Futbolda növsümlərarası fasiləni maraqlı edən məqamlardan biri də transfer pəncərəsidir. Klublar bu dövrdə heyətlərini gücləndirmək və yeni mövsümə hazır olmaq yönündə addımlar atırlar.
Azərbaycan futbolunda da transfer dövrü maraqla izlənilir. Bu yay da belədir. Düzdür, aktivlik yüksək səviyyədə olmasa da, gözdən qaçmayan məqamlar var.
Çempionlar Liqasına hazırlaşan “Qarabağ”, ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin transfer fəaliyyəti diqqət mərkəzindədir. Təkcə bu klublar deyil, digərlərinin də fəaliyyəti futbol ictimaiyyəti üçün maraq doğurur. Avrokuboklardan kənar qalan komandalar da aktivdirlər. Bu aktivliyin təbii və süni səbəbləri var.
Yay transfer pəncərəsi bəzi klublar üçün güclənmək, bəziləri üçün isə pullar xərcləmək və ya bu dönəmdən qazanclı çıxmaq baxımından önəmlidir. “Səbail” də belə klublardan biridir. Yarandığı gündən məqsədi, məramı, hədəfi, azarkeşi olmayan belə bir klub “qara bazar”ın əsas alverçisinə çevrilib. Xüsusilə klubun Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin (ASCO) nəzarətinə keçməsindən sonra bu hallar artıb. “Səbail”ə ASCO-nun sədri Rauf Vəliyev şəxsən nəzarət edir.
Ötən mövsüm klubun büdcəsi dövlət idarəsi hesabına 7-8 milyon manata qədər artırıldı. Bununla komandanın iddialı olacağı bildirildi. Bu istiqamətdə 8-i legioner olmaqla, 18 transfer edildi. Bu keçidlərə görə klub rəhbərliyi özlərinə yaxın olan menecerlərə külli miqdarda vəsait ödədi. Milyonlarla vəsait məhz onların vasitəsiylə büdcədən silindi. Futbolçuların məvacibləri və transfer qiymətləri olduqca şişirdilirdi. Bütün bunlar azmış kimi qışda növbəti legionerlər heyətə cəlb olundu. Yayda transfer edilənlərdən biri isə göndərildi. “Səbail”də edilən saxtakarlıqların nəticəsi ölkə çempionatında öz əksini tapdı. Ayağı top tuta bilməyən legionerlərin transferinə ayrı-ayrılıqda 200-300-400 min manat xərcləyən komanda yalnız son turda yerli futbolçulardan ibarət komandaya - "Şamaxı"ya qalib gəlməklə elitada qaldı.
Bu o deməkdir ki, mövsüm ərzində xərclənən 4-5 milyon manat istiqaməti üzrə sərf edilmədi. Bu vəsait səviyyəli transferlərə xərclənsəydi, komanda mövsümü güc-bəla ilə 9-cu deyil, daha yuxarı pillədə bitirərdi.
2022/2023 mövsümünün transferləri:
Gələnlər:
Yay transfer dövründə:
Franko Mazurek, Petro Stasyuk, Ağabala Ramazanov, Emil Balayev, Fakundo Kardoso, Qoba Zakpa, Qustavo de Fransa, Emil Martinov, Mirabdulla Abbasov, Rafael Məhərrəmli, Samir Abdullayev, Emin Zamanov, Vüqar Həsənov, Nihad Qurbanlı, Vüsal Qənbərov, Kizito, Maksim Çex.
Qış transfer dövründə:
David Qomes, İlkin Muradov, Mirəli Əhmədov, Matiya Luyiç.
Gedənlər:
Fakundo Kardozo, Emin Zamanov, Tural Bayramlı.
"Səbail"də indi də bu prosesə davam edir. Mövsüm bitən kimi 12 futbolçu ilə yollar ayrılıb. Büdcəsi 9 milyon manata qədər qaldırılan “dənizçilər”in göndərdiyi oyunçulardan 8-i legionerlər olub. Bu o deməkdir ki, klub rəhbərliyi üçün milyonlarla vəsait qazanmaq üçün özünə şərait yaradıb. 11 futbolçu heyətinə qatan “Səbail” yenə ənənəvi qaydada kluba yaxın menecerlərin “xidmət”indən yararlanır. Bu da imkan verir ki, dövlət büdcəsindən ayrılan vəsaiti rahatlıqla "yumaq" mümkün olsun.
Bu hələ harasıdır? Sizə elə bir transfer oyunundan bəhs edək ki, mat-məəttəl qalın. İyunun 21-də "Səbail" Coşqun Diniyevi heyətinə qatdığını açıqlayıb. 2 gün sonra isə qəribə hadisə yaşanıb. "Dənizçilər"in baş məşqçisinin oğlu Türkiyə təmsilçisi "Ümraniyespor"a keçib. Bildirildi ki, Diniyevin "Səbail"lə müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə "dənizçilər"dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer alıb. Bu səbəbdən futbolçu azad agent statusu ilə Birinci Liqa təmsilçisinə keçib.
2 günlük transfermi olar? Klub rəhbərliyi bu oyunla kimin başını aldatmağa çalışıb? Bir günün içində Türkiyədən təklif gəldi və futbolçu da getdi. Bilinmirdi ki, bu futbolçuya Türkiyədən təklif var? Müqaviləyə salınan bənd də təsadüf idi? Bəs futbolçuya verilən imza pulu, menecerə ödənilən vəsait necə oldu? Deməli, bir günün içində böyük bir vəsait klubun büdcəsindən silindi. Həmin pulların hamısı və ya bir hissəsi kiminsə şəxsi cibinə qayıtdı. Bundan Rauf Vəliyevin xəbəri olmaya bilərmi?
2023/24 mövsümünün transferləri (davam edir)
Gələnlər: Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi, Pedro Nuno, Valdemar Almeyda-Pana
Gedənlər: Emil Martinov, Zakra Qoba, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Maksim Çex, Matiya Lyuçiç, Mirabdulla Abbasov, Nihad Qurbanlı, Emil Balayev, Coşqun Diniyev ("Ümraniyəspor", Türkiyə)
Hələlik 4 legioner transfer edən "Səbail"in fəaliyəti yəqin ki, yay boyunca davam edəcək. Futboldakı transferlər milyonlarla vəsaiti dövlətdən oğurlamaq üçün ən ideal şəraitdir. Çünki buna görə heç kimə hesabat verilmir. Nəzərə alaq ki, qeydlərimiz sadəcə transfer fəaliyyətini əks etdirir. Kluba aid digər sahələrdə də böyük pulları mənimsəmək imkanı var. Yəqin ki, "Səbail"də bu imkan da əldən buraxılmaz. (Publika.az)