Qazi Cahangirov İlqar Əlsafa oğlu tərəfindən
ŞİKAYƏT
Prezidentin tapşırıqlarına məhəl qoymayan Abşeronun icra başçısı Abdin Fərzəliyev.
Mənim müraciətim cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident
Mehriban xanım Əliyevayadır.
Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Ali Baş
Komandan Cənab İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə
təmin olunmuşam. Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla
təltif olunmuşam. Silahlə qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan
ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü
dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə,
döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif
olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı
olub, anam Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup
əlildir. İki qardaşımdan biri Altay Cahangirov birinci Qarabağ döyüşlərində
yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşım Fərahim Cahangirov birinci
Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə vətənimizə və dövlətimizə
bağlı şəxslərik.
Cənab Prezident İlham Əliyev bir çıxışında bunları söyləmişdi:
"Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün
dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara
yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla,
bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik.
Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb
edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox
hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara
hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi
pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar.
Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar
mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati
qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə
rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi
haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu
mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə
də ki, rəğbət olacaq".
Görünən odur ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Fərzəliyev Abdin
Ələskər oğlu, cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymayaraq
özünü ağa kimi, xan kimi apararaq vətəndaşlara yuxarıdan aşağı baxır. Təsəvvür
edin mən 2022-ci ilin dekabr ayından bu günə qədər Abşeron rayon İcra
Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm. Hər dəfə
Abşeron rayon İcra Hakimiyyətinə getdikdə Abdin məllim burada yoxdur,
iclasdadır falan filan bəhanələri ilə məni yola salırlar. Mən icra başçısının qəbuluna
gedirəm lakin məni qapıda duran polis qəbul edib yola salır. Çox utanc verici bir
haldır sadəcə.
Abdin Fərzəliyevin özünü ağa kimi aparmağı qalsın bir tərəfə hələ onun
müavinləri də özlərini ağa kimi apararaq məni qəbul etmir. Qaziyə qoyulan hörmət
budursa görün vətəndaşlar nələr çəkir Abdin Fərzəliyevdən. Maraqlıdır ki, cənab
Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymayan Abdin Fərzəliyev bu
hərəkəti ilə nə demək istəyir? Əgər ölkənin Prezidenti vaxtını ayırıb qazilərlə görüş
keçirə bilirsə, icra başçısı nə üçün qazini qəbul etməməlidir? Bəlkə də, Abdin
Fərzəliyev özünü Cənab Prezidentdən üstün şəxs hesab edir! Hesab edirəm ki, bu
müraciətimə hüquqi qiymət verilərək Abdin Fərzəliyev barəsində Qanuni ölçü
götürülər!
Mən buradan Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevə sual
verirəm: Cənab Prezident İlham Əliyev sizi o vəzifəyə nə üçün təyin edib və nəyə
görə cənab Prezidentin tapşırıqlarına məhəl qoymursuz?
Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım
Əliyeva! Sizdən xahiş edirəm ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı
Abdin Fərzəliyevə tapşırıq verəsiniz ki, məni qəbul edərək problemlərimin həlli
istiqamətində mənə köməklik göstərsin. Öncədən təşəkkür edirəm.
Müraciətlərimi davam etdirəcəyəm...