Səbail rayonu Əziz Əliyev küçəsində tarixi binalara müdaxilələr edilir, Səbail Rayon İcra Hakimiyyəti isə buna göz yumur.
Tribunainfo.az xəbər verir ki, bu barədə sakinlər yazıb. Onlar bildirir ki, tarixi binalarda yaşayan sakinlər bu cür binalara artırmalar edirlər. Binanın ön hissəsi, yəni əsas küçəyə baxan hissəsinin fasadı yenilənib olduğu kimi saxlanılsa da, arxa hissəsinə müdaxilələr edilib.
Şikayətçilər bildirir ki, şəhərin mərkəzindəki tarixi binaların əsasən küçə fasadlarının ilkin formada saxlanılmasına nəzarət olunur. Amma memarlıq abidəsi sayılan belə binaların demək olar hamısının həyət fasadları ciddi dəyişikliyə məruz qalır.
Bu cür binalardan biri də Əziz Əliyev küçəsindədir. Yaşayış evinin ön fasadı baxımlı olduğu halda, arxa tərəfində artırma inşa edilib.
Sakinlər qeyd edir ki, bu tarixi binaya müdaxilədir və tez bir zamanda qarşısı alınmalı, tədbir görülməlidir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışacağıq.