"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Qobustanın Ərəbşalbaş kənd sakinləri məktəb problemi yaşayırlar.
Onlar deyiblər ki, 1000 təsərrüfatı olan kəndin təhsil ocağı köhnə və yararsız binada yerləşir.
Ötən əsrin 50-ci illərindən yadigar qalan məktəb binası nə xaricdən, nə daxildən təhsil ocağına oxşayır.
Sakinlərlə bərabər məktəbin 50 müəllimi və 500 şagirdi də eyni problemlə üz-üzədir.
"Məktəbimiz heyvan fermalarına oxşayır. 50-ci ildən qalma 2 korpus var. 80-ci illərdə isə əlavə bir korpus tikilib. 25-dən çox sinif otağının invertar avadanlıqları belə dəyişilməyib. Divarlar ovulub tökülür, döşəmə köhnədir deyə çürüyür, ayağını qoyursan, aşağı düşür. Çox bərbad vəziyyətdədir. Sanitar qovşağı yox, partalar sınıq, döşəmə çürük, tavan köhnə. 50-ci ildən qalma məktəb necə olar?”, – deyə kənd sakini Vüqar Əhmədov bildirir.
Kənd sakinlərinin sözlərinə görə, soyuq aylarda məktəbdə isinmə ciddi problem olur: "Nəmişlik, dar otaqlar və köhnə invertarlar tədrisin keyfiyyətinə mənfi təsir edir. Yeni məktəb binası arzusu artıq kəndliləri ümüdsiz edir. Aidiyyəti qurumlara edilən çoxsaylı müraciətlərə rəğmən üç korpuslu bir mərtəbəli məktəbin tikintisi isə illərdir ki, yubadılır. Məktəbdə əsaslı təmir adı ilə iş aparılsa da, həm məktəb, həm də sanitar qovşaq bərbaddır”.
Vüqar Əhmədov deyir ki, sanitar qovşaq da bərbad haldadır: "Məktəbin həyətinin mərkəzində bir ayaqyolu var. O ayaqyoluna baxanda mən xəcalət çəkirəm. Aşağı sinif şagirdləri üçün təhlükəlidir. O kişilər üçündür. Qadınlar, qızlar üçün olan o qədər bərbad idi ki, kəndin gəncləri bunu "ayıb” sayıb özləri yenilədilər. Bir neçə il öncə təmir üçün vəsait ayrıldığını dedilər, əvəzində köhnə uçuq-sökük tikintinin materiallarını söküb dam örtüyü edib getdilər. Bizi təmir adı ilə arxayın salıb, vəsaitindən özləri yararlandı. Məktəb isə "köhnə hamam, köhnə tas ” vəziyyətində qalıb. Təmir adı ilə sui istifadə olundu. Ayrılan vəsaitin aqibəti barəsində məlumat da verilmədi".

"Sakinlər olaraq düşünürük ki, bu artıq məqsədlidir”
Vüqar Əhmədov qeyd edir ki, sakinlər dəfələrlə ölkə başçısından tutmuş Elm və Təhsil Nazirliyinə qədər – hər kəsə müraciət ediblər, amma şikayətləri nəticəsiz qalıb: "Bir jurnalisti dəvət etdik, çəkdi, amma icra hakimiyyəti qoymadı yayımlamağa. Heç kimə də çəkib işıqlandırmağa icazə vermirlər. Yazılı müraciət edirik, şifahi deyirlər ki, düzələcək. Bizim müraciətin üstündə 30-40, 50-70 şagirdi olan məktəblərin yeni binası var. Kəndin hörmətli bir şəxsi hətta Elm və Təhsil Nazirliyinin qəbulunda oldu. Di, gəl ona verilən cavabda belə anlaşıldı ki, gedib oturaq evimizdə, problem düzələn deyil. Düşünürük ki, bu artıq məqsədlidir. Üç şagirdi olan kənddə yeni məktəb, 500 şagirdlik kənddə isə heyvan daxması var. Tək məktəb deyil, kəndin kitabxanası, mədəniyyət klubu, tibb məntəqəsi bərbad vəziyyətdədir”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737517553_1.png
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737517553_2.png
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737517554_3.png
 

Dünyapress TV

Xəbər lenti