“Agdamdakı iranlı hərbçilər və donuz bəslənən məscid” –
“Ermənilər Qarabağı işğal edərkən məscidlərdə donuz saxlayır, müsəlmanların heysiyyatına toxunurdular. Ancaq nə hikmətdirsə, fələstinlilər, Suriya ələviləri və Yəmənin zeydi şiələri üçün timsah göz yaşı axıdan İran müsəlman azərbaycanlıların çəkdiyi çiləyə, zülmə səssiz qalırdı. İndi isə iranlı hərbçi mütəxəssislər Agdam məscidini ziyarət edirlər”.

Ovqat.com xəbər verir ki, bu fikirləri tanınmış politoloq Kamal Əliyev dünən facebook səhifəsində paylaşdığı statusunda bildirib.

İran hərbi mütəxəssislərinin Ağdam səfərini şərh edən politoloqun bu maraqlı təsbitlərini olduğu kimi diqqətinizə çatdırırıq:

“İran İslam Respublikasının bir qrup hərbi mütəxəssisi Azərbaycanda qonaqdır. Azərbaycanlılar qonaqpərvərdilər və müsafirin bizim nəzdimizdə müstəsna yeri var. O cümlədən iranlı qonaqlarımızı da ədəb və ərkanla qarşılayırıq, sonra da yola salırıq. Bilirəm ki, iranlılar da müsafirpərvərdilər, istiqanlıdırlar. Hər halda, İrana gedib gələnlərdən bunu eşitmişəm.

İrandan təşrif buyurmuş hərbçi qonaqlarımız Agdam şəhərini və oradakı məscidi də ziyarət ediblər. Ancaq tarixin ironiyasına baxın ki, Agdam 1993-ilin 23 iyulunda Köçəryan və Qukasyan kimi banditlərin işgalından sonra şəhər yagmalandı, dagıdıldı və bütün bahalı əşyalar, tikinti materialları məhz İrana satılmışdı. Biz daha sonralar Ermənistanın keçmiş prezidenti, Qarabag banditi Robert Köçəryanın "Həyat və azadlıq" kitabından oxuduq ki, ermənilər Kəlbəcərdən çıxmamaq üçün Agdamı işgal etdilər. Köçəryan xatirələrində yazırdı ki,o vaxt Ermənistanın prezidenti Levon-Ter Petrosyan və Rusiyanın dövlət başçısı Boris Yeltsin Kəlbəcərin boşaldılmasını tələb edirdilər. Təbii ki, beynəlxalq ictimaiyyət də erməni separatçılarının Kəlbəcəri Azərbaycana təhvil verilməsini tələb edirdi. Digər tərəfdən, Rusiyanın agenti Surət Hüseynovun dövlət çevrilişi həm Kəlbəcərin boşaldılmasını, həm də sonralar Azərbaycan xalqının başına gələn zülmlərin, iztirabların əsasını qoydu.

O zaman Köçəryan və onun çətəsi Agdamla kifayətlənmədi, daha sonra Qubadlı, Zəngilan, Cəbrayılı da işgal etdi. Ermənilər işgal etdiyi bütün ərazilərdə azərbaycanlılara aid altyapını dagıtdılar, bu rayonların maddi və mənəvi irsini tarumar etdilər, əllərinə keçən nə vardısa, İrana su qiymətinə satdılar.

Məscidlərdə donuz saxladılar, müsəlmanların heysiyyatına toxundular. Ancaq nə hikmətdirsə, fələstinlilər, Suriya ələviləri və Yəmənin zeydi şiələri üçün timsah göz yaşı axıdan İran müsəlman azərbaycanlıların çəkdiyi çiləyə, zülmə səssiz qaldı. İndi iranlı hərbçi mütəxəssislər Agdam məscidini ziyarət edirlər. Mən ziyarətə qarşı deyiləm. Xoş gəlib,səfa gətiriblər. Amma o iranlı hərbçilər bilsinlər ki, ziyarət etdikləri məsciddə ermənilər həm də onları təhqir edirdilər.

Bütün bunlara rəgmən, erməni dövlətçiliyi İranın "qırmızı xətti" qalmaqda davam edir. İranın erməni təəssübkeşliyini bilavasitə bu ölkənin azərbaycanca danışan ali rəhbəri Ayətüllahül-uzma, müctehid Seyyid Əli Əkbər Xamanei edir. Bax mənim qavramaqda çətinlik çəkdiyim məqam da elə burasıdır.

Təkrar edirəm ki, biz qonaqpərvər insanlarıq, lakin əfsuslar olsun ki, unutqanıq, agı qaradan seçməkdə həssas deyilik. Hətta tarixən o qədər unutqanıq ki, bunun bədəlini çox agır ödəyirik. Yazdıqlarım kimisə məzəmmət etmək deyil, həqiqətləri deməkdir”.
 

Dünyapress TV

Xəbər lenti