Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki böyük “Zeytunluq” dalanı adlanan ərazi taleyin ümidinə buraxılıb. Minlərlə zeytun ağacı olan böyük ərazi baxımsızlıqdan məhv olmaq üzrədir. Yaşıllıqlar aylardır sulanmır, ağaclar budanmır və göz görə-görə məhv edilir.
Bu barədə Tribunainfo.az-a yaxımlıqda yaşayan sakinlər məlumat verib. Onlar bildirir ki, böyük bir ərazini əhatə edən zeytun ağacları ilə məşhur bağda ağacların çoxu susuzluqdan artıq yanıb. Bütün yay ayı ərzində bağ bir dəfə də sulanmayıb. Torpaq qup-quru, ağaclar günəşdən məhv olmaq üzrədir:
“Halbuki sulansa, baxılsa ağaclar daha da yaşıllaşar, məhv olmaz. Sulanmadığı üçün bar da vermir. Biri gəlib ağacı kəssə 3-4 durum birdən gəlib cərimə yazacaq. Bəs niyə özləri bu ağacları yandırıb məhv edirlər. Bu da cərimələnməli hal deyil ki?”.
Sakinlər bildirib ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Ancaq vəziyyət dəyişmir:
“Neçə dəfə aidiyyati qurumlara müraciət etmişik. Bir bu cavabı verirlər ki, məsuliyyətsiz işçiləri cəzalandıracağıq. Aylardır cəzalandırılan yoxdu. Nə də gəlib bağa baxan, ağacları sulayan var. Gəlin, su verin bu ağaclara, yazıqdı, məhv olur bu yaşıllıq. Noyabrda COP29 keçiriləcək Bakıda. Binəqədi rayonu belə hazırlaşır COP29-a? Binəqədi Rayon İcra Hakimiyyəti tədbir görsün , rayonun ərazisidir də, onların adıdır. Axır bir qurum yoxdu ki, bu ağacları məhv olmaqdan qurtarsın?”.