Sumqayıtın icra başçısı tərəfindən incidilən zərərçəkmiş iş adamlarının ölkə başçısına növbəti müraciəti -halal pullarımızı almaqda bizə köməklik göstərin
Bu sahibkarlar, Zakir Fərəcovun təqsiri ucbatından, ölkənin üçüncü bu böyük şəhərində gördükləri yüksək məsuliyyət tələb edən alqışalayiq işlərinə görə, onlara çatacaq milyonlarla halal qazanc pullarını hələ də ala bilməyiblər.
Yenixeber.org: Sumqayıtda baş verənlər və icra başçısı Zakir Fərəcovun iş adamlarına qarşı haqsızlığı ilə bağlı dərc olunan tənqidi yazılar, çoxdandır ki, ölkənin media vasitələrini, sosial şəbəkələri, eləcə də, araz.az xəbər portalını belə zəbt edib. Dərc olunan yazılardakı, internet səhifələrindəki və sosial şəbəkələrdəki şərh yönlü açıqlamalarda Sumqayıtın icra başçısının və onun hakim komandasındakı əlaltılarının haqsızlığı ilə üzləşənlərin başlarına gətirilənlər tam çılpaqlığı ilə ortaya qoyulur. Ən əsası odur ki, bu yazı, açıqlama və şərhlərdə, nədən, indiyədək bu haqlı şikayətlərə yuxarılardan reaksiya olmadığı, Zakir Fərəcovun və onun cinayət ortaqlarının cəzalandırılmamaları və onların aşkar həyata keçirdiyi özbaşınalıqlara hüquqi qiymətin verilmədiyi önə çəkilir. Di gəl ki, bütün bunlar, daha dəqiq desək, qanunların Zakir Fərəcov adı qarşısında niyə acizanə “boyun bükdüyü” barədə xüsusi olaraq vurğulananlar, reallıq və gerçəkləri, hələ ki, dəyişmir. Çox təəssüf ki, bu yazıların mövzusunu daha çox icra başçısının və onun əlaltısı olan digər yuksək vəzifə sahiblərinin hegemonluqları, sahibkarları daha dözülməz duruma salmaları, sıravi vətəndaşlara, hətta dövlətə meydan oxumaları təşkil etsə də, necə deyərlər, onların xətirlərinə dəyən tapılmır ki, tapılmır. Belə olmasaydı, — elə, götürək Gündüz Əliyevi, — o da çoxdan həbsdə olardı. Çünki Gündüz Əliyevin törətdiyi cinayətlərdən biri, bu yaxınlarda rəsmən ortaya çıxarıldı. Di gəl ki, məhkəmə də, necə deyərlər, onun xətrinə dəymədi və mövcud qanunlarımızın gücü bir daha heçə endirildi.

Həmin yazı, açıqlama və şərhlərdə göstərildiyi kimi, dəhşət ondadır ki, Zakir Fərəcov adlı bəlanın sumqayıtlılara yaşatdığı problemlərin həllinə biganə qalmaq, cəmiyyətdə hakimiyyətə qarşı narazı kütlənin formalaşmasına şərait yaratmaq deməkdir. Bütün bunlar, sanki o deməkdir ki, Sumqayıt icra başçısı və onun cinayət ortaqları öz şəxsi mənafeləri naminə, məqsədli şəkildə hakimiyyətə qarşı yırtıcı siyasət önünə keçənlərin sıralarına qoşulublar və son vaxtlar “dəmir barmaqlıqlar” arxasına göndərilən yüksək səlahiyyət sahibi məmurlar kimi, onların da, bu acı taleyi yaşamalarının artıq vaxtı yetişib.

Ümumiyyətlə, Zakir Fərəcovun özünün və Gündüz Əliyev kimi vəzifə sahibləri cinayət ortaqlarının qanunlar çərçivəsinə sığmayan bəd əməlləri barədə, ölkənin mətbu orqanları ilə bərabər, araz.az xəbər portalı da, dəhşət doğuran fakt və sübutlarla zəngin çox yazılar verib. Əksəriyyəti isə, iş adamlarını aldadaraq, Sumqayıtda abadlaşdırma, təmir-tikinti işlərinə cəlb edən və sonradan onlara çatacaq halal milyonlarla qazanc pullarını verməkdən imtina edən icra başçısının haqsız əməlləri barəsində olan yazılardır. Həmin yazılarda xüsusi olaraq o qeyd olunub ki, Sumqayıt şəhərinin girişində və ayrı-ayrı yerlərində, daha çox, Dənizkənarı Bulvarın təmir-tikintisi və abadlaşdırılma işlərinə büdcədən ayrılan və bu önəmli işləri xərclənməsi nəzərdə tutulan milyonların iş görən firma və şirkətlərə verilməməsi sahibkarların haqlı narazılıqlarına səbəb olub. Daha doğrusu, icra başçısı və onun cinayət ortaqları olan vəzifə sahibləri hər zamankı metodlarından günü bu günədək yararlanmaqdadırlar. Bəzi iş adamlarını hədələməklə, bəzilərini polis idarələrində, həbsxana divarları arxasında işgəncələrə məruz qoymaqla istəklərinə qismən çatıblar da. Hətta susdura bilmədikləri iş adamlarını müdafiə edən dövlət strukturlarının və mətbu orqanların rəhbərlərinə da, əzələ nümayiş etdirə biliblər. Bunun acı nəticəsidir ki, onların indiyədək bu barədə əlaqədar dövlət qurumlarının rəhbərlərindən tutmuş, ölkə başçısına belə ünvanladıqları şikayət məktublarına ciddi bir reaksiya olmayıb. Heç yerdən onlara kömək edən tapılmayıb. Həmin iş adamları, bu günlərdə də, milyonlarla pullarını hələ də ala bilmədiklərinə görə, kömək üçün ölkə başçısına daha bir Müraciət göndəriblər. Elə, araz.az-ın da, deyilənlər barədə yazıları çox
olduğundan, daha bir geniş yeni yazı ilə, dəyərli oxucularımızın dəyərli vaxtlarını almağı lazım bilmədik. Onlara da, məsləhət gördük ki, iş adamlarının bir nüsxəsini araz.az-ın redaksiyasına göndərdikləri və olduğu kimi indi dərc etdiyimiz aşağıdakı Müraciəti oxumaları kifayətdir ki, yuxarıda deyilənlər barədə daha ətraflı məlumatları olsun:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına

Surəti:
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya

Surəti:
Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə

Möhtərəm Prezident!
Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı danılmazdır. Sahibkarlığın inkişafı üçün atdığınız qəti addımlar və iş adamlarına göstərdiyiniz əvəzolunmaz köməklik, biz sahibkarlar tərəfindən həmişə yüksək səviyyədə qiymətləndirilib. İnanırıq ki, bundan sonrakı dövrlərdə də, biz sahibkarların yanında olub, hüquqlarımızın qorunması istiqamətində əlinizdən gələn köməkliyi edəcəksiniz. Sizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsək də, buna məcburuq. Çünki, iş adamları olaraq, Sumqayıtın tikinti-təmir, abadlıq işləri meydançalarında icra başçısı Zakir Fərəcov və digər vəzifə sahibləri tərəfindən gərgin işlərə cəlb olunanlardan və indiyədək gördüyümüz işlərə görə, bizə çatacaq milyonlarla pullarımızı, tam olaraq, hələ də ala bilməmişik. Konkret desək, indinin özündə də, şəhər rəhbərliyi tərəfindən, 2016-cı ilin fevral ayından sentyabr ayına kimi olan dövrdə Sumiqayıtda həyata keçirdiyimiz yüksək səviyyəli quruculuq, təmir-tikinti və abadlıq işlərinə görə bizə çatacaq 3 milyon manata yaxın borc qalığı var.

Qeyd edək ki, o zaman, Sumqayıt şəhər bulvarının salınması, abadlıq işlərinin görülməsi bizə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən tapşırılmışdı. Zakir Fərəcov bizə müxtəlif vədlər verərək, əlimizdən gələni etməyi, qısa zaman ərzində bulvarın abadlaşdırılmasını ciddi şəkildə tapşırmışdı. Bütün görəcəyimiz çətin və yüksək məsuliyyət tələb edən vacib işlər üçün, bizə, halal qazanc pullarımızı tam alacağımızı vəd etmişdi. Lakin başçı bizim başımıza min cür oyunlar gətirib, ümumilikdə, bu işlər üçün ayrılan 12 milyon manata yaxın pul vəsaitinin 4 milyonunu verib, sonradan qalan 8 milyon manatı verməkdən imtina etdi. Bu işlər üçün sərf olunan texnikanı, mal-materialları aldığımız firma və şirkətlərin rəhbərlərinin, eləcə də gərgin durumdan işlətdiyimiz yüzlərlə usta və fəhlənin təkidli tələbləri ilə, dəfələrlə Şəhər İcra Hakimiyyətindən sahibkarlara çatası bu pulu qəti şəkildə tələb etsək də, bizə bu pullar ödənilmədi, bunun əvəzində isə, biz başçının təhdidləri ilə qarşılaşdıq, hətta onun göstərişi ilə, zərərçəkmiş kimi tanınan biz sahibkarların arasında həbsxana divarları arasına salınanımız da oldu.

