MTK hətta aidiyyatı dövlət qurumunun nümayəndələrini binaya buraxmayıb
Bir neçə gün öncə "Bir bina bir provayderindir" mövzusunda yazı yazmışdım.
Bununla bağlı çox sayda müraciətlər oldu.
Problem bizim düşündüyümüzdən də dəhşətli vəziyyətdəymiş.
Elə MTK -lar var ki, özləri provayder yaradıblar, başqa provayderləri qəbul etmirlər və maraqlıdır ki, RİNN-nin bu provayderlərdən ümumiyyətlə xəbəri yoxdur.
Bəzilərini heç mən də tanımıram və ilk dəfə adlarını eşidirəm.
Hansı ki, Telekommunikasiya haqqında qanuna görə onlar RİNN-də uçota durmalı və özləri haqqında məlumat verməlidirlər.
Bu məsələ qalxandan sonra indi məlum olur ki, hətta elə deputatlar və məmurlar olub ki, MTK-ların özbaşınalığı və sayğısızlığı nəticəsində özlərinə məxsus dövlət telefonunu və interneti yeni köçdükləri binaya çəkdirə bilməyiblər.
MTK dövlət operatorunun nümayəndəsini binaya buraxmayıb.
Bildirilib ki, ancaq MTK-nın təklif etdiyi provayderdən xidmət almaq olar.
Bu cür biabırçı vəziyyətə aidiyyatı qurumlar son qoymalıdır.
Müşahidələr göstərir ki, RİNN və Antiinhisar Dövlət Xidməti sanki bu vəziyyətlə barışıb.
Hansı ki, bu, yolverilməzdir.
Düşünürəm ki, RİNN uçotda olan provayderlər və onların xidmət əraziləri ilə bağlı Antiinhisarla birgə monitorinq aparmalıdır.
Uçotda olmayan provayderlərlə bağlı tədbir görməlidir RİNN.
Xeyli sayda vətəndaşlar var ki, MTK-ların haqsız davranışı ilə bağlı rəsmi olaraq Antiinhisar Dövlət Xidmətinə müraciət etdiklərini bildirirlər.
Bildiyim qədər artıq Antiinhisar Dövlət Xidməti bununla bağlı araşdırma aparır.
Lakin hələlik bunların nəticəsi olmayıb.
Bir daha qeyd etmək istərdim ki, RİNN və Antiinhisar bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün də səylərini gücləndirməlidir.
Antiinhisar Dövlət Xidmətindən və RİNN-dən bu problemin həlli istiqamətində konkret addımlar gözləyirik.
Osman Gündüz
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti