Göyçay rayon sakini, Vətən müharibəsi qazisi Axundov Araz Azər oğlu tərəfindən aidiyyəti qurumlara və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevə ünvanlanan müraciətdə deyilir:
"Mən Göyçay rayon sakini Axundov Araz Azər oğlu Vətən müharibəsi qazisiyəm. Müharibədə yaralansam da, əlillik dərəcəsi ala bilməmişəm.Təxris olunandan bəri heç yerdə işləmirəm. Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etsəm də, məni işlə təmin etmirlər. Bundan öncə verdiyim şikayətdə Hikmət Süleymanov tərəfindən incidildiyimi qeyd etmişdim, lakin onun haqqında heç bir tədbir görülmədi. Doğrusu H. Süleymanovun qəbulundan düşən zaman Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevin kabinetinə girmişdim. Təəssüflər olsun ki, o da heç bir köməklik göstərməmişdi. Mühafizə polisindən 5 (beş) manat pul yollayaraq, "Mənim buna gücüm çatır" , - demişdi. Mən heç ondan belə edəcəyini gözləmirdim. Sanki o, ağadır, mən isə onun qapısında dilənən dilənçi. Xeyir, imkan verməyin ki, Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxs düşmənin önündə əyilmədiyi halda, bəzi məmurlar qarşısında mənən sınsın, pərişan olsun.
Onu da vurğulayım ki, Göyçay Rayon İcra Hakimiyyəti başçının birinci müavini həmin gün mənə xeyli ərzaq yardımı göstərmişdi. Sonuncu video müraciətimdə isə müalicələrim üçün yardım istədim. Şübhəsiz ki, rayon rəhbərliyi dəstək olmadı. Bankdan 1000 (min) manat faizli kredit götürərək müalicələrimə xərclədim. Əvvəlkinə nisbətən səhhətimdə ağrılar azalıb. Gəl ki, müalicələrimi mütləq şəkildə davam etdirməliyəm.
Hazırda o qədər çarəsiz durumdayam ki, nə edəcəyimi özüm də bilmirəm. Anam ağır xəstədir. Adam nə qədər məmur qapısında dilənər?! Artıq insanlara ağız açmaqdan üzüm utanır. Göyçay "Şəhər Təsərrüfatı Birliyi"ndə kommunal işlər mövcuddur.
Mətbuat vasitəsilə aidiyyəti qurumlardan və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevdən xahiş edirəm, məni sözü gedən idarədə işlə təmin olunmağıma köməklik göstərəsiniz."