Daha doğrusu, bu işləri həyata keçirən iş adamları olaraq, bizim, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedərək, bizə çatacaq halal qazanc pullarımızı tələb etməyimiz Zakir Fərəcovu açmadı və onun tələblər dolu göstərişi ilə, cinayət ortaqları vəzifə sahibləri mətbuata verdikləri açıqlamalarında yalandan bildirdilər ki, guya, İcra Hakimiyyəti tender həyata keçirib. 8 milyon manat da, guya, tenderin qalibi şirkət qurumun hesabına köçürülüb və zərərçəkmiş şəxslərin pulları həmin qurum rəhbərindədir.

Möhtərəm Prezident!

Deyilənlərin hamısı yalan, şər-böhtan idi. Qəti şəkildə deyirik ki, bu işlərin görülməsi üçün, onda hər hansı tender həyata keçirilmədi. Hətta şirkətin hesabına Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən pul da köçürülmədi. Dənizkənarı Bulvarın salınması üçün ayrılan həmin məbləğdə ən böyük pul vəsaiti, əlbəəl, işləri həyata keçirən şirkət rəhbərinin özünə verildi. Verilən həmin pulların hamısı da, təyinatı üzrə xərcləndi, yəni bulvarda iş görənlərə ödənildi. Bəli, təxminən 4 milyon manata yaxın pul vəsaiti Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilsə də, sonradan, hansısa səbəbdən qalan 8 milyon manat pul şirkət rəhbərinə ödənilmədi. Daha doğrusu, bu pulun, guya, şirkət rəhbərliyi tərəfindən mənimsənildiyi iddia edilərək, onun barəsində cinayət işi başlandı. İstintaqı aparan dövlət qurumlarının və məhkəmənin rəhbər şəxsləri də, necə deyərlər, başçının dedikləri ilə, “oturub, durdular”. Şər-böhtanla olsa da, şirkət rəhbərini həbsxana divarları arxasına göndərməyə nail oldular.

Ən dəhşətlisi odur ki, deyilənlərin yalan və şər-böhtan olduğunu, başçının özü və cinayət ortaqları olan vəzifə sahibləri sonradan etdikləri ilə təsdiqlədilər. Yəni, həmin 8 milyon manat pulun yarıdan çoxunu, “canımızı boğazımıza yığmaqla”, uzun müddətdə qırıq-qırıq yenə də o şirkət rəhbərinin əlbəəl özünə verdilər. Onda dəhşət doğuran belə bir sual ortaya çıxır ki, axı, əvvəlcədən dedikləri kimi, əgər tender qalibi şirkət rəhbərinə həmin pulu vermişdilərsə, onda həmin pulun yarıdan çoxunu sonradan necə ödəyə bildilər?! Bu, qatı bir cinayət deyilmi?!.

Möhtərəm Prezident!

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, Sumqayıt şəhərində quruculuq, təmir-tikinti və abadlıq işlərinin görülməsi üçün, Sizin verdiyiniz sərəncamlarla, dövlət büdcəsindən milyonlara pul vəsaiti ayrılıb və Sumqayıt Şəhər İcra Hakimiyyətinin hesabına köçürülüb. Lakin həmin pulların hansı formada xərclənməsi barədə, ortada heç bir məlumat mövcud deyil. Eyni zamanda, həmin vəsaitin neçə milyonunun Sumqayıtdakı dəniz ətrafı bulvarın salınmasına xərclənməsi məlum deyil. Sizin 13 oktyabr, 2015-ci il tarixili Sərəncamınızla Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də, 3,7 milyon manat pul vəsaiti ayrılıb.15 dekabr, 2015-ci ildə isə, Sizin digər bir Sərəncamınızla, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün, 5 milyon manat pul ayrılıb. 03 mart, 2016-cı ildə verdiyiniz Sərəncamınız isə, Sumqayıt şəhərindəki çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə, 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılıb.
10 iyun, 2016-cı ildə verdiyiniz Sərəncamla Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün, 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb. 27 sentyabr, 2016-cı ildəki Sərəncamla da, Siz, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi üçün, 5 milyon manat ayırmısınız. Lakinbu qədər pul vəsaiti şəhərin balansına verildiyi halda, onların dəniz kənarı bulvarın salınmasına xərclənməməsi xeyli suallar ortaya çıxarır: Axı, Bulvarın salınmasına nə qədər pul vəsaiti sərf olunub?! Həmin pullar kimə verilib?! Onun verilməsini təsdiq edən sənədlər mövcuddurmu?! Və s., və i.

