Bakıda məktəb direktoru İTTİHAM OLUNUR - QALMAQAL
Bakıda yerləşən 285 saylı orta məktəbin iki müəllimi – Təranə Yusifova və Təranə Rzayeva direktordan şikayətçidirlər.

Onlar deyirlər ki, məktəbdə günüuzadılmış qrupun müəllimi olublar.

Amma məktəbin direktoru Nuranə Yəhyayeva tərəfindən qanunsuz olaraq işdən çıxarılıblar.

Təranə Yusifova Meydan TV-yə deyir ki, direktor müəllimlərə işdən çıxarılmaları ilə bağlı öncədən heç bir xəbərdarlıq etməyib:

“Nuranə Yəhyayeva xəbərimiz olmadan 2023-cü il oktyabrın 2-də bizi işdən çıxarıb. Sentyabrın 15-dən, dərslər başlayandan mən və digər həmkarım məktəbin koridorlarında qalmışdıq. Direktora dedik ki, bizə otaq verin, nə vaxta qədər belə olacaq? Dedi ki, siz hələ gedin, uşaqlarınızı yığın, sonra otaq istəyərsiniz”.

Müəllim deyir ki, günüuzadılmış qruplara şagirdlər tədris ilinin əvvəlində qəbul edilir.

I-IV sinifləri əhatə edən şagirdləri isə müəllimlər özləri toplayır:

“Hər qrupda iyirmi nəfər olur. İllərdir, valideynlər məktəbə gəlib, ərizə ilə müraciət edirlər. Müəllimlər də ərizələri toplayıb, direktora təqdim edirlər, o da təsdiqləyir. Bu, hər il belə olur. Yoxsa, direktor özü valideynlə danışsın, aqitasiya aparsın, belə hal indiyədək baş verməyib”.

“Direktor nəyə görə valideynlə danışıb, ona uşağını qrupa qoymamağa məcbur etməlidir?! Direktor valideynə deyir ki, niyə uşağı qrupa qoyursan? “Yorulur, uşaqdır, qoyma” deyir”, – müəllim qeyd edib.

İşsiz qalan Təranə Yusifova bank kreditlərini necə ödəyəcəyi haqqında düşünür.

Deyir ki, işə yenidən bərpa olunması üçün Elm və Təhsil Nazirliyində olub, şikayət ərizəsi də yazıb:

“Nazirlikdə mənə dedilər ki, narahat olmayın, məsələni araşdırıb, sizə məlumat verəcəyik. Məktəbdən 458 manat maaş alırdım. Bu pul heç əlimə gəlmirdi, banklar borcuma tuturdu. Üzümə gülə-gülə işdən kənarlaşdırdı. İşdən çıxarıb, indi də deyir ki, get, hara istəyirsən, şikayət elə. Əvvəldən ona demişdim ki, tək yaşayıram, banklara borcum var, başqa yerdən də gəlirim yoxdur. Mən nə edim, bilmirəm? Dilənim? Neyniyim?”.

İşini itirən digər müəllim Təranə Rzayeva deyir ki, 1991-ci ildən məktəbə ibtidai sinif müəllimi kimi qəbul olub.

Son illərdə isə günüuzadılmış qrup müəllimi kimi fəaliyyətini davam etdirib:

“Qrup müəllimi işlədiyim dörd il ərzində belə bir problem yaşanmayıb. Həmişə valideynlərdən ərizələri biz toplamışıq. Aparıb, direktora təqdim etmişik. O da qol çəkib, qruplar açılıb. Amma bu il yeni gələn direktor Nuranə Yəhyayeva bizimlə çox sərt danışmağa başladı. Dedi ki, üç qrup var, uşaq yığılmasa, ikisini bağlayacağam. Bizə də imkan vermədi ki, valideynlərlə danışıb, qrup toplayaq”.

“Özü valideynləri çağırırdı. İyirmi dəqiqə, yarım saat vaxt ayırıb, aqitasiya aparırdı ki, valideynlər uşaqlarını qrupa qoymasınlar. Beləliklə də, az uşaq toplandı. Üç qrupda hərəsi 20 uşaq olmalı idi. Ümumilikdə 60 əvəzinə 36 şagird toplandı. Belə bəhanələrlə iki qrupu bağladı”.

Təranə Rzayeva maddi vəziyyətinin ağır olduğunu deyir:

“Ali təhsilli müəlliməm. Diaqnostik qiymətləndirməm yüksəkdir. Bütün kurslardan keçmişəm. Özüm onkoloji xəstəyəm, həyat yoldaşım, müharibə iştirakçısıdır, döyüşlər zamanı zədə alıb. Bütün bunların heç birini nəzərə almadı”.

“1991-ci ildən bu yana ondan çox direktorla işləmişəm. Amma belə halla rastlaşmamışam. Mən 59, digər həmkarım isə 63 yaşındadır. Bu yaşdan sonra biz harda iş tapacağıq? Hər yerə müraciət edirəm. Direktora dedim ki, mənə lap bir-iki saat dərs ver, işdən çıxarma. Heç olmasa, pensiya yaşına çatım. 59 yaşında kim məni işə götürər? Heç nəyə məhəl qoymadı”, – deyə o qeyd edib.

Meydan TV 285 saylı orta məktəbin direktoru Nuranə Yəhyayeva ilə əlaqə saxlayıb.

Şikayətçilərlə bağlı sualı ünvanlayıb.

Qarşı tərəf sualı cavablandırmadan telefonu bağlayıb.

Təkrar yığan zaman isə direktorun nömrəni blokladığı məlum olub.

Daha sonra Meydan TV əməkdaşı ard-arda bir neçə gün 285 saylı orta məktəbə zəng edərək daxil olan şikayətlə bağlı məlumat verib, məsələ ilə əlaqədar Nuranə Yəhyayevanın mövqeyini öyrənməyə çalışıb. Lakin hər dəfə məktəbdən direktorun ya işdə olmadığı, ya da iclasda olduğu bildirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Meydan TV-yə məsələnin araşdırılacağını bildirib.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, hər iki müəllim məktəb direktorunu məhkəməyə verməlidir:

“Direktorun belə iş görməyi qanunsuzdur. Müəllimlər faktiki süni “offsayt” vəziyyətinə salınıb. Müəllimlər ilk olaraq administrativ qaydada Elm və Təhsil Nazirliyinə müraciət etsinlər. Əgər nazirlik direktoru müdafiə etsə, məhkəməyə müraciət etsinlər”. //meydanTV//

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti