və ya səhv hesablama nəticəsində artıq ödəmə hallarının günahkar şəxslər hesabına dövlət büdcəsinə bərpa edilməsi istiqamətində işlər icraata alınmışdır.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə muxtar respublikada həyata keçirilən tikinti-quraşdırma işləri ilə əlaqədar qiymət analizlərinə baxılmış və müvafiq tənzimləmələrin aparılması davam etdirilmişdir.
Maliyyə Nazirliyi tərəfindən yaradılmış “Şəkərli və şəkərsiz diabet xəstələrinin elektron informasiya sistemi” və “Dializ olunan xəstələrin elektron informasiya sistemi” vasitəsi ilə muxtar respublika ərazisində qeydiyyata alınan diabet və dializ xəstələrinin müvafiq dərman preparatları ilə təminatına nəzarətin həyata keçirilməsi üçün ümumi aylıq statistik hesabatlar alınmış və gələcəkdə müqayisəli araşdırmaların aparılması məqsədilə Maliyyə Nazirliyində hazırlanmış bazaya yerləşdirilmişdir.
Büdcə təşkilatlarında maliyyələşmənin həyata keçirilməsi üçün muxtar respublikanın mərkəzi və yerli xəzinədarlıq orqanları tərəfindən təşkilatların ilkin maliyyələşmə sənədləri müvafiq qaydada yoxlanılaraq qeydiyyata alınmış, ay ərzində xəzinə əməliyyatları aparılaraq maliyyələşmə tam həcmdə həyata keçirilmişdir.
Aparılmış maliyyələşmə sənədləri müvafiq xəzinədarlıq orqanının elektron bazasında qeydiyyata alınmış, xidmət göstərilən büdcə təşkilatlarından ay ərzində istifadə olunmuş vəsaitlər barədə hesabatlar yığılaraq icmallaşdırılmışdır.
Bankdan təqdim olunmuş sənədlər əsasında büdcə gəlirlərinin təyinatına uyğun olaraq büdcəyə daxil olunması və xərclərin vahid büdcə təsnifatına uyğun olaraq ünvanlı istifadəsinin təmin edilməsi həyata keçirilmiş, gündəlik balans sənədi hazırlanmışdır. Təqdim olunmuş sifarişlər əsasında xəzinələrarası köçürmə sərəncamları hazırlanmış, icrasına nəzarət edilmişdir.
2022-ci ilin may ayı ərzində yerli maliyyə orqanlarından, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsindən aylıq daxilolmalar barədə hesabatlar alınaraq gəlirlərin icrasına nəzarət edilmiş, icmallaşdırılaraq hesabat tərtib edilmiş və yerli gəlirləri təmin edən orqanlardan proqnozun icrasına dair məlumatların alınması təmin edilmişdir.
Xəzinədarlıq orqanları tərəfindən əməliyyatların düzgün aparılmasına aylıq nəzarət həyata keçirilmiş, müvafiq hesabat sənədləri hazırlanmışdır.
Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən artıq ödənilmiş vergilərin və dövlət rüsumlarının qaytarılmasına dair müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilmişdir.
Mənzil və kommunal təsərrüfatı təşkilatlarından maliyyələşmə ilə bağlı sifarişlər qəbul edilmiş, daxilolmaları müvafiq qaydada təhlil olunaraq maliyyələşmə həyata keçirilmişdir.
Ay ərzində ciddi hesabat, protokol, qərar və qərardad blanklarının sifarişi və tələbat üzrə təmin edilməsi işi həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının ali dövlət, məhkəmə-hüquq və icra orqanlarında qəbul günləri”nə uyğun olaraq may ayı ərzində Nazirliyə müraciət etmiş vətəndaşların müraciətləri dinlənilmiş, məsələlərin həlli istiqamətində qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.
Maliyyə Tədris Mərkəzinin tədris plan-qrafikinə uyğun olaraq 2022-ci ilin may ayında “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində 1 təlim keçirilmiş və hamiliyə verilmiş təhsil müəssisələrində tələbələrlə görüşlər təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi”