Abşeron rayonu Ceyranbatan qəsəbəsinin Təbrik məhəlləsində antisanitariya vəziyyəti hökm sürür.
Bu barədə Qaynarinfo-ya həmin ərazidə yaşayan jurnalist Mürtəza Bünyadlı bildirib.
Onun sözlərinə görə, məhəllədə zibil aşıb-daşır. Müvafiq qurumlar isə heç bir tədbir görmür:
“Son ilyarım ərzində Ceyranbatanda zibil məsələsi ciddi problemə çevrilib. Xüsusilə də Abdin Fərzəliyevin Abşerona icra başçısı təyin olunduğu vaxtdan sakinlər bu problemlə üzləşiblər. Demək olar ki, zibilxanalar günlərlə, hətta bəzən 10 gün ərzində təmizlənmir. Aşıb-daşan zibil qutuları boşları ilə əvəzlənmir”.
Jurnalistin sözlərinə görə, problemlə bağlı Ceyranbatan qəsəbəsinin icra nümayəndəliyinə və bələdiyyəyə müraciət edilsə də, nəticəsi yoxdur:
“Onlar məsuliyyəti Abşeron rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin üzərinə atırlar. Guya zibillərin günlərlə yığılmaması Mənzil-Kommunal Təsərrüfat Birliyində maşın çatışmazılığı və ya maşınların nasaz olması ilə əlaqədardır. Problem dəfələrlə müxtəlif meda orqanlarında işıqladırılsa da, nəticəsi olmayıb. Hamısı ötür-ötür oyunu oynayır. Nəticədə sakinləır əziyyət çəkir. Zibillərin vaxtında yığışdırılmaması antisanitariyaya səbəb olub. Yayda ərazidə üfunətdən dayanmaq olmur. Zibillikdə qidalanan küçə itləri uşaqlara, qadınlara böyük təhlükə yaradır. Düzdür, indi məktəblər bağlanıb, amma dərs vaxtlaırnda uşaqlar təkbaşına həmin ərazidən keçərək məktəbə getməkdən qorxurlar. Çünki küçə itləri onlara hücum edir”.