Son zamanlar Azərbaycanda təqaüdə çıxmaq istəyən, yaxud “təkrar araşdırma” məqsədilə pensiyası kəsilən vətəndaşlar ciddi problemlə qarşılaşıb. Hurriyyet.az-a daxil olan məlumatlar əsasında deyə bilərik ki, xüsusən də cəzaçəkmə müəssisələrində məhkum həyatı yaşayan insanların bu məsələdə daha çox haqqı tapdalanır.
Belə ki, Ədliyyə Nazirliyinin strukturuna daxil olan Penitensiar Xidmətin Tibb Baş İdarəsi əlillərin və digər məhbusların təqaüdlərinin bərpa olunması üçün onların sənədlərini Tibbi Sosial Sığorta İdarəsinə göndərməyə çalışsa da, bu, mümkün olmur. Yəni bir aydan çoxdur ki, məhbusların sənədlərini Tibbi Sosial Sığorta İdarəsinin elektron bazasına yerləşdirə bilmirlər. Səbəb də odur ki, Tibbi Sosial Sığorta İdarəsi elektron sistemin yenilədiyini deyir. Amma idarədən o da bildirilir ki, bu proses cəmi 3 gün çəkib. İddia olunur ki, bu günlər ərzində sistem bağlı olsa da, qalan vaxtlarda belə bir problem yaşanmayıb.
Tibbi Sosial Sığorta İdarəsinin məlum iddiasına rəğmən, Penitensiar Xidmətin Tibb Baş İdarəsindən deyirlər ki, hələ də elektron sistemə daxil olmaq mümkün olmur.
Yeri gəlmişkən, bu problemlə təkcə Penitensiar Xidmətin Tibb Baş İdarəsi qarşılaşmayıb. Biləsuvar rayon Mərkəzi Xəstəxanasından da “Hürriyyət”ə təsdiq ediblər ki, Tibbi Sosial Sığorta İdarəsinin elektron bazası bağlı olduğundan, pensiyaya çıxmaq istəyən vətəndaşların sənədlərini bu idarəyə göndərə, yəni onların sisteminə daxil ola bilmirlər.
Penitensiar Xidmətin Tibb Baş İdarəsi də Hürriyyət”ə açıqlamasında bildirib ki, sistem bağlı olduğundan, hazırda məhbusların sənədlərini elektron bazaya daxil etmək mümkün olmur.
Tibbi Sosial Sığorta İdarəsi isə sistemdə hər hansı problem olmadığını iddia edir. Bununla belə, konkret olaraq Penitensiar Xidmətin Tibb Baş İdarəsinin nə üçün belə bir problemlə qarşılaşdığı haqda yoxlama aparıb, cavab verəcəklərini bildiriblər. Lakin günlərdir hələ də “yoxlama gedir”.
Əlbəttə, vətəndaşların pensiyalarının bu cür yollarla gecikdirilməsi heç də təsadüf deyil. Qeyd edək ki, istər məhbus həyatı yaşayan insanların, xüsusən də müharibə əlillərinin və sağlamlıq durumu məhdud olan digər vətəndaşların pensiyaları 1 ildən çoxdur “təkrar araşdırma” aparılması adı ilə kəsilib və onlardan sənədlərini yenidən Tibbi Sosial Sığorta İdarəsinə göndərmələri tələb olunub. Lakin indiyədək məhbus həyatı yaşayan əlil vətəndaşların sənədləri Penitensiar Xidmətin Tibb Baş İdarəsi tərəfindən Tibbi Sosial Sığorta İdarəsinə göndərilmir...
Son bir həftə ərzində biz “Hürriyyət” olaraq bu məsəli ilə bağlı geniş araşdırma başlatdığımızdan, indi də deyirlər ki, Tibbi Sosial Sığorta İdarəsinin elektron bazası bağlı olduğundan, məhbusların sənədlərini sistemə daxil edə bilmirik.
Şübhəsiz, bu kimi süründürməçiliyin məqsədi odur ki, Tibbi Sosial Sığorta İdarəsinə sənədlər nə qədər çox gec gedərsə, pensiya da bir o qədər gec kəsilər. Yəni yeni qanunvericiliyə əsasən, vətəndaşlara pensiya onların sənədləri Tibbi Sosial Sığorta İdarəsinə daxil olan tarixdən kəsildiyi üçün, bu cür yollarla insanların “cibinə girirlər”.
Əslində, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin dediyi “biz 200 milyon vəsaitə qənaət etmişik”, - fikri də məhz burdan qaynaqlanır. Görünən odur ki, nazirin “qənaət” etdiyi vəsait məhz burdan yaranır. Belə ki, Sahil Babyev əlillərin pensiyasını yubatmaqla büdcəyə “qənaət” edir.
Bu da onu deməyə əsas verir ki, Sahil Babayevin sayəsində hökumətimiz “dilənçi” vəziyyətinə düşüb, gözünü əllilərin, yaşlı insanların cibinə dikib.
Hurriyyet.az
P.S. Mövzuya qayıdacağıq.