Trampın Ağ Evdəki ilk 10 günü -
ABŞ-ın yeni Prezidenti ilk 10 gün ərzində nələrə nail ola bildi?

Yanvarın 20-də Donald Tramp 47-ci dövlət başçısı olmaqla ikinci dəfə ABŞ Prezidenti kimi fəaliyyətə başlayıb. Amerika lideri vəzifəsinin ilk günündə 100-ə yaxın icra sərəncamı imzalayacağını vəd edən Tramp Ağ Evdəki ilk günündə sabiq Prezident Co Baydenin bir çox fərman və qərarlarını ləğv etdi. Lakin Trampın vəzifədə olduğu ilk 10 günü yaddaqalan edən təkcə ilk günkü qərarları olmadı.

Tramp birinci sərəncamında kabinet üzvlərinin - baş prokuror, dövlət katibi, müdafiə naziri, səhiyyə və insan xidmətləri katibi vəzifələrinə namizədlərin siyahısını təsdiq üçün Senata təqdim edib. Amerika lideri həmçinin Dövlət Departamentinə ABŞ-ın xarici siyasətini milli maraqlar üzərində cəmləşdirməyi və “Öncə Amerika” prinsipini rəhbər tutmağı tapşırıb və Baydenin 78 sərəncamını ləğv edib.

ABŞ Prezidenti kimi ikinci müddətinin ilk günündə Tramp bildirib ki, Ukraynada sülh danışıqları başlayan kimi rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır. Amerika lideri bu görüşün harada və nə vaxt keçiriləcəyini açıqlamayıb, lakin “prosesin artıq başladığını” və bunun “çox yaxında” baş verə biləcəyini qeyd edib. Tramp deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski döyüşü davam etdirmək istəyinə görə münaqişənin həlli ilə bağlı razılaşmanın qarşısını almasına baxmayaraq, Moskva ilə sülh bağlamağa hazırdır.

“Bunu mümkün qədər tez etməyə çalışacağıq. Bilirsiniz, Ukrayna ilə Rusiya arasında müharibə heç vaxt başlamamalı idi, mən prezident olsaydım, başlamazdı”, Tramp qeyd edib.

Prezident həmçinin vəzifəsinin icrasına başladıqdan bir neçə gün sonra Davosda Dünya İqtisadi Forumu zamanı Putinlə “tezliklə görüşə” ümid etdiyini söyləyib. Eyni zamanda o, neftin qiymətinin aşağı düşəcəyi təqdirdə Ukraynadakı döyüşlərin “dərhal bitəcəyini” bəyan edib.

“The Wall Street Journal” yazır ki, Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Ukraynadakı münaqişəni 100 gün ərzində həll etməyi tapşırıb. Nəşr yazıb ki, Ukraynada müharibəni bitirmək Trampın seçki kampaniyası zamanı dediyi “24 saat”dan çox vaxt tələb edəcək. Bununla belə, ABŞ Prezidenti vurğulayıb ki, Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı sazişdən imtina edərsə, “böyük problemlərlə üzləşəcək”.

Ağ Evin yeni rəhbəri yardımın göstərilməsinin yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün Ukrayna da daxil olmaqla, digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə dayandırılması barədə sərəncam imzalayıb. O, sonradan qeyd edib ki, Amerika administrasiyası Kiyevə əlavə silah tədarükü məsələsini araşdırır. Bundan əlavə, Tramp Şimali Atlantika Alyansındakı (NATO) müttəfiqləri ilə müqayisədə Vaşinqtonun Ukraynaya yardıma qeyri-mütənasib xərcləməsindən narazılığını bildirib. Prezident deyib ki, Alyans ölkələri müdafiə xərclərini ÜDM-in beş faizinə qədər artırmalı və balanssızlığı aradan qaldırmaq üçün maliyyə yükünün daha böyük hissəsini öz üzərinə götürməlidir.

“Gülməlidir. Aramızda okean var və biz Ukraynaya NATO-dan 200 milyard dollar çox xərcləmişik”, - Tramp vurğulayıb.

Amerika lideri immiqrasiya siyasətinin sərtləşdirilməsinə səbəb olan bir sıra fərmanlar da imzalayıb. Xüsusən də ABŞ-ın cənub sərhədində fövqəladə vəziyyət elan edib. Bu fərmanların Pentaqona sərhəd divarının tikintisini başa çatdırmağa imkan verəcəyi bildirilir.

ABŞ Prezidenti "qanuni immiqrantların rahat olmasını" söyləyib, lakin o, Baydenin yaratdığı və miqrantların qanuni yolla ölkəyə daxil olmasını asanlaşdıran immiqrasiya ofislərini bağlamağa qərar verib.

Tramp həmçinin doğuş hüququ ilə Amerika vətəndaşlığını almaq imkanını məhdudlaşdırıb. İndi federal agentliklərə ABŞ-da doğulanlara vətəndaşlıq vermək qadağan edilib. Bu, qeyri-qanuni miqrantların uşaqlarına, eləcə də müvəqqəti olaraq ABŞ-da olan əcnəbilərin uşaqlarına təsir edəcək.

Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Departamenti hüquq-mühafizə orqanlarının qeyri-qanuni immiqrantları immiqrasiya məhkəməsinin qərarı tələb etməyən “sürətləndirilmiş prosedur” əsasında deportasiya etmək səlahiyyətini genişləndirib. Tramp həmçinin kilsə və məktəblərdə immiqrasiya reydlərinin keçirilməsini tapşırıb. Artıq qanunsuz miqrantlar Amerika məktəblərində və kilsələrində gizlənə bilməyəcəklər.

