Naxçıvanda işsizləri gizlincə işə düzəldib, maaşlarını mənimsəyirlər...
Naxçıvandakı məşğulluq mərkəzləri vətəndaşlardan xəbərsiz onları işə düzəldib, maaşlarını mənimsəyirlər. Bu haqda „Gündəlik Naxçıvan“a məşğulluq mərkəzlərində qeydiyyatda olan bir qrup işsiz məlumat verib. Onların bildirdiyinə görə, mərkəzlər bu saxtakarlığı bir sıra dövlət idarələri ilə əlbir edirlər.
Şikayətçilərin sözlərinə görə, mərkəzlər onlardan öncə işə düzəlmək üçün bütün sənədləri alıb, iş tapılana kimi gözləməyi məsləhət görürlər. Daha sonra onları özlərindən xəbərsiz bəzi dövlət idarələrində işə düzəldib, adalarına yazılan maaşı mənimsəyirlər.
İşsiz kimi qeydiyyata alınmış 48 yaşlı Naxçıvan şəhər sakini Nagar Əliyeva da eyni saxtakarlıqla üzləşib. O deyir ki, bir il öncə işə düzəlməsindən bu günlərdə xəbər tutub:
„Ötən ilin əvvəlində iş tapmaq məqsədi ilə Naxçıvan şəhər Məşğulluq Mərkəzinə müraciət etdim. Bütün sənədlərimi, eləcə də əmək kitabçamı alıb, dedilər ki, gözlə, iş olanda xəbər edəcəyik. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, onlardan heç bir xəbər çıxmadı. Məcbur qalıb, bir müddət öncə özüm iş axtarmağa başladım. Şəhər Sanitar və Təmizlik İdarəsi məni işə götürə biləcəyini bildirdi və sənədlərimi istədi. Əmək kitabçamı və digər sənədlərimi almaq üçün Məşğulluq Mərkəzinə getdim. Lakin, orda əmək kitabçamı vermək istəmədilər. Səs-küy saldıqdan sonra ala bildim. Evdə gətirib vərəqlədim, gözlərimə inanmadım. Kitabçamda qeyd olunub ki, guya mən 10 aprel 2023-cü ildə Təmizlik İdarəsində işə götürülmüşəm. İdarənin əmrində göstərilir ki, həmin tarixdən burada „təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi“ vəzifəsinə təyin edilmişəm. Ancaq, həmin dövrdən mən Naxçıvanda olmamışam, işləmək üçün Türkiyəyə getmişəm və mənim bu işdən heç bir xəbərim olmayıb“.
Nigar Əliyeva deyir ki, işin üstü açıldıqdan sonra, Sanitar və Təmizlik İdarəsi onu işə götürməkdən imtina edib:
“Görünür məni işə götürmək istəyəndə kimliyimi bilmirmişlər. Bilmirmişlər ki, bir il öncə „işə götürdükləri“ adam mənəm. Əmək kitabçamı gördükdən sonra anladılar ki, mən həmin adamam. Bunu bilən kimi, məni işə götürməkdən imtina etdilər. Bu işə mən də məəttəl qalmışam. Bu saxtakarlığı niyə ediblər, bilmirəm. İşə götürülmüşəmsə, mənim bir ildən artıq maaşımı kim alıb?”
Eyni problemlə üzləşən digər şəhər sakini B. Musayev isə məhkəməyə müraciət edəcəyini bildirir:
“Ötən ay xəbər tutmuşam ki, 6 ay öncə Məşğulluq Mərkəzi məndən xəbərsiz məni dövlət idarələrindən birinə işə düzəldib. Mərkəz idarə ilə əlbir olub, mənim maaşımı mənimsəyib, öz aralarında bölüblər. Saxtakarlıq görmüşdüm, bu qədərini də yox”.
Sakinlər bildirirlər ki, muxtar respublikadakı digər məşğulluq mərkəzləri də eyni saxtakarlığı edirlər.


Dünyapress TV

Xəbər lenti