Bu işləri həyata keçirən iş adamının məlum həbsindən sonra, öz pullarımızı Şəhər İcra Hakimiyyətindən tam olaraq ala bilməmişik. Belə ki, icra başçısı və onun əlaltıları olan cinayət ortaqları hər vəchlə günahı onun üzərinə atmağa çalışıblar. Lakin həmişə görünən tək sübut o olub ki, Şəhər İcra Hakimiyyəti tərəfindən, rəsmi olaraq, ona heç vaxt pul vəsaiti ödənilməyib. Yəni, o, pul alarkən hər hansı sənədə imza atmayıb, eyni zamanda, onun şirkətinə də pul vəsaiti köçürülməyib. Belə qanunsuzluqların olduğu halda, onun həbs edilməsi də, ikiqat qanunsuzluq idi.

Bir daha qeyd edirik ki, biz, zərərçəkmiş sahibkarlar olaraq, dəfələrlə, Şəhər İcra Hakimiyyətindən öz pullarımızı, haqqımızı tələb etmişik. Lakin burada günahı əsas işləri görən şirkət rəhbərinin üzərinə atmaqla, məsuliyyətdən yaxa qurtarmağa çalışıblar. Biz zərərçəkənləri düşdüyümüz zərərdən xilas etməyə can atan kimsəni tapmaq müşkül məsələyə çevrilib. Hətta Şəhər İcra Hakimiyyətindən, Sumqayıtın giriş yolunun və Dənizkənarı Bulvarın tikintisi, yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması işləri ilə əlaqədar, sual dolu müraciətlərimizə cavab verilməsini və həmin cavabları təsdiq edən sənədlərin surətinin bizə verilməsini də xahiş etmişik. Lakin suallara cavab vermək əvəzinə, həmişə, orda bizi başqa istiqamətə yönləndirməyə çalışıblar.

Zərərçəkmiş vətəndaşları şəhərin abadlaşdırma işlərinə həmin əsas şirkətin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəhbər şəxsləri cəlb etsələr də, onlara çatacaq pul vəsaiti Şəhər icra Hakimiyyətinin rəhbərliyi tərəfindən ödənilməli idi. Lakin rəhbərlik bu vəsaiti ödəməkdən boyun qaçıraraq, pulun, guya, həmin şirkətə verildiyini iddia edib. Halbuki, bir daha qeyd edirik ki, ortada, həmin pulun ona verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bir də, necə olur ki, həmin şirkət rəhbəri həbsə atılır, amma əsl günahkar Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəhbəri azadlıqda əlini-qolunu sallayaraq, şəstlə gəzib həmişə. Axı, o, zərərçəkmiş biz sahibkarları başçının adından dəfələrlə aldadaraq, bizə dəymiş ziyanın tam olaraq ödəniləcəyini vəd edib. Lakin verdiyi vədlərini boşa çıxarmaqla yanaşı, bizi polislə də dəfələrlə hədələyib.

Biz sahibkarlar həmişə başımızın üzərində Böyük Allahımızı gördüyümüz üçün, qəti şəkildə deyirik ki, incidilən həmin şirkət rəhbəri ona tapşırılan tapşırıqları layiqincə yerinə yetirib, Dənizkənarı Bulvarın salınmasını, ona tapşırılan digər bütün yüksək məsuliyyət tələb edən vacib işləri həmişə uğurla başa çatdırıb. Lakin bu xidmətlərinə görə, o, mükafatlandırılmaq əvəzinə, cəzalandırılacaq, hətta həbsə də atılıb. Elə, bütün bunlara görə, bir daha qəti surətdə deyirik ki, əliəyri vəzifə sahiblərinin törətdikləri ədalətsizlik, qanunsuzluq və saxtakarlığın sübuta ehtiyacı olmayan və mövcud qanunlarımız çərçivəsinə sığmayan xoşagəlməzlik əlamətləridir.

Möhtərəm Prezident!

Yuxarıda qeyd etdiklərimizi əsas götürərək, Sizdən xahiş edirik ki, halal pullarımızı almaqda bizə köməklik göstərəsiniz! Çünki başqa üz tutacağımız ümid yerimiz qalmayıb və bu çətin durumumuzda nə edəcəyimizi də bilmirik. Tam ümid edir və inanırıq ki, Sizin şəxsi nəzarətiniz altında bu məsələ ədalətli şəkildə araşdırılacaq və haqq-ədalət öz yerini tapacaq. Çarəsiz qalan biz iş adamlarına edəcəyiniz köməyə görə, Sizə qabaqcadan dərin minnətdarlığımızı da çatdırırıq!”.

Mövzu ciddi olduğundan, daim diqqətimizdədir. Bu mövzu ətrafında baş verənləri qələmə almaq üçün, həmişə hazırıq. Bizi izləməyinizi məsləhət görürük!

Əıi HÜSEYN,
İlham ƏSƏDOV,
Malik MİRZƏ,
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti