VİCDANIN ÇAT VERMƏSİ: VECSİZLİK, BİGANƏLİK ·
(ardı)
Əvvəli burda: (https://teref.az/gundem/280306-amea-sefi-ile-aak-sedri-arasindaki-dozum-ferqi-.html)
Dedim, yox, Bədəsil, yanılırsan. İ.Həbibbəyli haqqında illərdir, tənqid yazıram, hətta efirdə çıxış edirəm, amma onun bu qəbil etik kandarı aşan davranışının (söyüş, təhdid mesajları yazdırmasının) şahidi olmamışam, hərçənd ki, bəzi üzdəniraq akademşəbəkə fəalları belə işləri peşəyə çeviriblər. İ.Həbibbəylinin tənqidə tolerant yanaşması da göz qabağındadır. Hətta bu keyfiyyətindən yararlanıb tənqid qələmini onun üzərində sınayanlar da az deyil. Halbuki o müntəqidlərin qulaqlarının dibində, gözlərinin önündə vecsiz, vicdansız, vəzifəsindən sui-istifadə edib varlanan, dövlət malını yeyən, mülklər yığan, elmi, təhsili bərbad günə qoyan neçə-neçə akademik, rektor, prorektor, institut direktoru və s. var. Zərrə qədər dövlətçilik şüurunuz, milli qeyrətiniz varsa, öz işlədiyiniz müəssisədəki o zorbaları tənqid etməkdən başlayın! Haqq söz deyib haqbaz obrazı yaratmaq xatirinə təhlükəsiz hədəf axtarmayın! Niyə çapıb talayan, tələbənin müəllimin haqqını əzən bosunuz haqqında bir kəlmə demirsiniz? Canınızı alar, hə?! Əlbirsiniz, deyilmi?!
Bəli, onu deyə bilərəm ki, İsa Həbibbəyli, özlərinə zərrə qədər arxayın olmayan digər vəzifə və səlahiyyət bosları kimi kampaniyaçılıq etmir, troll dəsətəsi saxlamır. Hətta ona trolluq etmək istəyənlərə də mənfi cavab verdiyindən xəbərdaram.
Mənim İsa Həbibbəyli ilə ilə heç bir şəxsi problemim olmayıb və yoxdur, əksinə, o şəxs həmişə ünvanıma tərifli sözlər deyib, müəyyən proseduralarda lehimə səs verib, öz sözü ilə desək, mənə həmişə "yaxşılıq" edib. Lap tutaq ki, mənə şəxsən yaxşılıq edib. Məgər bu yaxşılıq ona əsas verir ki, mən dövlət və milli maraqların ayaqlar altına salınmasına, gözümün qabağında büdcənin talanmasına, övladlarımızn “elm” adı altında şikəst edilməsinə və s. lal, kar və kor olum?! Mən işlədiyim qurumda qanusuzluqların baş alıb getdiyini görə-görə həmin qurumun rəhbəri və cavabdeh şəxsi, məsələn, akademik İsa Həbibbəylini tənqid etməyim?! Ona görə ki, mənə "yaxşılıq" edib?! Belə primitiv təfəkkür tərzinə sahib olmağı milli dəyərlərə hörmətlə yanaşan, şərəf və ləyaqəti uca tutan vətəndaş özünə sığışdırarmı?!
Bəlkə Azərbaycan reallığında səhv edirəm? Bəlkə mən də “yaxşılığ”a boyun əyib dəstə və qrup maraqlarına, məhz akademik şəbəkəyə xidmət etməməkdə yanlış yapıram? Əsla! Mən Azərbaycanın – qəbilə təfəkkürlü vəzifəli-vəzifəsiz şəxslərdən xali olmasa da - getdikcə möhkəmlənən DÖVLƏT olduğuna bütün varlığımla inanıram və ona da inanıram ki, gözlər və zehinlər açıldıqca, bəsirətlər nurlandıqca, ağıl və məntiq cilalandıqca belə ibtidai düşüncəli, zibillə və qanla qidalanan barbarlar sıradan çıxacaq, xüsusən, elm və təhsil müəssisələrində, dövlət qurumlarında, ümumən bütün ölkədə sivil və demokratik dövlətçilik şüuru zəfər çalacaq!
PS. Dosent Əbdülzadəyə xatırladıram ki, söyüş və təhdid mesajları ilə 2021-ci ilin may ayında və 2023-cü ilin aprel ayında qarşılaşmışam. Hər iki hal Ali Attestasiya Komissiyasının sədri Famil Mustafeyev barəsində tənqidi yazı yazdıqdan dərhal sonraya təsadüf edir. Hətta AAK sədri barəsindəki sonuncu tənqidi yazım sayta getdikdən bir neçə saat sonra dərhal yığışdırtırılıb (18.04.23). Halbuki kontrastiv yanaşma sərgilənən o yazıda həqiqətləri görməyə çağırış var idi...
Idris Abbasov
Teref.az

Dünyapress TV

Xəbər lenti