Amerika lideri həmçinin qeyd edib ki, ABŞ tezliklə daha böyük bir ölkəyə çevrilə bilər. “The Financial Times” yazır ki, Tramp Danimarkanın Baş naziri Mette Frederiksenə zəng edərək ondan Qrenlandiyadan imtina etməyi tələb edib. Mənbələrin sözlərinə görə, Trampın Frederiksenlə söhbəti “son dərəcə pis” keçib, çünki ABŞ Prezidenti aqressiv olub və Danimarkanın heç bir əməkdaşlıq təklifini qəbul etməyib.

Bununla belə, Ağ Ev rəhbərinin özü ABŞ-ın Qrenlandiyanı əldə etmək şansını yüksək qiymətləndirib. Çünki onun fikrincə, Qrenlandiya sakinləri amerikalı olmaq istəyirlər.

“Məncə, biz adanı alacağıq. Mən də inanıram ki, Qrenlandiya xalqı bizimlə olmaq istəyir”, - Tramp bildirib.

Tramp həmçinin Kanadanı Amerikanın 51-ci ştatına çevirməklə ABŞ-ı şimala doğru genişləndirmək niyyətindədir. Prezident kanadalılara ölkəyə qoşulmağa razılıq vermək müqabilində çox ciddi vergi güzəştləri tarifsiz ticarət vəd edib. Bununla yanaşı, Amerika lideri bildirib ki, ABŞ Panama kanalına nəzarəti ələ keçirəcək və Meksika körfəzi bundan sonra Amerika körfəzi adlandırılacaq.

Trampın ilk fərmanlarından biri də ABŞ-da yalnız qadın və kişi cinslərinin tanınması haqqında olub. Sənəddə vurğulanır ki, gender ideologiyası “daxili ziddiyyətlidir” və yalan ifadələrə yol verir.

“ABŞ-ın siyasəti iki cinsi, kişi və qadını tanımaqdır. İnsanın cinsi dəyişməzdir və fundamental və danılmaz reallığa əsaslanır”, - deyə ABŞ lideri söyləyib.

Amerika lideri həmçinin ABŞ-dakı müxtəliflik, bərabərlik və inklüzivlik siyasətini ləğv edərək, bunu “ayrı-seçkilik” adlandırıb. Tramp bu sahəyə cavabdeh olan bütün işçilərin ödənişli məzuniyyətə buraxılmasını və nəticədə işdən çıxarılması göstərişini verib.

Tramp milyarder İlon Maskın rəhbərlik edəcəyi hökumətin səmərəliliyi departamentinin yaradılması haqqında da sərəncam imzalayıb. Sahibkar təyin edilmiş tapşırığı həyata keçirəcək təxminən 20 nəfərdən ibarət bir strukturun başında dayanacaq.

ABŞ Prezidenti eyni zamanda, “TikTok” tətbiqinin ABŞ-da bloklanmasını 75 gün təxirə salıb. Bu tədbir Tramp administrasiyasına tətbiqi bloklamadan ABŞ-ın milli təhlükəsizliyini qoruya biləcək müvafiq hərəkət kursunu müəyyən etməyə imkan verəcək.

Bütün bunlar Trampın ilk 10 gündə atdığı addımlar, verdiyi qərarlardır. Ekspertlər hesab edirlər ki, qarşıda Trampın sürpriz qərarlar verməsi istisna deyil.

Müəllif: Ayna.az
 

Bölmənin digər xəbərləri

31 Yanvar 2025 Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏR
30 Yanvar 2025 Əliyev nöqtə qoydu - Azərbaycandan Azərbaycana maneəsiz keçid...
30 Yanvar 2025 Suriyanın yeni prezidenti bu şəxs oldu – FOTO
30 Yanvar 2025 Gürcüstan nümayəndə heyəti AŞPA-da işini dayandırdı
30 Yanvar 2025 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
29 Yanvar 2025 Tramp Netanyahunu Ağ Evdəki görüşə dəvət etdi
29 Yanvar 2025 Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
28 Yanvar 2025 Aİ Suriyaya qarşı sanksiyaları mərhələli şəkildə ləğv ediləcək
28 Yanvar 2025 “Ukrayna danışıqları aprel-may aylarında başlayacaq” – “Ərdoğan vasitəçi kimi çıxış edə bilər”
28 Yanvar 2025 Aİ gürcü diplomatlarla bağlı qərarı təsdiqlədi
27 Yanvar 2025 “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
26 Yanvar 2025 Yunanıstanda prezident seçkiləri ikinci tura qalıb
25 Yanvar 2025 Hakan Fidan: Türkiyə ABŞ-dən sanksiyaların ləğvini gözləyir
25 Yanvar 2025 Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır
24 Yanvar 2025 Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
24 Yanvar 2025 Türkiyə Aİ-yə Ukrayna üzrə danışıqların başlanmasının zəruriliyini bəyan edəcək
24 Yanvar 2025 Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
23 Yanvar 2025 Zahid Orucdan anons: Yeni Kostitusiya qəbul ediləcək
23 Yanvar 2025 İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
22 Yanvar 2025 Prezident İlham Əliyev Davos səfəri ilə əlaqədar paylaşım etdi - VİDEO

Dünyapress TV

Xəbər lenti