Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun 11 iyul 2020-ci ildə rayon ərazisində qanunsuz və özbaşına tikinti aparması səbəbindən vəzifədən azad olunduğu çoxlarına sirr deyil. Hurriyyet.az-ın araşdırması onu deməyə əsas verir ki, hazırkı icra başçısı Coşqun Cəbrayılov da sələfinin yolu ilə sürətlə addımlamaqdadır.
Görünən odur ki, C.Cəbrayılov xüsusilə də 2024-cü ildə daha böyük sərmayə toplamaq niyyətindədir. Axı, heç də boşuna deyilməyib ki, “ili necə başlayarsan, sonadək elə də davam edər”. Çox güman ki, Nizaminin icra başçısı da Yeni il gecəsi, yəni dünya 2024-cü ilə qədəm qoyduğu bir ərəfədə rayon ərazisində yeni qurulan obyektin xeyir-duasını verməklə, ilin sonunadək “qaz vurub, qazan doldurmaq” niyyətində olub...
Mövzunu çox da uzatmadan dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, 2013-cü ilin 31 dekabrından 2024-cü ilin 1 yanvar tarixinə keçən gecə Nizami Rayon İcra Hakimiyyəti binasının düz “qulağının dibində” - “Neftçilər” metrostansiyasının çıxışında, yəni əhalinin ən sıx hərəkətdə olduğu yerdə ticarət köşkü qoyublar. Bu köşkün sahibinin kim olduğu haqda dəqiq bir söz deyə bilmərik. Lakin həmin köşkün sözügedən ərazidə qoyulması üçün rayon rəhbərliyinə ən azı 50-70 min manat ödənildiyi haqda iddialar var. Üstəlik, ərazidə olan ticarətçilərin dediyinə görə, yeni köşkün aylıq icarə haqqı ən azı 3-4 min manat olacaq.
Bütün bunlara əsasən deyə bilərik ki, Coşqun Cəbrayılov 2024-cü ilə heç də pis başlamayıb. Belə ki, o, nəinki Yeni il süfrəsinin xərcini çıxarıb, üstəlik “yastıq altına qoymağa” xeyli miqdarda vəsait də əldə edib. Əlbəttə, biz bu köşkün gəlirinin tam olaraq icra başçısına çatdığını iddia etmək fikrindən uzağıq. Ola bilər ki, tapşırıq “yuxarı”dan gəlib və C.Cəbrayılov heç qara qəpik də əldə etməyib. Yaxud, o da mümkündür ki, bu məsələdə icra başçısının müavinlərinin əli var, Cəbrayılova ətraflı məlumat verilməyib. Amma bu köşkün hamı evində bayramı qeyd etdiyi, əksər məmurların isə 2024-cü ili xaricdə qarşılamağa hazırlaşdığı bir vaxtda, üstəlik də qalmaqallı, yəni göz önündə olan bir ərazidə quraşdırılması təsadüf ola bilməz. Yəqin ki, məhz qarşıdakı 7 günlük bayram tətili ərzində qanunsuzluğu ört-basdıq etmək üçün bu tarix seçilib. Üstəlik, bu riskin alınmasının köşk sahibinə heç də az vəsaitə başa gəlmədiyi də bəllidir və bu haqda artıq yazımızın əvvəlində məlumat vermişik.
Sonda onu da qeyd edək ki, ümumiyyətlə, axır vaxtlat “Neftçilər”, “Qara Qarayev”, “Xalqlar Dostluğu” metrostansiyalarının ətrafında tikilən və yaxud da quraşdırılan obyektlərin, köşklərin bir çoxu qanunsuzdur. Ən azı ona görə ki, vətəndaşların gediş-gəlişinə mane olurlar. Şübhəsiz, bu qanunsuzluqlara da göz yumulması yalnız və yalnız külli miqdarda vəsait hesabına ola bilər.
Hurriyyet.az
P.S. Növbəti günlərdə Nizami rayonu ərazisində tikilən qanunsuz obyektlərin hər birinin video-görüntülərini oxucularımıza təqdim edəcəyik. Bu zaman görəcəksiniz ki, bu qanunsuzluqlara göz yuman məmurlar qısa müddətdə necə “qaz vurub, qazan doldururlar”. Bizi izləyin.