Şua-diaqnostika şöbəsinin müdiri Mürsəl Əliyev son model Range Roveri hansı pulla alıb..?
Sözün düzü, uzun illər sabiq səhiyyə nazirləri işləmiş Əli İnsanovun və Oqtay Şirəliyevin Azərbaycan səhiyyəsini bərbad günə qoyduğu hamıya bəllidir. Cəmiyyət üzvləri düşünürdü ki, bəlkə səhiyyə sahəsində islahatlar aparılar, müsbət dəyişikliklər baş verər. Amma..
Əmması odur ki, min təəssüf ki, Səhiyyə Nazirliyinə alternativ yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və onun tabeçiliyindəki “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs (TƏBİB) olub-qalan səhiyyə ocaqlarını da sıradan çıxardılar.
Bu azmış kimi təcrübəli, peşəkar tibb işçiləri yaş həddi və digər səbəblərdən vəzifələrindən uzaqlaşdırıldı və onları səriştəsiz şəxslər əvəz elədi.
Bir soruşan yoxdur ki, Səhiyyə Nazirliyi varsa, TƏBİB nədir, yaxud əksinə..? Vətəndaşlar bu iki qurumun arasında qalıblar. İslahat adı altında TƏBİB-in çıxardığı oyunlar səhiyyə sferasını xaraba günə qoyub.
Təsəvvür edirsiniz, doğum evi ilə diş poliklinikası birləşdirilib eyni şəxsə tabe edilib. Yəni rayonlardakı onlarla səhiyyə müəssisəsi birləşdirilərək Tibbi Mərkəzlər yaradılıb. Belə yeni qurumlardan biri də Sabunçu Tibb Mərkəzidir.
Qısa məlumat üçün qeyd edək ki, Sabunçu Tibb Mərkəzi 3 saylı Şəhər Klinik Xəstəxanasının əsasında yaradılıb.
Onu da qeyd edək ki, 3 saylı Klinik Xəstəxananın təməli 1893-cü ildə qoyulmuşdur. Çarpayı sayı-586, işçi sayı -1164 və 24 şöbə fəaliyyət göstərir.
İndi təsəvvür edin ki, bu boyda xəstəxanaya Sabunçu rayonu ərazisindəki doğum evlərini, uşaq poliklinikalarını və s birləşdirib Tibbi Mərkəz yaradıblar. Və bir ay öncə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Mərkəzin direktoru vəzifəsinin icrasını Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub.
Sabunçu Tibb Mərkəzində baş verən qanunsuz əməllər, saxta əlillik sənədləri, hərbi xidmətdən azad olmaq üçün “neqodnu” arayışları və daha nələr barədə ölkə mediasında kifayət qədər yazılıb. Vaxtilə 3 saylı şəhər Kliniki Xəstəxanasının Travmotologiya şöbəsinin müdiri olan İlgar Qaracayev Mərkəzdə at oynatması, qohum-əqrəbasını başına toplayaraq ailə biznesi qurması barədə də kifayət qədər yazılıb.
İndiki yazının personajları isə o qədər də “tanınmayıb”, məqsədimiz onlar barəsində müfəssəl məlumat verməkdir. Deməli, Sabunçu Tibb Mərkəzinin Baş tibb bacısı olan Roza Məmmədova mərkəzdə əsas fiqurlardan biridir. 53 yaşlı Roza Məmmədova hər yerdə deyir ki, indiyədək 7 baş həkimi yola salmışam, mənə kimsə heç nə edə bilməz.
Ümumiyyətlə, Tibbi Mərkəzdə bütün qara işləri Roza-Mürsəl-Gəray üçlüyü həyata keçirir. Şua-diaqnostika şöbəsinin müdiri olan Mürsəl Əliyev pulu olmayan xəstələrdən lazımsız arayışlar, sənədlər tələb edir. Mürsəlin ən yaxın qohumu olan Gəray isə Tibbi Mərkəzdə Mühafizənin rəisidir. Gəray öz əsas işi olan mühafizədən başqa xəstəxanada olan bütün işləri görür. Mürsəl Əliyev Rozanın vasitəsilə işə düzəlib. Hələ sabiq baş həkim Fikrət Zeynalovun dövründə xəstəxanaya 3 dopler Uzi rentgen aparatı verilib. Mürsəl və Roza dövlətin puluna alınan tibbi avadanlıqları özəl xəstəxanalara satıblar.
Təsəvvür edirsiniz, dövlətin xəstələrə ayırdığı ərzaq və qida məhsulları hər gün Rozanın, Mürsəlin, Gərayın evinə daşınır. Kimsə onlara irad bildirəndə deyirlər ki, bizə kimsə toxuna bilməz. Yuxarıda qeyd etdiyimiz kimi, Mürsəl Əliyev rentgen şöbəsini sanki bazara çevirib. Və qazandığı pulların hesabına ağ rəngli son model Range Rover avtomobili alıb.
Oğlu isə qəbul şöbəsində həkim işləyir. Roza-Mürsəl-Gəray üçlüyünün yaxınlarından olan Heyran Quliyeva, Məmməd Mövsümzadə də az qazanmırlar. Belə ki, Heyran Quliyeva da, Mövsümzadə Məmməd də xəstəxanada skopiya rentgen işinə baxırlar və 1 dəqiqəlik işə görə, 10-15 manat tələb edirlər.
Yeri gəlmişkən, Mövsümzadə Məmmədin 65 yaşı tamam olsa da, onu kimsə işdən çıxarmır. Mərkəzin şöbə müdiri İlqar Qaracayev barəsində mediada kifayət qədər yazıldığı üçün onun barəsində qısa informasiya ilə kifayətlənirik.
Belə ki, İlqar Qaracayev Qaradağ rayon Hərbi Çağırış xidmətinin çağırışçısı olan Nihad adlı şəxsdən Nöfəlin vasitəçiliyi ilə 600 manat pul almışdı. Bir həftə sonra Nihad pulunu tələb etdikdə İlqar demişdi ki, mən Nihada pul verə bilmərəm, mən pulu Nöfəldən almışam, Nofəl gəlsin pulu götürsün. Nofəl də gəlib pulu götürüb. İlqar Qaracayev yenə köhnə əməllərini davam etdirir, əlillik dərəcəsi satmaqla məşğuldur. Və işi çətinə düşən kimi qaçır məzuniyyətə. Amma deyirlər axşamlar gəlib sənədləri yoxlayır. İlqar Qaracayevin şöbəsində 2 palata var ki, gününü 10 manata satırlar. Və satmaq işinə İlqar Qaracayev şəxsən özü baxır. Sabunçu Tibb Mərkəzi ilə bağlı daha bir maraqlı məlumat var. Məlumata görə, hazırda Suraxanıda 12 saylı poliklinikanın baş həkimi Günel xanımı Mərkəzə baş həkim gətirmək istəyirlər.
Amma nə qədər böyük əziyyət çəkilsədə bu məsələnin baş tutması qeyri mümkündür. Çünki, xəstəxananın həyətində baş vermiş mitinqlə bağlı Günel xanımın adı çox yerdə hallandı. Bu başqa bir yazının mövzusudur. Onu da bildirək ki, Günel xanımın həyat yoldaşı hüquq-mühafizə orqanlarında işləyir.