İki gün öncə DİN-in Qərb bürosu Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəisi müavini Fəxri Aslanov və Daş Salahlı Polis Bölməsinin rəisi Amil Hacıyevin tutduqları vəzifədən azad olunmaları barədə məlumat yaymışdı.
Bildirilmişdi ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə onların hər ikisinin sərəncama göndərilib. Ancaq bunun hansı səbəbdən baş verdiyi barədə məlumat verilməmişdir.
Maraqlıdır ki, iki yüksək vəzifəli polis zabiti birdən-birə niyə sərancama göndərilsin ki? 7GÜN TV -yə bu barədə maraqlı məlumat daxil olmuşdur.
Qazax RPŞ-nin xidmət üzrə rəisi müavini Fəxri Aslanov və Daş Salahlı PB-nin rəisi Amil Hacıyevin arasında əlbəyaxa dava bir qadına görə olub. Bunu hüquq mühafizə orqanlarındakı etibarlı mənbə deyir. Hələlik həmin qadının kim olduğu dəqiq bilinmir. Məlumatda deyilir ki, daha sonra polis zabitləri bir-birinə üzərlərində olan xidməti silahla atəş açıb. Deyilənlərə görə hadisə zamanı onlardan heç biri ciddi xəsarət almayıb.
Məlumata görə Qazax rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov bu hadisəni gizlətməyə çalışıb. O, hətta buna görə hər iki polis zabitindən külli miqdarda pul alıb. Ancaq hadisəni bilən polis əməkdaşlarından biri bu hadisəni müxtəlif gizli yolla lazımi yerlərə çatdırıb. Məhz bundan sonra işin üstü açılıb.
Maraqlıdır ki, iki polis zabiti arasında düşən dava-dalaşa səbəb olmuş qadın kimdir?
Bu barədə araşdırmalardan sonra ətraflı məlumat verməyə çalışacağıq.